Türkiyədə fəaliyyət göstərən Avrasiya Sənət, Kültür, Bilim və Ədəbiyyat Federasyonunun başqanı Savaş Ünalın dəvətilə arprelin 16-dan 24-dək Orta Asiyada keçirilən sənət bayramında iştirak etdim. İlk tədbir Daşkənddə keçirilirdi. Gəldiyimiz günün proqramına Barak xan mədrsəsilə tanışlıq daxil edilmişdi. Həzrəti-imam kompleksini, Muyyi-mübarək məsçidi, Kukeldaş mədrəsəsini ziyarət etdik, Əmir Teymur muzeyində olduq. Tikilməkdə olan nəhəng məsçid görmək də maraqlı idi Daşkəndin görməli yerlərini gəzdik.
Ertəsi gün Fərqanə səfərimiz başladı. 5 saatdan sonra Fərqanəyə çatdıq. Burada da proqram zəngin idi. Mərkəzi parkda Əl-Fəraqani abidəsinə gül dəstələri qoyduq. Kukla teatrı muzeyi, Rus Dram Teatrı ilə tanışlıq maraqlı idi. Fərqanədə də gözəl məsçidlər şəhəri bəzəyir. Babur Ədəbiyyat muzeyinə gələnlərin sayı-hesabı yox idi. Hiss olunurdu ki, fərqanəlilərin ədəbiyyata böyük marağı var.
Sənət festivalında əsil bayram əhvalruhiyyəsi vardı. Milli geyimli qızlar, musiqiçilər qonaqların qarşılanma mərasiminə xüsusi bir ovqat qatdılar. Türk dünyasından təşrif gətirmiş şairlər, söz adamları çıxış edir, şeir söyləyirdilər. Azərbaycan nümayəndəsi kimi Turan ellərini salamlamaq şərəfi mənə nəsib oldu.
Aprelin 19-da gözəl Daşkəndlə vidalaşdıq. Yolumuz daha bir qardaş ölkəyə-Qırğızıstana idi. Cəlalabad da bizi gülərüzlə qarşıladı. Şəhər gəzintisindən sonra Çiçkan vadisinə yola düşdük. Təbiətin sənət əsəri gözəlliyilə hamını heyran etdi, şeirlər deyildi, mahnılar oxundu.
Orta Asiyada İspanyanın ilk və tək Barcelona futbol məktəbinin şagird və müəllim heyətilə görüşümüz səfərimizin ən parlaq səhifələrindən oldu. Diyarşünaslıq müzeyi də çox maraqlı idi. Muzeyin ekskursiya,turizm, mədəni-kütləvi tədbirlər keçirmək kimi geniş fəaliyyət dairəsi var. Qələm yoldaşlarım kitablarını muzeyə bağışladılar. Mən də “Beş ulduz “kitabımı hədiyyə edib, muzeyin rəy dəftərinə ürək sözlərimi yazdım.
Qarşıda Bişkek vardı. Tanrı dağları təbiətin möcüzəsidir. Türk dövlətlərini qucaqlayıb Çinə qədər uzanır. Qırğız xalqının milli qəhrəmanı Manasın heykəlinin də dağ əzəməti var.
Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyində unudulmaz anlar yaşadıq. Sonra Manas Universitetində görüşümüz oldu. Rektorun iştirakı ilə süfrə arxasında tədbirə yekun vurduq.
Qazaxıstanın Almatı şəhərinə çatanda gün günorta olmuşdu. İkinci Dünya müharibəsindəki qələbənin 80 illiyi münasibətilə şəhərin Panfilovçular parkında tədbir keçirdik.
Almatı çox gözəl şəhərdir. Yaşıl bağlar, gözəl binalar göz oxşayır. Atatürk heykəlini ziyarət edib Türkiyənin Almatıdakı Baş Konsulluğunda görüşə getdik. Çox mehriban bir şəraitdə Türk dövlətlərinin birliyi mövzusunda danışdıq, söz adamlarının bu işdə böyük faydası ola biləcəyi vurğulandı. Mən Turan Qadın Yazarlar Cəmiyyətinin yaradılması təklifilə çıxış etdim. Təklifim alqışlarla qarşılandı. Baş konsul Evren Müdüfrrüsoğlu birlik naminə hər işdə yarddımçı olacaqlarını söylədi. Konsulluğun təhsil üzrə attaşesi, şair Ayhan Korkmaz öz vizit kartını verib, Azərbaycan yazıçıları ilə əlaqələrin yaradılmasının vacib olduğunu dedi.
Atatük parkında 23 aprel uşaqlar gününü qeyd etdik. İki bayram üst-üstə düşdü. 23 aprel həm də Ümumidünya kitab və Müəlliflik Hüququ günüdür. Möhtəşəm ədəbiyyat bayramı kitabları uşaqlara sevdirək notları ilə başa çatdı.
Güləmail Murad