(I hissə)
Novruz bayramı - baharın, təbiətin oyanışının, yenilənmənin və il axınının başlanğıcı kimi min illərdən bəri təntənə ilə qeyd olunan mədəni-ritual sistemdir. Bu bayram Cənubi Qafqazdan Orta Asiyaya, Anadoluya qədər geniş bir coğrafiyada müxtəlif toplumlar tərəfindən fərqli formalarda icra edilir. Novruz mərasimləri bütövlükdə ilin ritmlərini, kainatın kosmik və yerli dövranlarını əks etdirən çoxşaxəli ritual sistem təşkil edir. Bu ritual sistem daxilində Çərşənbə mərasimləri xüsusi yer tutur: Novruza doğru gedən yolda dörd çərşənbədən ikincisi kimi qeyd edilən Od Çərşənbəsi ən çox diqqət çəkən mərasimlərdən biridir.
Novruz qədim bəşəri mədəniyyətindən qaynaqlanan, kosmik və təbii dövrün dəyişməsini rəmzi şəkildə qeyd edən bir bayramdır. Bu bayramın əsas mənası təbiətin yenidən doğulması və həyatın təzələnməsidir. Novruzun dörd çərşənbəsi ilin ilin dövrünü — qaranlıqdan işığa, qışdan payıza, torpaqdan odlu enerjiyə keçidi simvolik olaraq ifadə edir. Çərşənbələr Novruzdan əvvəlki son dörd çərşənbə axşamı icra olunur və hər biri özünəməxsus rituallarla müşahidə edilir: Su Çərşənbəsi, Od Çərşənbəsi, Yel və Su-Torpaq.
Novruzun bu mərasimləri əsasında insanın kainatla harmoniyaya gəlməsi, mikro və makrokozmos arasında əlaqənin gücləndirilməsi ideyası dayanır. Bayram yalnız insani münasibətlər deyil, eyni zamanda təbiətin kosmik qanunları ilə birləşərək həyatın davamlılığını vurğulayır.
***
Novruzda ikinci çərşənbə OD ÇƏRŞƏNBƏSİ hesab olunur. Od çərşənbəsinə xalq arasında «Üskü çərşənbə», «Üskü gecəsi», «İkinci çərşənbə», əzizləmə mənasında «Addı çərşənbə» də deyilir (A.Nəbiyev). Novruzda əsas olan Su, Od, Torpaq, Hava haqqında təsəvvürlər türk mifoloji düşüncəsinin əsasını təşkil edir. Od günəşi təmsil edir, su «həyat atributu kimi funksiya daşıyaraq dövretmə qabiliyyətinə malikdir, torpaq yaradıcı xüsusiyyətə malik olub ilk insanın yaradıcısıdır, hava bütün maddi həyatın stimuludur. İlk insanın yaşamasının müqəddəm şərtidir. Sonrakı mifik düşüncədə tanrı anlayışı özünə yer almışdır» (1.s.211).
İlk insanın Od haqqında təsəvvürü onun ritual adətlərində, ənənələrində silinməz iz buraxıb. Onun həm məişətinə, inam və etiqadına, həm də mədəniyyətinə daxil olub. Bu gün Novruz çərşənbələrindən biri olan Od çərşənbəsi bunun bariz nümunəsidir. Novruz mərasimində dünyanın yaranmasında ikinci böyük amil hesab olunan od əski inamlarda günəşlə, ayla, işıqla əlaqələndirilir. İnsan yarandığı, dünyaya gəldiyi gündən soyuğun, eləcə də istinin həyat üçün əsas olduğunu görüb. Gah mağaralarda, gah çöllərdə yaşayan insan bir yerdə o zaman məkan salıb ki, odu əldə edib. O zamana kimi köçəri quşlar kimi soyuq, şaxtalı zamanlarda mülayim havalı yerlərə getməyə məcbur olub. Od əldə etdikdən sonra mağaralarda qərar tutublar.
Od Çərşənbəsi Novruzun mərasim dövründə ikinci çərşənbədir və bu mərasim zamanı insanlar odu qoruyub saxlamanın, onunla ünsiyyətin müxtəlif formalı rituallarını icra edirlər. Od bu mərasimdə təkcə fiziki anlamda deyil, həm də metafizik – yenilənmə, paklanma, qoruyuculuq və xeyirxahlıq simvolu kimi çıxış edir. Tarixən ulularımız, antik dövrlərdən burada yaşayan Qafqaz türklərinin ulu babaları olan albanlar günəşə, oda pərəstiş etmiş, işığa tapınmışdır. Gürcüstan ərazisində atəşpərstlik qalıqları orada yaşayan türk-azəri xalqına məxsusdur. Bu barədə Barataşvili danışarkən Hörmüzdün Araqvi çayı sahilində ucaldılmış məbədinin əhalinin nəzər diqqətini cəlb etdiyini, xalqın səhərlər günəşin şüaları altında ona itaət etdiyini, qurbanvermə, xüsusi mərasim və ayinlərin Hörmüzdün mehrab və məbədlərində keçirildiyini, «cavan bir oğlanın oda qurban verilməsi allaha ən böyük mükafat» hesab edildiyini bildirir (2; 3.s.135).
Azərbaycanda atəşpərəstlik, oda sitayiş, Günəşin tanrı hesab edilməsi tədqiqatçıların tədqiqində özünə yer tapıb. E.B.Taylor Günəşin təbiət allahları arasında gücünə, şöhrətinə görə deyil, həm də torpağın, canlıların inkişafında, yaşamında oynadığı rola görə yer tutduğunu qeyd edir. Massagetlərin qışın dəhşətlərindən xilas üçün Günəş tanrısına öz atlarını Qurban kəsdiyi məlumdur.
Xalq içində Günəşə and içmə vardı. Tomiris Tanrı Günəşə and içirdi, massagetlər günəşi yeganə tanrı sayırdı, günəşə atdan qurban kəsirdi, «Avesta»da Hörmüzün köməkçisi – od, işıq ruhu, ən yaxşı qayda-qanun yaradıcısı, həqiqət rəmzi olan Arta vəsf olunur. Ulularımızın söz məbədgahı olan Zərdüştizmdə insan – kamil insan özündə təmiz bədən, təmiz söz, təmiz əməl kimi üç insani keyfiyyəti birləşdirir. Platon insanda ilahi keyfiyyət kimi təmiz sözü, haqq sözü götürür. «Bu üç amil - insani kamilliyin üç mühüm şərti bəşəriyyətin dini, idraki və bədii fikrinin bel sütunu, canı» (4.s.300) kimi dəyərləndirilir.
Od Çərşənbəsi mərasimləri qədim zamanlardan bu yana müxtəlif toplumlarda - Azərbaycan, İran ərazisində qalan Cənubi Azərbaycan, Orta Asiya və Qafqaz xalqlarında - fərqli formalarda yaşayır. Mərasimlərin əsas nüvəsi odla bağlı xüsusi davranışlar, lətifələr, atalar sözləri, yandırma və coşdurma praktikasını özündə ehtiva edir. Od, günəş, qor, alovla bağlı düzülüb-qoşulan atalar sözü və məsəllər, alqış və dualar, qarğışlar yada düşür. Atalar sözlərində («Kişinin bir əli od, bir əli su olar», «ocağı olanın sığınmağa bucağı da olar», «su axışı ilə, od yandırıb-yaxışı ilə tanınar», «Novruzda qalamağa odunu yoxdu, zodu çoxdu», «qışda od gövhərdi, Novruzda cövhərdi», «kişi Novruzda ağa ocağına dua verər, dığa ocağına yox», «Günəşin yazda torpaq üçün sehirli sirri də var, dürrü də», «Odun atası Oğur, anası Uğurdur», «oda inanar, torpağa qısılarlar», «od-ocağın Novruzda istisini sevən, tüstüsünü də sevər»), alqış və dualarda («Allah Yeni ildə ağ günü üstündən (el-obadan) əskik eləməsin, «Allah Yeni ildə işığını bol eləsin», «Allah Yeni ildə od-ocağını gur eləsin», «Allah Yeni ildə şam-çırağını söndürməsin», «Allah Yeni ildə gözünə işıq, dizinə taqət versin», «Allah yeni ildə süfrəni şam-çıraqsız qoymasın», «Allahdan arzum budur, Yeni ildə evində yeddi yerdə yeddi şam yandırasan», «Allahdan arzum budur, Yeni ildə ev-eşiyindən günəşin nuru əskik olmasın», «Allahdan arzum budur, Yeni ildə od-ocağından aş qazanı əskik olmasın»), andlarımızda («And olsun od-ocağa»,«And olsun işığa», «And olsun çırağın şöləsinə», «And olsun günəşə», «And olsun günəşin şöləsinə»,«And olsun Allahın nuruna», «And olsun yetmiş iki şühədaya», «And olsun ocağa», «And olsun günü günortadan qaytarana», «And olsun övliyalar pirinə», «Od haqqı», «Ocağın bin-bərəkəti haqqı», «Ocağının piri haqqı», «İşıq haqqı», «Yeni ildə yandırdığın şam-çırağa and olsun» və s. (5.s.10) yaşayır. Od, günəş, isti, ocaq müqəddəs, ilahi gücə malik qüvvələr kimi qəbul edildiyi şübhəsizdir.
***
Od rituallarının strukturu və mərasimləri. Od Çərşənbəsinin icrasında rast gəlinən ən geniş yayılmış rituallar dan biri od üstündən atlanmadır. Novruz bayramında od üstündən atlanma, ağırlığın-uğurluğun odda yanması, pis, mənfi emosiyalardan od vasitəsilə qurtulma, xəstəliyin təmizlənməsi, bir sözlə, şər qüvvələrdən od vasitəsilə qurtuluşa inam əski inamlarımızdandır. Məsələn, «şaman»lar – türkyut cadugərlərinin odla bağlı mərasimləri haqqında məlumatlar var. Lev Qumilyov yazır: «...Menandr Zemarxın başçılığı ilə türkyut xanının yanına yollanan səfirlik (568-ci il) haqqındakı hekayətində təmizləyici preventiv cadugərliyin bizim diqqətimizi çəkən nümunəsini gətirir: «Bu tayfadan olan bəzi adamlar deyirdilər ki, guya onlar bədbəxtliyi qova bilərlər. Zemarxın yanına gəldilər, romalıların özləri ilə gətirdikləri şeyləri götürdülər, onların hamısını bir yerə topladılar, sonra sidr budaqlarından tonqal qaladılar və iskit dilində nə isə barbar sözlər pıçıldamağa başladılar. Eyni zamanda zəng səslənməyə və həmin şeylərin üzərində qaval zərbələri eşidilməyə başladı. Onlar sidr budağını fırladır, budaq isə odun hərarətindən çatıldayırdı. Artıq cəzb vəziyyətində olan bu adamlar isə hədə-qorxu gələrək yanan ruhları qovurdular. Deyirdilər ki, onların yad ruhları qovub adamları şərdən xilas etmək qabiliyyəti var. Guya bütün fəlakətləri qovandan sonra onlar Zemarxın özünü də tonqal üstündən keçirdilər və bu vasitə ilə özlərini də təmizlədilər. Yalnız od vasitəsi ilə təmizləndikdən sonra Zemarx xanın yanına buraxıldı» (3.s.103).
Dediyimiz kimi, Novruzda od çərşənbəsi var. Bu çərşənbədə keçirilən ayinlər insanın mənəviyyətı ilə bağlı keçirilən mərasim kimi düşünülməlidir.
Bu ritualda iştirakçılar böyük oda atlayaraq keçirlər. Bu praktikada odun simvolik paklanma funksiyası vardır - insanlar odu nəzərdə tutulan sıçrayış sayəsində pislikləri, xəstəlikləri və neqativ enerjiləri atıb, özlərini yeniləyirlər.
Ənənədə tonqal qalamaq vardır, odun böyük odun kütləsi şəklində yandırılması geniş yayılıb. Bu od Novruz tonqalı hesab edilir və uşaqlar, gənclər və ailə üzvləri tərəfindən qorunur. Mərasim boyunca insanlar onu xeyir-dua ilə qarşılayır, odun üzərinə çörək, duz və digər xeyirli əşyalar qoyurlar.
Od Çərşənbəsinin ritualları dərin simvolik məna daşıyır. Bu simvolizm müxtəlif aspektlərdə özünü göstərir:
Od ilahiyyat və kosmik enerji ilə əlaqələndirilir. Ona atlanmaq, onu yaxınlaşdırmaq insanların pisliklərdən təmizlənməsi və yenidən doğulması rəmzi kimi qiymətləndirilir. Tədqiqatçılar «Zərdüşt odu»nu «qalanmış ocağın, yanan odun-ocağın alovu deyil, insanın daxilində yanan işıq», «məhəbbət odu», insanı «ailəyə bağlayan od», onun «amala, məsləkə və ümumən xeyir işlərə olan ehtirası, odu, alovu» kimi də izah edirlər.
Oda bir yerdə yığışmaq, birlikdə rituallar icra etmək qədim zamanlardan bu yana ailə və icma bağlarını gücləndirən sosial praktikadır. Ritualların icrası zamanı oxunan dualar, söylənilən atalar sözləri və mahni-qoşmalar insanların birliyini möhkəmləndirir.
***
Od həm də Günəşin enerjisi ilə əlaqələndirilir. Buna görə Od Çərşənbəsi ilin təkrar doğulması, işığın qaranlığa üstün gəlməsi rəmzi kimi başa düşülür. Tanrı anlayışının üzə çıxmasında Günəşin rolu böyükdür. Günəşin təkliyi, türkün mifoloji düşüncəsində Allahın təkliyi, dünyanı, canlıları, cansızları, bitkiləri, heyvanları insanları da Onun (Tanrı) idarə etməsi, yer üzünün yaradıcısı olması inamı var. Od (Günəş), Su, Torpaq, Hava olmasa həyat ola bilməz. Suda dirilik keyfiyyəti var, «Torpaq mifoloji düşüncədə ilk insanın anası sayılır. Yer ana, göy isə ata rolunu oynayır. Hava isə insana can verilməsində iştirak edir» (R. Əliyev).
Tədqiqatçılar Novruzun dörd atributundan biri olan odu, tonqalı, Günəşi araşdırır, gəldikləri nəticəyə görə tonqal – günəş – od bir mərkəzdən çıxış edir. İnsanlar, xüsusilə, türk xalqları qədimdən günəşə sitayiş etmişlər.
Novruzun kökləri qədim mifoloji sistemlərə söykənir. Zərdüştlük dinində Od elementinə xüsusi yer verilirdi. Fəsadların olmaması üçün Odun qorunması və ona hörmət edilməsi vacib hesab olunurdu. Od məbədlərdə qorunur, dini mərasimlərdə Odun varlığı daim hiss edilirdi. Atəşpərəstlik məgər türk mifoloji inanışından qaynaqlanmayıbmı? 10-12 min illik yaşı olan Zərdüştlük, Azərbaycan, Hindistan və digər yerlərdə mövcud olan od məbədləri, günəşi xilaskar sanan türklərin inanclarında tonqal qalama, günəşi çağırma, ilkin günəş şüalarını kim qarşılasa o ilin xoşbəxt firavan keçəcəyinə inam, Zərdüştün novruz axşamı suya gedib paklanması od-su-torpaq-külək haqqında ilkin türk mifoloji inanclarını özündə ehtiva edir. M.Qasımlı qeyd edir ki, «İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançı ruhları soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis-şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı» (6. s.50-51). Bəzi tədqiqatçılar isə əslində insanlar tonqalın ətrafına toplaşır, rəqs edir, üzərindən tullanır, müxtəlif ritualları yerinə yetirirsə, bunu «arxaik ritual» bilir və bu fikirdədirlər ki, burada «əcdad dünyasına yola salma və tonqalda Tenqriyə qurban vermə arxaik ritual hərəkətləri gerçəkləşməkdədir. Hər nə qədər tonqal üzərindən tullanarkən söylənən «ağırlığım, uğurluğum burda qalsın» ritual deyimi «türklərdə odun arındırıcı» funksiyası ilə izah olunursa olunsun, bizcə bu çox bəsit və ritualın sakral mahiyyəti ilə uzlaşmayan pofan səviyyəli bir yanaşmadan uzağa getmir. Özünü oda atan, alovun içərisindən keçən «ritual personajı» özünü Tanq Tenqriyə qurban etmiş olur. Bu qurban vermə ritual və simvolik xarakter daşıyır. Özünü odda qurban verən fərd Tanq Tenqrini simvolizə edən Tonqalda onunla birləşir, bütövləşir, «o dünyada», xaos məkanında olur, əcdad ruhları ilə, «tın»la təmas yaradır, orada sakrallaşır və yenidən oddan çıxaraq «bu dünyaya», kosmos məkanına qayıdır. Bizcə, perifastik formada işlənməsinə baxmayaraq, tərkibində iki semantemi birləşdirən ritual deyiminin – «ağırlığın (fiziki) və uğurluğun (mənəvi)» odda, tonqalda qalması isə fərdin fiziki və mənəvi baxımdan özünü Tanrıya qurban verməsinin ifadəsidir» (7. s.49).
Türklərin təkcə özlərini deyil, mal-qarasını da iki tonqal arasından keçirməsi, «Tanrıya qurban verməsi», «sakrallaşdırması», bu ənənənin indi də bəzi yerdərdə qaldığı məlumdur.
Qədim türk düşüncəsində Od kainatın enerjilərindən biri hesab olunurdu. O, həm təmizləyici, həm də yaradıcı qüvvə olaraq qəbul edilirdi. Bu xalqların düşüncəsində Od həm mənəvi təmizliyi təmin edən bir vasitə, həm də həyata dair müsbət dəyişikliklərin rəmzi idi. Od Çərşənbəsi ritualının strukturunda bu köklər açıq-aydın görünür.
İnsanlar Od çərşənbəsi zamanı həyət-bacada, əkin-biçin yerlərində ocaq qalamaq, tövlələrdə, evlərdə şam-çıraq yandırmaqla «bir növ Yer ilahəsinin pak, təmiz qarşılamaq», «tonqalın isti nəfəsində bir sehr» (5) görürlər.
Alov babam, Uğan nənəm,
Oğan babam - Od babam,
Yaxşılara aman, yamanlara dad babam.
Oğanı olanın odu olar,
Uğanı olanın dadı olar,
Alov babam, hay babam,
Yamanlara vay babam.
Külü qorlayan köz olsun,
Əhdi-peyman düz olsun.
Alov, alov, can alov,
El-obamda yan alov.
Alov babam, hay babam.
Uğan nənəm, hoy nənəm.
Oğan babam, hay babam,
Yamanlara vay babam.
Bu «avazlanmalarda Günəş, İşıq, Od-alov kultu, öyümü Oğan-Uğan tanrı anlamında» təsvir olunduğu bildirilir (5).
Odla bağlı inamlarda maraqlı məqamlar var. Bu inamlara görə, ocağa tüpürmək, üstünə su tökmək, ya da ayaqlayıb söndürmək günahdır. Ocaq sahibinin acığına gəlib adama zərər yetirər. Ocaqlara gedəndə salam verərlər.
Türk adətlərində ölünün yuyulduğu yerdə şam yandırmaq adəti var.«Ölünün məzarı başında atəş yakmak, Türkmenlerde eskiden kalma bir adettir...
Ateşe hürmet çoktur, ateşe işeyen çocuklar döyülür, ocağa ayakkabısıyla basanlar azarlanır. Ateş için şöyle bir dua etmek Türkmen adetlerindendir» (8. s.61).
Türk inanclarında «Ocakda atəş yanarkən (Hişşş) diye bir səs çıxarmazmı? Bir ocakda böylə bir səs çıxarsa o ev halkının iyiliklərinin başqaları tərəfindən anıldığı inancı vardır» (9. s.230).
Təbiətin qanunlarını dərk etməyən, onlardan yetərincə baş çıxara bilməyən, dəhşətləri, sirləri qarşısında aciz qalan insanın ibtidai dövrlərdən fövqəltəbii qüvvəsinə inandığı varlıqlardan Günəşlə yanaşı miflərdə Ay da diqqəti çəkir.
Ayla bağlı inamlar M.Kaşğarlının əsərində atalar sözündə yaşayır: «Bədirlənmiş ayı əllə göstərməzlər». Ay Günəş kimi işıq, nur daşıyıcısıdır ki, bu da Novruz nəğmələrində yaşayır. Gün, işıq saflıq keyfiyyətlidir. «Gün düşən yer murdar olmaz», «Günün işığı dəyən yer təmiz olar. Mundar olanlar da təmizlənər», «Ay təzə çıxanda salavat çevirərlər», «Ocağa su töküb söndürəndə gərəh pismillax deyəsən, yoxsa cinnər səni vırar», «Təzə evə köçəndə lap birinci çırax, bir də güzgü aparallar».
Ayı görəndə salavat çevirmək onunla izah edilir ki, o, ta qədimlərdən müqəddəs, mübarək sayılmışdır. Arxaik türk dünyagörüşlərində Ay orta əsrlərə qədər (Oğuz ənənəsi) əcdad sayılmış, nur və təmizlik təcəssümü kimi yaşayır. Novruz bayramının hər bir bölgədə müəyyən özəllikləri olsa da bütövlükdə ayinlər, mərasimlər bir ideyaya xidmət edir. Yeni ili sevinc, şadlıq, bolluq içində keçirmək arzusuyla əlaqədər olaraq hər cür sınamalara, inamlara əməl edilir.
Qədimlərdən Ay və Günün tutulması zamanı mərasimlər keçirilirdi. Onların tutulması fəlakətə, müharibəyə, aclığa, səfalətə işarə sayılır. Camaat evlərdə, həyətlərdə mis ləyənləri döyəcləyər, səs-küy salar, Ay nənəni tutan Divi qovan mərasimlər keçirərdilər.
Günəşə və aya albanların sitayiş etdiyi, qurbanlarla müşayiət olunan dini mərasimlərin məbədlərdə icra edildiyi, Ay ilahəsinə aid olan belə məbədlərdən biri ölkənin şimal-qərb tərəfində olduğu bildirilir (10. s.57).
Zərdüştizmdə baş allah Hörmüzd günəşin antropomorfizmidir: «Buna görə də günəş bəzən onun oğlu, bəzən hər şeyi görən gözü, bəzən isə doğrudan-doğruya özü hesab edilirdi. Müqəddəs Atar-Adər-Azər-Atəş-od isə günəşin yer üzündə bir növ atributu, timsalı hesab edilirdi ki, buna görə də bu din eyni zamanda həm də atəşpərəstlik adlanırdı» (11. s.19).
Qədim türkülərdə Ay Tanrı, Gün Tanrı kim vəsf olunur. Türk İlahi şeirlərində «Tan Tanrını öymək var:
Körüqmə Kün Tenqri,
Siz bizni küzədinq!
Körünüqmə Ay Tenqri,
Siz bizni kurtqarınq!
Tərcüməsi:
(Hər şeyi) görən Gün Tanrı,
Siz bizi qoruyun!
(Hamıya) görünən Ay Tanrı,
Siz bizi qoruyun!
Mifik qəhrəman və ilahilər sistemində od. Əsas mifik mətnlərdə, epik dastanlarda od tez-tez ilahi və qəhrəmani funksiyalarla müşahidə olunur. Məsələn, Zərdüşt mətni - Avesta - Odun bir çox aspektlərindən bəhs edir. Bu mətnlərdə Od həm ilahi sınaqlar, həm də təmizlənmə prosesləri ilə əlaqələndirilir. Bu baxımdan Od Çərşənbəsinin ritüel motivləri dərin mifoloji köklərə malikdir.
Ədəbiyyat
(ARDI VAR)
OD ÇƏRŞƏNBƏSİ, “AVESTA”DA OD ÇƏRŞƏNBƏSİNİN İZLƏRİ
(II hissə)
“Avesta”da od (Avestik: Atar) çox önəmli yer tutur. Avesta Zərdüşt mədəniyyətinin müqəddəs mətnidir və odun kosmik, mənəvi və rituallarla əlaqələrini təsvir edir. Zərdüştlükdə Od - ilahi təmizləyici və qoruyucu qüvvə kimi qəbul edilmişdir. «Avesta»da od Ahura Məzdanın oğlu hesab edilir. Türk inanışlarında «od ana», «ana od», «od sahibəsi» müraciətləri matriarxatlıq dövrünün izləridir. H.İsmayılov Göyçənin Ağbulaq kəndinin içində «nə xristianlıq, nə də müsəlmanlıq» izləri olmayan qədim qəbirsitanlıqda «hər bir qəbrin üzərinə iri daşlar qoyulmuşdu. Bunlardan birinin üstündə alov təsvir edilmişdi», - deyir (1.s.336).
Qədim azərbaycanlılar od ətrafında dövrə vurur, yallı gedirlər. Yallı rəqsi odla, alovla ilişgəli olduğu haqda tədqiqatçıların müxtəlif fikirləri vardır. «Al»la «yal» sözünün bir mənada «uca», «alov» anlamında olduğu bildirilir. «Al» deyilərkən, uca, od, Günəş göz qarşısına gətirilirmiş. Azərbaycan dilindəki av+o (al+ov) yalov fonetik variantı da var), al+düz (alqış) yav-ata=(yal+ama) sözlərindəki al//yal tərkibləri Al+bastı, Al+arvadı (bu sözün Al variantı da var) sözlərindəki av//al, yav//yalla eyni sözdür. Bir sıra türk dillərində yal-yala-ın od, alov anlamı vardır» (2.s.186). «Yallı» rəqsinin odun, alovun şərəfinə yaranmış «törən rəqsi» olduğu fikrini söyləyən M.Seyidov «sonralar Günəş, od inamı ilə bağlı törən – mərasim rəqsi adi oyuna, rəqsə çevrilmişdir» – deyir və bunun iki səbəbini – «insanda dünyəvi hisslər və bu hisslərlə bağlı sənətə meylin güclü»lüyü, və «mərasim rəqsi Günəşə, oda tapınma ilə bağlı»lığını götürür. Yallı rəqsinin Günəşlə, odla, alovla-yalovla ilişgili «törən rəqsi» olduğunu qeyd edən tədqiqatçı M.Seyidov «elə buna görə də rəqs yal+lı-odlu-alovlu adlanmışdır. Yallı zaman keçdikcə dünyəvi rəqsə çevrilmişdir», – deyir (2. s.232).
Ramazan Qafarlının od «insanın birliyi, mənəvi bütövlüyü, böyüklüyü, qolunun qüvvəsidir» fikrində həqiqət var. «Kitabi-Dədə Qorqud» dastanlarında odla bağlı məsələlər araşdırılır. «Qanturalı Selcan xatunu gətirmək üçün digər (daha doğrusu qardaş -G.P) ölkəyə – Trabzona yola düşməyə hazırlaşır. Qanlı qoca oğlunu öz niyyətindən çəkindirmək istəyir, onu «əjdahalar, ilanlar sökə bilməyən qalın meşələrlə, sıx ormanlarla qorxudur. Qanturalı isə odun köməyi ilə keçilməz yerləri» adlayacağını bildirir.
Dədə Qorqud oğuzlarının adətincə, tonqal həmrəyliyə, birliyə çağırış rəmzi idi. Hündür yerdə bir tonqal qalananda xəbərdarlıq və səfərbərlik, ikisi – fəlakət və döyüşə çağırış, üçü – zəfər və təntənə demək idi. Doğrudur, dastanın heç bir yerində yazıçı Anarın təsvir etdiyi şəkildə dağlarda tonqallar qalanmır. Lakin başqa mənbələrdə oğuzların məişətində ocağın mühüm əhəmiyyət kəsb etməsi geniş şərh olunur» (3.s.50).
Avestik konsepsiyada atar yalnız fiziki od deyil, həm də mənəvi işıq, təmizliyə və həyat enerjisinə işarədir. Atar ilahi varlığın bir təzahürü olaraq qəbul edilir və məbəd mərasimlərində xüsusi yer tutur. Rituallarda Atarın çağırılması, dualar vasitəsilə onun varlığının hiss edilməsi adət halını almışdı. Ahuraməzdanın oğlu («Avesta») Od insanlığın təməlində Xeyirxahlıq, istilik, səmimilik, insanpərvərlik rəmzidir. Türk inanışlarında «od ana», «ana od», «od sahibəsi» müraciətləri matriarxatlıq dövründən üzü bəri yaşayır. Hər il Novruzun möhtəşəm çərşənbələrindən biri olan Od çərşənbəsində yaradılış, həyat, idrak fəlsəfəsi ilə zəngin mərasimlər icra edilir, bayram şənliklərinin tərkib hissəsinə çevrilmiş həyat üçün əsas olan dörd atributdan biri Od da qoruyucu, yaradıcı keyfiyyətləri ilə hörmətlə, izzətlə xatırlanır.
Zərdüşt təlimini Novruz bayramı mərasimlərindən ayırmaq, bir-birindən qoparmaq olmaz. Öz yaşayışında bu dörd ünsürün qüdrətini görən insan milyon illər inancları üzərində köklənib, yaşayıb, yaradıb. Zərdüşt də onun dini-fəlsəfi fikirlərini kitablaşdırıb. Novruzda əsas ayinlər olan odla, suyla təmizlənmə, küləklə, torpaqla bağlı bütün məsələlər Zərdüşt təlimində fəlsəfi mahiyyətdə üzə çıxır.
Zərdüştün şəxsiyyəti, vətəni haqqında tədqiqatçıların çoxu apardıqları araşdırmalarda Azərbaycanı zərdüşt dininin meydana gəldiyi yer bilir. «Avesta»nın birinci kitabında (s.9) bütün İran və ərəb tarixçilərinin, o cümlədən, orta əsr müəllifləri Bəlazuri, Məsudi, Təbəri, İbn Bəlxi, İbn Xordadbeh, Həmzə İstəhami, İbn Miskəveyh, Yaqut Həməvi və başqalarının Azərbaycanı zərdüştliyin vətəni hesab etdiyi, Azərbaycanda-Urmiyada doğulduğu, zərdüştilərin dini kitablarında da «bu fikrin təsdiq edildiyi» (4.s.21) məlumdur.
Avesta mətnlərində od həm qoruyucu, həm də mühakiməedici bir mexanizm kimi təsvir edilir. Onun ilahiliyi və rituallarla əlaqəsi, müxtəlif mərasimlərdə rolu qeyd olunur. Odun ritualları insanların mənəvi təmizliyi ilə birbaşa bağlıdır.
Od Çərşənbəsi ritualı ilə Avesta mətnləri arasındakı əlaqə mövzusu mədəni antropologiyada geniş müzakirə olunur. Odun mifik, kosmik və rituallarla bağının izləri Avesta mətnlərində yer alır və bu ritual motivlər minilliklər ərzində toplum səviyyəsində yaşamaqda davam etmişdir. Dünyanı istila edən Makedoniyalı İsgəndərin «Avesta»nı yandırması, bütün maqları öldürtməsini xalqının keçmiş tarixi ilə öyünməkdə haqlı olan tədqiqatçı E.Əlibəyzadə haqlıdır belə əlaqələndirməkdə ki, «onu («Avesta»nı-G.P) məhv etmək, yer üzündən silmək, bu ilk bulağı kor qoymaq lazımdır ki, dünya fəlsəfəsinin ilkin çeşməsi Yunanıstandan axsın, dünya fəlsəfə elminin ilk vətəni ora olsun. İsgəndərin niyyəti, qəsdi, məramı bu idi ki, «Avesta» əzəli olduğu, yunan fəlsəfi görüşünü çox qabaqlayacağı üçün onun izini itirmək lazımdır. Belə deyilsə, bəs niyə o, maqları – «o vaxtlar bütün dini əsərləri şifahi ifa edən kahinləri, dinin canlı kitablarını» da məhv edir, öldürürdü?». Bəlkə də təkcə Yazın-Novruzun ilkin mərasimləri ilə bağlı deyil, həm də yüksək idraki qüdrət sahibi maqların şifahi nəğmələrində digər həyat fəlsəfəsi ilə bağlı zəngin məlumatlar da yaşayırmış, onlara qısqananlar, sonradan gələn dinlər, dini-fəlsəfi dünyamızı yer üzündən silmək üçün hər cür dürlü, zəkalı başları kəsib, minarələr ucaltmaqdan çəkinmədilər. Xalq bir yandan sonralar xristianlıq, islami dini görüşlərin, sovet ideologiyasının sərt cəzaları qarşısında qaldı. Bununla belə, ulularından miras qalan milli-mənəvi dəyərləri yaşatdı, idrakının işığında daha da zənginləşdirdi...
Avesta mətnlərində od kosmosun harmoniyasını qoruyan bir enerjidir. Od Çərşənbəsi mərasimi də insanın kosmik dövranla uyğunlaşmasını, kainat enerjilərini qəbul etməsini rəmzləşdirir.
Avesta mətnlərində dualar vasitəsilə odun adının çəkilməsi, onun ilahi funksiyalarının vurğulanması, bu ənənənin sonrakı mərasimlərə- o cümlədən Od Çərşənbəsinə - təsirini göstərir.
Azərbaycan hər zaman dünya tarixçilərinin, səyyahlarının diqqətində olub. Müxtəlif əsrlərdə bu ölkəyə səyahət edən, Avropa, Asiyanın digər bölgələrindən olan tarixçilər söylədikləri maraqlı məlumatlarda Azərbaycanı odlar diyarı kimi təsvir etmiş, görüb, şahidi olduğu faktları qələmə almışdır. Məsələn, ingilis səyyahı, publisisti Cons Xanveyə istinadən XVIII əsr alman səyyahı yazır:
«İnsanlar bədbəxtlik və zülmdən müdafiə axtararaq, xoşbəxtlik və əmin-amanlıq haqqında dualar edərək oda ibadət edirdilər. Bu qədim odlardan da Azərbaycan özünün «Odlar yurdu» adını almışdır. Ölkənin şimalında, Abşeronda isə sirli «sönməz məşəllər» əbədi olaraq yanırdı. Qədim azərbaycanlılar – atəşpərəstlər bu odların yanına gəlir, onlara səcdə edir və burada Atəşgah məbədləri inşa edirdilər.
Əsrlər keçdi, Azərbaycanda qədim din unuduldu. Abşeronun «əbədi odlar»ı öz ilahi xidmətinə, onun təsərrüfat və məişət ehtiyaclarının ödənilməsinə yönəldildi. Yalnız odların yandığı yer «od yeri», «od səcdəgahı» – Atəşgah» adı altında xalqın yaddaşına həkk olundu. XVIII əsrdə köhnə məbədin üzərində yenidən ucaldılmış hazırki «Atəşgah» məbədi də xalq tərəfindən belə adlanırdı.
Azərbaycan artıq inkişaf etmiş feodal dövləti olduğu vaxtdan da onun tarixinin digər səhifələri bu görkəmli abidənin taleyində əks olunmuşdur. Ərazisindən Böyük İpək yolunun keçdiyi orta əsr Azərbaycanı bir çox ölkələrlə ticarətdə və mədəni sərvətlərin mübadiləsində iştirak edirdi. Onun Hindistanla da əlaqəsi var idi. Hindistanın ticarət adamları Abşeronun əbədi odları haqqındakı xəbərləri, indinin özündə də odun müqəddəs hesab olunduğu öz uzaq vətənlərinə apardılar. Ticarət karvanlarının ardınca isə oda ibadət edən zəvvarların Abşerona axını başlandı» (5.s.21).
Mənbələrin birində Bakıdakı Od məbədi Atəşgah məbəddə həmişə hind sadxuları yaşadığı, bu Böyük Od məbədinə bənzər «kiçik od məbədi»nin Hindistanın Kanq vilayətində olub, indi də fəaliyyət göstərdiyi, bunların arasındakı əlaqənin olduğu bildirilir (6.s.162).
«Avesta» başıbəlalı xalqımızın digər qonşularımız tərəfindən mənimsənilməsinə cəhd edilən qədim milli-mənəvi abidələrindən biridir. Onun tarixini qeyri-türk, Azərbaycan tarixçiləri saxtalaşdırmaqla, sonralar bu böyük mədəni irsin hansı xalqa məxsus olduğunu araşdırmağa çalışan Avropa, şərq alimlərini, tarixçilərini də çaş-baş salmışdır. «Avesta» bütöv bir xalqın mədəni irsi, mənəviyyat tarixidir, yaşama tərzinin, sosial, iqtisadi, siyasi, mədəni həyatının salnaməsidir. Bədii düşüncə təfəkkürünün məhsuludur, inanclarının bütöv bir salnaməsidir. Tədqiqatçı alimlər bu böyük irsin hansı xalqa məxsus olduğunu araşdırarkən maraqlı, mürəkkəb, ziddiyyətli mülahizələrini söyləmişlər.
«Avesta»nın fars tayfalarından olan arilərə aid edilməsinin əksinə fikir söylənilən bu kitabda fars tayfalarının «hələ müəyyən olmadığı bir vaxta aid» olduğu, ola bilsin ki, o vaxt ayrıca ari tayfalarının da olmadığı söylənilir: «belə ki, onların bir qismi Hindistanda fəth edilib, xüsusi vətəndaşlığı və mədəniyyətinin əsası qoyulmuş olan Himalaydan gəlmiş, digər qismi isə cənub-qərbi Asiyada qalmışdı» (bax. Çetıre stati iz Zandavestı. SPb, 1911. s.XVII-XVIII).
XVIII əsrdə fransa alimi Düperron Anketilin qərbə təqdim etdiyi «Zandavesta» üzərində düşünərkən polşa alimi K.Kossoviç «Zəndcə adlandırılan zənd və zandavesta sözlərinə kitabələrin heç birində rast» gəlinmədiyini, bu sözün Anketil tərəfindən izahı verilmədiyini, Zandavesta adı ilə məşhur olan bu kitabın dilinin «sözün əsl mənasında qədim farsların dili deyildir. İran hökmdarlarının adı olan Pars sözünün özünə belə qədim fars kitabələrində heç yerdə rast gəlmirik» və «Zandavesta»nın dili Himalay arilərinə qədərki ümumi dil də deyildi, müasir alimlərin ədalətlə adlandırdığı qədim fars dilli kitabənin dilinin müqayisəsi aşkar edir ki, bu dil yenə də qədim İran həyatının çox dövrlərini səciyyələndirə bilmir» (Çetıre stati iz Zandavestı. SPb, 1911. s.XX-XXIV, XXV-XXVIII) fikirlərini yada salan E.Əlibəyzadə «keçən əsrin 50-60-cı illərində zəngin şumer mədəniyyəti hələ aşkara çıxmamışdı. Şumer yazıları, dini-mifik görüşləri, ədəbi və elmi əsərləri, bu əsərlərin dili və s. barədə təsəvvür yox idi. Bu barədə K.Kossoviç də söz deyə bilməzdi» fikirlərində haqlı idi. Bu iz aparıb onu şumerlərə (türklərin əcdadlarına), Babil mədəniyyətinə çıxarırdı.
Zərdüşt deyildiyi kimi, V əsrlərdə deyil, lap qədimlərdə yaşamış türkəsilli muğdur, maqdır. «İngilis alimi Meri Boys «Avesta»nın qatlarına əsaslanaraq Zərdüştün onun xalqı qədər tarixdən əvvəlki dövrlərdə yaşadığını qeyd etməklə bərabər öz peyğəmbərliyini də yeddi işıqlı ilahdan aldığını qeyd edir. Qat-Yasna 43-ə istinad edən alim yazır ki, Zərdüşt bahar bayramındakı yığıncaqda iştirak etmək üçün səhər tezdən çaya getdi ki, oradan haoma (səməni halvası) hazırlamaq üçün çay suyu götürsün. O suyu götürüb geri qayıdanda baharın təmiz havasında onun qarşısında işıq saçan bir ilah göründü. O, Zərdüştü Ahura-Məzdanın və digər beş işıq saçan ilahın yanına gəlirdi. İşıq o qədər güclü idi ki, Zərdüşt öz kölgəsini görə bilmədi. Elə bu vaxt Zərdüşt bu yeddi ilahdan öz vəhyini (peyğəmbərliyi) aldı» (7. s.28).
Bu yeddi ilah ifadəsi qədim Azərbaycandakı mannalıların yeddi səyyarə ilə bağlı sitayişləri, inamlarını əks etdirir. Səyyarələr (Mah, Otarid, Zöhrə, Aftab, Mürrix, Müştəri, Zöhəl) zərdüştiliklə əlaqələndirilir. «Zərdüşt» sözünün özünün yunan sözü olub «iki hissədən «zoor» və «astr»dan ibarət olub, mənası ulduzları öyrənən, ulduzları sayan və ya ulduz alimi deməkdir» (8). Deməli, Novruzun ən dəyərli mərasimlərini özündə əks etdirən bu böyük dini-fəlsəfi-ədəbi kitabə özündə bu ayinləri, dini dünyagörüşləri ümumiləşdirmişdir. Zərdüşt öz həyatını günəşin, ayın, ulduzların öyrənməsinə həsr etmiş, ulularının inam və etiqadlarında əbədiləşmiş bu mərasimlərin kökünü axtaran, onları araşdıran bir alim də ola bilər. Onun axtarışları Novruzda əsas olan amillərlə səsləşir. Zərdüştilər daima günəş, ay, ulduzlarla bağlı bilikləri təbliğ etmişlər. Tədqiqatçılar Midiya dövlətinin bayrağının üzərindəki ayın təsvirini, bu gün də Azərbaycan bayrağında saxlanan səkkiz guşəli ulduz və ay təsvirlərinin «əski köklərimizlə bağlılığına işarə» olduğunu bildirir. «Qədim abidələri arxeologiya və geodeziya cəhətdən tədqiq edən ingilis alimi Strounrenqs sübut edir ki, qədim dövrlərə aid bütxanalar təkcə ibadət mərkəzi olmamış, onlar eyni zamanda göydəki ulduzları müşahidə edib öyrənmək üçün bir növ rəsədxana rolunu oynamışdır. Bunu həmin abidələrin həm hündürlüyü, həm də yüksək dağ başında olması sübut edir. Şumer və Babilistanda olan zikkuratlara gəlincə həmin zikkuratlar eramızdan əvvəl Mannada, Midiyada mövcud olmuşdur. Zikkurat yeddi ulduzlu məbədini əks etdirən baş məbəd və rəsədxana idi. Onun hər mərtəbəsi yeddi ulduzun rəngini əks etdirirdi. Herodot Ekbatanda (Həmədanda) midiyalıların seçdikləri ölkənin başçısı olan Deyok üçün tikdikləri belə bir Zikkurat haqqında da geniş məlumat verir (9.s.54; 10.s.333).
Yeddi səyyarə ilə bağlı dünyagörüşləri özündə əks etdirən, Heris şəhərində 1880-ci ildə toxunan, üzərində farsca yazılmış «həft-peykər» xalçası haqqında tədqiqatçılar məlumat verir (11.s.331). Qədim Azərbaycanda olan yeddi ulduza sitayiş və onlar haqqında məlumatların şumer astrologiyası ilə oxşarlığı diqqətə çatdırılır.
İlk insanların içində uzaq görən, müdrik, 6-cı hissi güclü olan insanlar olduğu fikri güman edilir. Maqlar, muğlar xalqımız içində gələcəyi görən, ulduzların, kosmik ünsürlərin hərəkəti ilə yerdə baş verəcək hərəkətləri, onlara təsirini öyrənmək qüdrətinə malik olmuşlar. Əslində bunlar bütxanalarda oturan kahinlərdir, bəli, ulduzları, planetlərin hərəkətini, ayın, günəşin hərəkətini öyrənmiş, bununla insanların yerdəki həyatın əlaqəsinin olduğunu dərk etmiş, proqnozlar irəli sürmüşlər, bu proqnozların düzgün çıxması, illərlə aparılan müşahidələr onlara ola bilsin ki, bütxanalardan rəsədxana kimi də yararlanmağa şərait yaratmışdır. Elmin, texnikanın inkişaf etmədiyi bir zamanda, dünyada baş verən təbiət qanunauyğunluqları haqqında yetərincə tibbi, bioloji, fizioloji, kimyəvi, riyazi bilikləri olmayan insanlar maraq dairəsinə görə dünyanın bütün canlı varlıqlarından üstündür. Onların yönəldə biləcəyi, sahibi olduğu əqli, şüuru, onun inkişafı dünyada, təbiətdə baş verən hadisələrin öyrənilməsi istiqamətinə yönəlmişdi, insanlar ibtidai astronomik tədqiqatlarını aparmış, talelərinin, həyatlarının kosmik aləmlə canlı bağlılığını görmüşdü, gücü önündə çarəsiz qalanda dünyanı idarə edə bilən vahid bir qüvvənin gücünə inanmışdı, ona sığınmış, hər şeyin – yerin, göyün bir nöqtədən idarə olunduğuna inanmışdı, zaman-zaman o idarəedənin insanlarla təması nəticəsində seçilmişlər, peyğəmbərlər olmuş, xalq onların düzgün, doğru fikirlərinin nəticələrindən yararlanmışdır, onun ardınca getmiş, ona inanmış, dürlü-dürlü sözlərinin, dualarının xeyrini görmüşdür. Zərdüşt Dədə Qorqud kimi, bəlkə də daha mükəmməl, daha qüdrətli, daha uzaqgörən, göylərə, Təktanrıya daha yaxın qüvvədir desək, səhv etmərik. Dədə Qorqud olumlu, son ucu ölümlü dünyada insanın həyatında Tanrının rolunu görüb. Zərdüşt də min illərin mərasim və ayinlərinin kökünü araşdırıb, gördüyü heyrətamizliklər içində yaşadığı ikili dünyanın mənəvi xəritəsini cızıb.
Zərdüştün də müqəddəs hisslərlə yanaşdığı Novruz təkcə bir bayram, adət-ənənə, mənəvi dəyərlər toplusu deyildir. O astronomiya, riyaziyyat, nücum, biologiya, coğrafiya, ədəbiyyat, fəlsəfə, din və s. kimi elmlər haqqında ilkin nəzəri görüşlər məcmusudur. Zərdüşt, onun yurdu, «Avesta» haqqında aparılan uzunmüddətli araşdırmalar, Zərdüştün davamçıları olan maq//muğlar haqqında tarixdə olan tədqiqatlar diqqəti cəlb edir. Herodot, Strabon və digər alimlərin «Avesta»nın yaradıcıları, davamçıları olan maqlar//muğlar haqqında, onların qeyri-adi yaradıcılığı, ağlı, zəkası haqqında fikirləri maraqlıdır. Layertli Diogen, Ərəstun, Hermipp, Yevdoks, Feopomp və başqa alim və yazıçılar fəlsəfə elminin maqlarla bağlı olduğu fikrini, onların odu, torpağı, suyu və havanı Tanrı saydığını bildirirlər. Bu dörd ünsürü Tanrı sayan maqlar (əski türklərin xələfləri) vaxtını tanrılara ibadət etmək və qurban verməklə keçirirlər. Belə hesab edirlər ki, onları ancaq tanrılar himayə edir. Onlar odu, torpağı və suyu Tanrı sayaraq, bunların mövcudluğu və yaranması barədə düşünürlər; onlar «ədalət haqqında əsərlər yaradırlar. .. Fal açma, gələcəyi xəbər vermə ilə məşğul olur və təsdiq edirlər ki, guya tanrılar onları öz gözü ilə görür» (Dioqen Lartskiy. O jizni uçeniex i izreçeniex znamenitıx filosofov, izd. «Mısl», Moskva,1979).
Tədqiqatçı alim Baloğlan Şəfizadə «Zərdüşt, Avesta, Azərbaycan...» əsərində «Avesta»nı, zərdüştlüyü «türklərə məxsus» bilir və avestaşünaslığın Zərdüştün türk olduğunu qəbul etdiyini söyləyir. Prof.Qəzənfər Kazımov bu əsərdə qoyulan problemləri yüksək dəyərləndirir.
«Avesta»nın tarixini saxtalaşdıranların günahı ucbatından türk xalqlarının ulularının bu mənəvi mədəniyyət tarixi digər xalqlara aid edilir.
Tədqiqatçılar Zərdüştizmin digər xalqlara (farslara, yunanlara və digər xəzərətrafı xalqlara) güclü təsiri olduğunu, onun dini-fəlsəfi görüşlərinin yunanların da bəzən adına çıxıldığını, farsların getdikcə onu öz adlarına «çıxdığını», bu siyasətin bu gün də davam etdirildiyini, tarixin bu gün də «təkrar olunduğu»nu bildirirlər. Midiya dövləti dövründən farslarla digər xalqlar, xüsusilə, maqların xələfləri olan türklər arasında hakimiyyət və müstəqillik uğrunda gedən mübarizələr»in bu gün də İranda davam etdiyini, bununla belə, sabaha nikbinliklə baxdığımızı qeyd edir: «Beləliklə, Midiya dövləti və onun tərkibində birləşən maq tayfası qədim Azərbaycan torpağının əzəli xalqı olub, öz ağlı, zəkası və fərasəti ilə tarixdə silinməz izlər buraxıb. Bu xalq Zərdüştün başçılığı ilə elə ədəbi, dini-fəlsəfi cərəyan yaradıb, elə irs qoyub gedib ki, tarix durduqca qalacaq, elm, fəlsəfə tarixinin ədəbi mövzusu, tədqiqat obyekti olacaq, qaranlıq məsələlər get-gedə öz həllini tapacaq, müəmmalı sirlər açılacaqdır.
Zərdüşt maq tayfasındandır, maqlar Herodotun məlumatına görə, Midiya dövlətinin banisi Deyokun hakimiyyətində birləşdirdiyi 6 tayfadan biri olub, «Astiaq» əfsanəsində də tez-tez xatırlanır. Tədqiqatçılar araşdırmalarına əsasən Midiya dövlətinin hökmdarı olan Astiaqın yuxularını yozandır. Astiaq onların nəslindəndir, tayfasındandır, o xalqa mənsubdur. Hər çətinliyində gördüyü yuxularını belə yozmağa onları çağırır, onlardan «xahiş edir ki, «mənim və sizin evinizin təhlükəsizliyini təmin üçün nə etmək gərək?». Maqlar cavab verir ki, «Hökmdar! Axı bizim üçün də tamamilə vacibdir ki, Siz, bizim həmtayfamız hökmranlıqda qalırsız və biz də sizin iradənizə və sizin fikrinizə böyük ehtiramla şərik oluruq» (9).
Tədqiqatçı alim E.Əlibəyzadə «Avesta»nın pəhləvi dilində yazılmasına qarşı çıxır, apardığı bir çox araşdırmalar əsasında bu qəti fikri söyləyir ki, «Maqlar Midiya dövlətinin mühüm xalqı olub. ... hakimiyyət onların əqli-zəkası və məsləhətilə idarə olunurdu... Midiya hökmdarları Deyok, Fraorta, Kioksar, Astiaq maqlarla «həmtayfa» idi. Midiyalılar fars deyildi, altı tayfanı birləşdirən müstəqil Azərbaycan dövləti idi. Varislik başqasına çatmasın deyə hökmdar qızını yad tayfa nümayəndəsinə – Kambisə ərə vermişdi». Belə bir şəraitdə Midiya dövlətində yad farslara bu cür münasibət olduğu halda «Avesta»nın fars dilində yazılması qeyri-mümkün idi: «Midiya dövlətinin dini ideologiyası nə üçün və hansı məntiqə görə onlara yad olan bir tayfanın dilində, fars dilində yazılmalı imiş?» (13. s.57). Tək yaradana sitayiş var. Xalq yeganə Yaradıcı qüvvəni işıqda, təbiətdə, onun gözəl varlıqlarında görüb, insanları xeyir işlər görməklə inkişafa səsləyir.
Hələ çox-çox əvvələrə aid olan Altayda Pazırık kurqanından tapılmış «təxminən m.ö. son minilliyin əvvəllərinə aid paltar-palaz üzərində çəkilmiş dini təsvir»də iskit-türk qadınlarının «oda, atəşə sitayişi, ibadəti»nin də atəşpərəstliklə bağlı dini inamları özündə əks etdirdiyi bildirilir. Bəşər tarixində farsların izi-tozu olmayan bir dövrün abidəsi olan bu sənət əsəri kimi artıq tanıdığımız abidənin («Avesta») xalqımıza məxsusluğunu israr etməkdə tədqiqatçılar haqlıdır.
Bir zamanlar dünyanın xəritəsi cızılmazdan on min illər əvvəllər mövcud olan «Avesta»nın 128 il də Midiya dövlətinə xidmət etdiyi, sonra farsların əlinə keçdiyi, İran dövlətinin dini-ədəbi ideologiyasına keçərkən çox dəyişikliklərə məruz qaldığı araşdırılıb,
Makedoniyalı İsgəndərin Daranın xəzinəsində olan on iki min inək dərisi üzərinə yazılmış əlyazmasını yandırdığı, atəşgahları dağıtdığı, kahinləri məhv etdiyi, buna görə də «Avesta»nın beşdən üçünün yox olduğu məlumdur. Nizami Gəncəvi «İsgəndərnamə»də yazır:
İsgəndər: «Atəş gülzarından məhəbbəti üzdü,
... Atəşə pərəstiş edənlərin tüstüsünü çıxartdı.
Əmr etdi: camaat onun dövründə
... günəşə, aya dalını çevirsin,
... «Zənd» əfsun kitabı suya atılsın,
... dəftərxanalarda dustaq edilsin.
Öz ulu babasının yolunu xalqa göstərdi.
... sonra nədimlərin tədbirilə
Azərabadqan tərəfə yönəldi.
Hər yerdə atəş görərkən, fövrən
Odu söndürüldü, «Zəndi» sildirdi» (Qəzənfər Əliyevin filoloji tərcüməsi).
Meri Boys İsgəndərin bəşər tarixinin ən ağır günahkarları sırasında olduğunu deyir, soqdi dilli fraqmentləri yada salır. İsgəndərin bu ağır cinayətləri içində maqları öldürtməsi, məbədləri talan etdirdiyi, çoxlü muqəddəs zərdüştçüləri məhv etdiyi, o vaxtkı əsərləri «şifahi ifa edən kahinlərin – «dinin canlı kitabı»nın kütləvi məhvinin çoxlu qədim əsərlərin də məhvinə gətirib çıxardığı, bunu xalq içində söylənən rəvayətlərdə də yaşandığı söylənir.
Nizami sonrakı illərin muğlarını – artıq əsl muğların – zərdüştilərin yerini tutan yalançı, hakim siniflərin saxta avestaçılarını tənqid edir:
«Muğlarda belə bir azar da vardı,
Hər ilin başında bir qız alardı.
Novruz ilə Şəddə bayramlarında
Ayinlər yenidən olurdu bərpa.
Ər üzü görməmiş gəlinlər, qızlar,
Evindən sevinclə dişarı çıxar,
Əllər al xınalı, üzlər bəzəkli,
Hər yandan gəlirdi coşqun ürəkli,
Önündə alşərab hər üzü lalə,
Muğlarla üz-üzə vurur piyalə» (14.s.172).
Artıq burada əvvəlki muğlar deyil, fars ideologiyasına xidmət edən muğlardan söhbət gedə bilər. «Avesta»da çirkin əməllərə dini don geyindirilir. Əxlaq normaları millilik çərçivəsindən çıxır. Evlənmə adətləri dəyişdirilir, tədqiqatçılar Kirin oğlu Kambisin «Avesta»da qan qohumu ilə evlənmək adəti olmasa da onun öz bacısı ilə izdivacı məsələlərini araşdırır. İngilis alimi Meri Boys Kambisin iki bacısı ilə olan kəbini haqqında yazır. Herodotun məlumatında da onun bacılardan birinə vurulduğu, adətin ziddinə getdiyi, onunla evlənmək üçün hökmdarlıq gücündən istifadə etdiyi, müqəddəs adətləri üstələdiyi («farsların hökmdarı hər nə istəsə, ona icazə verilir») məlumdur. Bütün bu məlumatları araşdıran tədqiqatçı Meri Boys bildirir ki, «Əgər Herodotun məlumatına bütün təfsilatı ilə inanmış olsaq, onda bu göstərir ki, qərbi iranlıların Kambisə qədər qan qohumu ilə kəbin əlaqəsi məlum deyil. Bununla belə, kifayət qədər təəccüblüdür ki, bir hökmdarın şıltaqlığı ilə ortaya çıxan adətə əməl etmək, dini vəzifə olaraq, bütün möminlərin öhdəsinə düşürmüş» (Meri Boys. Zoroavstriyı. Verovanie i obıçai, izd. «Nauka», Moskva. 1987. s. 97) .
Burada «Avesta» yaradıcılarının, maqların yolundan «sapması»nı saray mühiti, saray əxlaqı ilə əlaqələndirən tədqiqatçı E.Əlibəyzadə «Avesta»ya salınan «müqəddəs qanun» kimi hallanan «qan qohumu ilə evlənmək, ailə qurmaq» adətini «insanlıq tarixinə ləkə» bilir: «Çox ağır ləkə. Buna görə də tarixən lənətlə qarşılanmışdı». Elməddin Əlibəyzadə Makedoniyalı İsgəndəri də «Avesta»ya qarşı çevirən səbəblərdən biri kimi bunu görür, ona görə xalqın bu adətə uymadığını, «bu iyrənc adətin yalnız İran sarayları və bu ətrafda dolaşan din nümayəndələri, möbidləri» arasında qala bildiyini qeyd edir.
Nizami də İsgəndəri öz ölkəsində gəzdirərkən «hədəfi» belə iyrənc adətlərin bizdə olmadığına onu inandırmaq, bu xalqın böyük qüdrət, mənəviyyat sahibi olduğunu sübuta yetirmək məqsədi güdmüşdür. Müdrik qocaların söhbətindən, gördüklərindən, şahidi olduğu hadisələrdən sonra İsgəndər öz-özünə deyir:
......Arifsən əgər,
Qoy sənə ibrət olsun bu sözlər.
...elə bil dünyanı o pərvərdiyar,
Bu mərd insanlarçün etmiş bərqərar.
Bunlar şövkət vermiş aləmə, yəqin,
Sütunu bunlardır bütün aləmin.
Düz yaşayış yolu budursa əgər,
İnsan bunlardısa, bəs nəyik bizlər?
Bizi haqq göndərib çölə, dənizə,
Qəsdi göstərməkmiş bunları bizə.
Vəhşi adətlərə eyləyib nifrət,
Öyrənək bunlardan ayin, mərifət.
Bunları əvvəldən görsəydim əgər,
Dünyanı bu qədər gəzməzdim hədər.
Tapardım özümə dağda bir kaha,
İbadət eylərdim orda Allaha.
Bunlartək asudə ömr edərdim mən,
Dinim də olardı həmin bu dindən. (14.s.576).
***
Yeni il bayramının – «Novruz»un tarixini araşdıran alimlər qədim şumer mətnlərinə diqqəti yönəldir. Onlardakı inam və dünyagörüşləri ilə bağlı şənliklər, yeni il, qurbanvermə və s. bayramların olması, bunların bol məhsul dövründə, tanrılarla bağlılığı, min illər ərzində keçirilən ənənəvi yürüşlər, toy mərasimləri xatırlanır.
***
Azərbaycanın Novruz mərasimlərində Od Çərşənbəsi mühüm yer tutur. Bu mərasimdə böyük tonqallar alovlandırılır, insanlar onlardan atlayırlar. Çərşənbə gecəsi isti tonqalın ətrafında mahnılar oxunur, dualar edilir, qədim inanclar yad edilir.
***
Nəticə. Novruz bayramı və onun ayrılmaz hissəsi olan Od Çərşənbəsi insan mədəniyyətinin qədim təcrübələrini və mifik düşüncəsini daşıyır. Bu ritual təkcə xalq adəti deyil, həm də insanın kosmik dövranla harmoniyasını, yenilənməsini,