Evdən necə tələsik çıxmışdımsa, üzümü qırxmaq da unutdum. Halbuki heç vaxt üzümdə tük olmazdı. Təngnəfəs içəri girəndə müəllim əlindəmühazirə dəftəri mənə baxırdı. Qorxurdum ki, bu dəfə də müəllim məni dərsə buraxmasın. Amma, deyəsən, bu dəfə müəllimin yaxşı tərəfinə düşmüşdü. Eynəyini çıxarıb mənə baxaraq əlilə keçib oturmağımı işarə etdi. Mən oturan kimi dəftərimi çıxarıb Səxavətdən bir qələm aldım və müəllimin dediklərini yazmağa başladım. Müəllim mühazirəni necə oxuyurdusa, nə mən, nə də Səxavət çatdırıb yaza bilirdik. Başladıq xısın-xısın danışmağa. Onsuz da qrupdakı qızlara dəftərlərimizi verir, onlar da mühazirəni köçürürdülər. Vallah, qrupumuzun qızlarından yoxdur... Ən çox da Dilbərlə Xəyalə...
Səxavət mənə dedi ki, işlədiyi restoranın sahibi təzə obyekt açıb. Özü də evimizin yaxınlığında...
- Özü ilə də danışmışam. Xahiş elədim ki, dostumdur, atası xəstədir, elə onu deyən kimi dedi ki, gəlib işləsin. Atasını uşaq olanda itirib deyə bu mövzuda yaman həssasdır.
Mən Səxavətin bu sözündən sonra əynimdəki şalvara baxdım. Dostum bunu hiss edib dedi:
- Narahat olma, dərsdən çıxaq, gedək bizə, məndə var, verərəm sənə müvəqqəti geyinərsən, sonra maaşını alanda özünə təzəsini alarsan, dəyişəkli geyinərsən.
- Çox sağ ol. Vallah, kişinin dərmanlarına pul çatdıra bilmirik. Biri gün də kimyaterapiyaya getməlidir. Bibini də dərd götürmüşdü ki, pul çatmır.
- Allah köməyi olsun. İstəyirsənsə, əlimdə bir az var, verim?
- Yox, qardaşım, sən əlindən gələni edirsən onsuz da.
Dərs qurtaran kimi Səxavətgilə getdik. Səxavətin anası tez süfrəni hazır elədi. Qazın altını söndürüb ləzzətli üzüm yarpağından bükdüyü dolmaları boşqaba çəkib bizim önümüzə qoydu. Özü də getdi təzə aldığı dibçəyə rayondan gətirdiyi nərgiz gülünü əkməyə. Səxavət gilənar kompotundan içərək mənə baxıb dedi:
- Yeməyini ye, dur gir hamama. Gecəyə kimi işləyəcəksən. Özü də bayaq demək yadımdan çıxdı, bu gün restoranda nişan olacaq. Deyirlər ki, yüz əlli nəfərdən çox qonaq olacaq.
- Nişanda o qədər adam olmur axı...
- Qardaş, elə restoranda sənin, mənim kimisi nişan etməyəcək ki. Allah bilir, hansı biznesmenin balasıdır.
Hamama girdim. İyirmi dəqiqə sonra çıxıb ağ köynəklə qara şalvarımı geyinib dəhlizdəki güzgünün önündə saçlarımı düzəldib Səxavətlə evdən çıxdım. Restorana gəlib çatanda ağzım açıq qaldı. Restoranın həyətində o qədər bahalı maşınlar var idi ki, gəl görəsən... Səxavət məni administratorun yanına apardı ki, tanış etsin. Amma administratorun özü az qala ofisiantların əvəzinə işləyirdi. Administrator tər içində olan üzünü salfetlə silib Səxavətlə mənə baxdı. Deyəsən, mənim ütülü ağ köynəyimi bəyənmişdi, ona görə də dedi:
- Tez get mətbəxə, çay dəstgahını hazırlat, apar həyətdə fontanın yanında olan besedkaya. Elxan müəllimgil on dədiqəyə çatır. Badam mürəbbəsi yadından çıxmasın.
Mən Səxavətə baxdım. Administrator qışqırdı ki, tez get. Qaça-qaça mətbəxə girdim. Az qalsın sürüşüb yıxılmışdım. Yaxşı ki, qapıdan tutdum. Çay dəstgahını hazırlayıb siniyə yığdım. Mətbəxin qapısından çıxanda yadıma düşdü ki, mürəbbəni qoymamışam. Mürəbbənin adı yadımdan çıxmışdı. Ona görə də badam mürəbbəsinin əvəzinə gilas mürəbbəsi götürüb mətbəxdən çıxdım. Dedim, mürəbbədir də, nə fərqi var ki... Nə isə, on beş dəqiqə keçdi, restoranın həyətinə iki maşın daxil oldu. Fontandan bir az aralıda durub maraqla gözləyirdim ki, görüm hətta restoranın administratorunun belə on beş dəqiqədir gözlədiyi bu Elxan müəllim kimdir. Bundan əvvəl işlədiyim yerlərdə administratorlar heç vaxt müştərini bu cür qarşılamazdı. Səxavət burada olsaydı, soruşardım.
Nəhayət qapı açıldı. Yekəpər bir sürücü maşından düşüb qaçaraq arxa qapını açdı. Elxan müəllim əlindəki əsa ilə maşından düşdü. Bu əsa sadəcə onun imici idi. Deyəsən, Elxan müəllim əsadan xarizmatik görünmək üçün istifadə edirdi. Varlı oldun belədir də...
Mən fontanın yanına gələndə gördüm ki, restoranın sahibi də gəlib ikiəlli Elxan müəllimlə görüşür. Çay dəstgahını mən hazırlayıb gətirsəm də Elxan müəllimə mən qulluq etməyəcəkdim. Çünki tək oturanda kiminsə ona qulluq eləməyindən xoşu gəlmirmiş... Çayını özü süzüb içə-içə kitab oxumağı xoşlayırdı. Doğrudan da bu varlıların qəribə hobbiləri olur...
Elxan müəllimin xüsusi qarşılanma mərasimi bitdi. İkinci maşında gələn mühafizə xidməti üçün kabinet ayrıldı. Onlara qulluq etməyi isə mənə tapşırdılar. Mən mühafizəçilərdən Elxan müəllimin kimliyini soruşmağa çəkinirdim. Amma düşündüm ki, maraqdan ölməkdənsə, soruşum getsin. Bir kəlmə sözdür də... Ən pis nə ola bilər ki? Nəhayət, cəsarətimi toplayıb soruşdum:
- Elxan müəllim hansı peşənin sahibidir?
Mühafizəçilərin başı söhbətə qarışmışdı. Elxan müəllimin sürücüsü çevrilib mənə baxaraq dedi:
- Qaqaş, nə dedin sən?! Elxan müəllimi bütün Bakı tanıyır. Sən, yəqin, Bakıda yaşamırsan.
- Xeyr, mən Bakıda doğulub böyümüşəm. Əslim də əmircanlıdır.
- Neçə yaşın var bəs?
- İyirmi.
- Deyirəm də uşaqsan, - sürücü yanındakı mühafizəçiyə baxaraq dedi. - İndikilər heç bizim gəncliyimizdəki kimi deyillər.
Mən hələ də sualımın cavabını almamışdım. Sürücü çaydan bir qurtum alıb dedi ki, Elxan müəllimin peşəsi rəssamdır. Sürücünün bu sözü məni təəccübləndirdi. Rəssamlar belə varlı olmur axı... Düşündüm ki, bunlar mənimlə zarafat edirlər. İstədim təzədən sual verəm, bu əsnada mühafizəçilərin rəisi mənə baxaraq dedi:
- Elxan müəllim Azərbaycanda sayılıb-seçilən zərgərlərdən biri, bəlkə də birincisidir. “Khan gold”un sahibidir.
Bu adı eşitmişəm. Əvvəlki işlədiyim restoranda müdir öz məşuqəsinə buradan qızıl sifariş vermişdi. O müdirim xəsisin biri idi. Sadəcə olaraq məşuqəsindən qorxurdu ki, birdən gedib qayınatasına deyər ki, bəs kürəkənin mənimlə eşq yaşayır. Bunu bütün işçilər bilirdi. Amma bəxti onda gətirmişdi ki, nə arvadı, nə də qayınatasının bundan xəbəri var idi. Nəsə isə, o kişi də ayrı həngamə idi... Adama deyərlər ki, sən niyə gedib qayınatanın şirkətində işləyən mühasiblə sevgili olursan axı?! Bir onu bilirəm ki, yaman bahalı yerdir...
Rəisin telefonuna zəng gələn kimi hamısı süfrədən cəld durub çölə çıxdılar. Mən də bunların arxasıyca çıxdım. Bir saatdan çox idi ki, Elxan müəllim burada idi, amma mən hələ də onun səsini eşitməmişdim. Mühafizəçilərin ardıyca gedib onların yanında durmaq istəyəndə bayaq tərini silən administrator məni çağırdı və tapşırdı:
- Elxan müəllimin mühafizəçilərinin yanına üzərlik apar. Onlar çay içəndə yandırarsan. Xoşları gəlir elə şeydən.
Gedib təmizlikçi xaladan üzərliyin yerini soruşdum. Sağ olsun, o mənə bir kom üzərlik verdi. Amma administratora deyə bilmədim ki, üzərliyi yandırmağa ehtiyat edirəm. Çünki düz-əməlli yandıra bilmirdim, güc-bəla ilə yandırırdım, yanan kimi də sönürdü. Əvvəlki işlədiyim yerdə hamı mənə gülürdü. Sağ olsun, xala üzərliyi yandırıb verdi mənə. Mən də tez üzərlik sönmədən mühafizəçilərin olduğu kabinetə girdim. Elə bunu görən kimi rəis dedi ki, söndür onu. Mat-məəttəl qaldım. Qapını açıb üzərliyi qapının ağzına qoydum. Qapını örtüb çevriləndə gördüm ki, rəis cibindən iyirmilik çıxardıb mənə uzatdı.
- Yaxınlaş, götür bunu.
Mən yaxınlaşıb götürdüm. Deyəsən o elə başa düşdü ki, bəxşiş üçün gətirmişəm. Mən külqabıları dəyişəndə onlar Elxan müəllimin toya on min dollar pul yazdırması haqqında danışırdılar. Bunu eşidəndə gözlərim bərəldi, amma büruzə vermədim. On min dolları mən heç yuxumda da görməmişdim... Demək varlıların toya pul yazdırması belə olurmuş. Görəsən, nişanı olanlarla Elxan müəllimin nə əlaqəsi var? Daha bu sualı verə bilməzdim. Gözüm saatda qalmışdı ki, bu nişan nə zaman bitəcək. Bitsəydi, tez kabineti yığışdırıb qaçardım evə. Bibi tapşırmışdı ki, bu gün atanı çimizdirməliyik. Hardasa, saat on birə qalmış rəisə yenə zəng gəldi, hamısı otaqdan durub çıxdılar. Mən tez masanın üzərini yığıb kabinetdən çıxanda gördüm ki, mühafizəçilər həyətdə gəzirlər. Bir neçəsi də maşının yanında gözləyir. Qabları aparıb mətbəxə qoydum. Restoranın foyesinə girəndə qarderobda duran oğlan məni səslədi:
- Qaqaş, sən, deyəsən, təzəsən?
- Hə, bu gün başlamışam.
- Xeyirli olsun. Səndən bir xahişim olacaq, qurban sənə, mən evə getməliyəm, uşağın qızdırması qalxıb, xəstəxanaya aparmalıyıq. Qarderoba qonaqların geyimini vermək üçün adam lazımdır ki, məni əvəz eləsin. Sənin hörmətini də edəcəm. Amma cəmi bir saatlıq burada dur. Saat on iki üçün qonaqlar dağılışacaqlar.
Mən əvvəlcə razı olmasam da oğlanın üzündəki narahatlığı görüb razı oldum. Hətta oğlanın verdiyi pulu da götürmədim. İnsanlıqdır da... İş yoldaşımdır. Kömək edirəmsə, pul almaq ayıbdır.
Oğlan getdi. Mən isə üzərimdəki önlüyü çıxarıb qarderobun yanında dayandım. İçəridən bahalı kostyumlu dayılar çıxmağa başladı. Hamısının da yanında bahalı parfüm qoxan qlamur arvadları... Eləsi var idi ki, arvadı kök idi. Onlar əllərində olan nömrəni mənə uzatdılar, mən də geyimlərini verdim. Qarderobu da parfüm iyi bürümüşdü. Zalımın balaları elə bil parfümlə çimiblər.
Gözüm yenə saatdadır. Telefonumun batareyası ölmüşdü deyə evə zəng edə bilmirdim. Qarderobu da boş qoyub gedə bilmirdim. Zaldan çıxan ofisiantdan xahiş elədim ki, mənə bir stəkan çay gətirsin. Sağ olsun, çayın yanında tort dilimi də gətirdi. Tortdan bir parça yemişdim ki, bir də gördüm zalın qapısı açıldı. Elxan müəllim yanında nişanı olan oğlan, oğlanın atası və anası çıxdılar. Hamısı ikiəlli Elxan müəllimə təşəkkür edirdilər. Elxan müəllim qarderoba yaxınlaşırdı. Niyəsə məni qeyri-ixtiyarı həyəcan basırdı. Bilmirəm, amma bu kişidə nəsə bir cazibə var idi. Yüz adamın içindən seçilən bir siması var idi. Düşünürdüm ki, yəqin səsi də elə olar. Nəhayət, səsini eşitdim.
- Oğlum, zəhmət olmasa, plaşımı ver.
Mən tez nömrəni götürüb plaş əlimdə Elxan müəllimə yaxınlaşdım.
- Üzr istəyirəm.
- Hər şeyə görə üzr istəməzlər, - deyə kişi sözümü yarımçıq kəsdi.
Elxan müəllimin plaşını verəndə ev sahibi dedi ki, plaşı mən geyindirim. Lakin Elxan müəllim plaşı qolunda tutub restorandan çıxdı. Mən onun ardınca baxırdım. Oğlum sözü qulaqlarımda cingildəyirdi. O boyda şan-şöhrətin ola, amma belə sadə olasan. İndi deyəcəksiniz ki, sadəcə bir kəlməsindən onun sadə olduğunu necə anladım... Amma, məncə, o çox mədəni və sadə bir insan idi. Elə buna görə də bu qədər hörmət qazanıb. Elxan müəllimdən sonra bütün qonaqlar yavaş-yavaş dağılmağa başladılar. Saat on ikiyə qalmış qonaqların hamısı dağıldı. Qarderobu yoxlamaq üçün baxanda yerdə bir kitab gördüm. Balaca cib kitabı idi. Götürüb içini açanda ilk səhifəsinə baxdım: “Dəyərli və hörmətli Elxan müəllimə sevgilərlə...” Yazıçının imzası da yazının altında idi. Kitabı cibimə qoyub restorandan çıxdım. Darvazanın yanına gələndə restoranın dayanacağında işləyən dayıdan “Khan Gold”un ünvanını soruşdum. Ünvanı öyrənəndən sonra getmək istəsəm də gecə olduğu üçün getmədim. Piyada parkın içilə evimizə gəldim. Evə gələndə bibim də, atam da, balaca qardaşım da yatmışdılar. Bircə Nuray oyaq idi. Ad günündə ona aldığım çəhrayı pijamalarını geyinib mətbəxdə oturub məni gözləyirdi.
- Qaqaş, mənim üçün şəkil çəkə bilərsən? - deyib üstümə cumdu, boynuma sarıldı.
Yorğun olsam da ona dedim ki, get gətir, çəkim. Nurayın sabahkı dərsi üçün ona lazım olan rəsmi çəkib onu yerinə uzandırıb yatırandan sonra mətbəxə gəlib soyuducunu açıb dünəndən qalan toyuq qızartmasını qızdırıb yedim. Çay içib Səxavətə zəng elədim. Telefonu anası açıb dedi ki, yatıb. Mən də çayı içib gedib yerimə uzanıb yatdım. Necə yorğun idimsə, uzanan kimi yuxu məni apardı. Zəngli saatı qoşmaq da yadımdan çıxmışdı. Elə ona görə də yatıb qaldım. Səhər saat 9-da bibim gəlib oyatdı məni. Oyanan kimi tez hazırlaşıb evdən çıxdım. Yenə dərsə gecikmişdim. Universitetin yanına çatanda yadıma düşdü ki, bu gün cəmi bir dərsim var. Ona da gecikmişəmsə, dərsə yarıdan girməyimin mənası yoxdur. Bir də gördüm ki, Səxavət arxadan qışqırıb məni çağırır:
- Gəl girək də dərsə.
- Gecikmişəm, həm də qayıbım yoxdur bu dərsdən.
- Onda mən girim dərsə, yoxsa üçüncü qayıbı da alsam limitə düşəcəm. Sən hara gedirsən?
Dünənki kitabı göstərib dedim ki, bunu aparacam Elxan müəllimə. Səxavət mənə “Khan Gold”un baş ofisinin ünvanını verdi. Gəlib çatdım. İlahi... Belə şirkətləri mən ancaq filmlərdə və seriallarda görmüşdüm. Şəhərdə görsəm də heç vaxt içində olmamışdım belə məkanların. Müştəri xidmətlərinə yaxınlaşdım. Elxan müəllimlə görüşmək istədiyimi deyəndə qız mənə qəribə baxdı. Dedi, icazə yoxdur. Mən israr etsəm də qız icazə vermədi. Gedib şirkətin önündə durdum. Yağış yağmağa başladı. Mən içəri girib yenidən qıza yaxınlaşanda qızın sanki ürəyi yumşaldı və mənə Elxan müəllimin yanına qalxmağa icazə verdi.
- Kim gəlir deyim?
- Dünənki restoranın qarderobundakı oğlan.
Mən dörd tərəfi güzgülü olan liftlə onuncu mərtəbəyə qalxdım. Dəhliz çox sakit idi. Elxan müəllimin otağına yaxınlaşdım. Katibəsi məni qarşıladı və Elxan müəllimin yanına apardı. Sonra bizə çay gətirmək üçün otaqdan çıxdı. Elxan müəllim pəncərənin yanında durub şəhəri seyr edirdi. Mən otağa girəndə ona yaxınlaşıb əl uzatdım. Sonra keçib əyləşdim. Elxan müəllim pəncərənin yanında durub mənə baxaraq:
- Kitabı gətirmisən?
- Hardan bildiniz?
- Çünki mən cibimdə həmişə kitab gəzdirirəm. Ondan başqa heç nə.
- Bəs pullarınızı hara qoyursunuz?
Bu sualı verəndən sonra utandım. Üzr istədim.
- Sən yenə üzr istəyirsən? Dünən sənə nə dedim?
- Dediniz ki, hər şeyə görə üzr istəməzlər.
- Ay sağ ol.
Qapı açıldı, katibə əlində sini içəri girdi və çayları önümüzə qoyub otaqdan çıxdı. Mən kitabı Elxan müəllimə verdim. Biz çayımızı içəndə Elxan müəllim başladı kitablardan danışmağa. Daha doğrusu kitabla insanın dostluğundan. Mən hələ də məşhur zərgərlə bir otaqda oturub onunla söhbət etdiyimə inana bilmirdim. Altmış yaşlı, saçı dümağ olan bu əsalı kişinin danışığı məni necə valeh etmişdisə, məktəbdə qalan bacım yadımdan çıxmışdı. Bu gün bacımı mən götürməli idim axı... Elxan müəllim söhbət etdiyi yerdə qəfil yerimdən sıçradım. Elxan müəllim özü də diksindi. Sonra mənə baxıb gülərək dedi:
- Narahat olma. Mən indi özüm də ofisdən çıxıram. Yolüstü deyərəm sürücü səni məktəbin qabağında düşürdər.
Elxan müəllimlə birgə şirkətdən çıxıb onun bahalı maşınına mindik. Mən maşına minməmişdən əvvəl sürücüyə ünvanı demişdim. Ömrümdə ilk dəfə idi ki, belə bahalı maşına minirdim. Hətta qapımı da sürücü açmışdı. Ürəyimdə gülürdüm ki, ofisiant işləyən Habilin qapısını sürücü açır... Maşında söhbət əsnasında Texniki universitetdə oxuduğumu dedim. Bir də dünəndən məni maraqlandıran əsas suallarımdan birini verdim:
- Nişanı olan bəy sizin qohumunuz idi?
- Oğlangil mənim qonşum olub. O uşaq balaca olanda babası ilə həmişə bizə gələrdi. Gözümün qabağında böyüyüb. Rəhmətlik babası ilə çox gözəl münasibətim var idi.
Bu sualımın da cavabını aldıqdan sonra Elxan müəllimlə söhbətimiz o qədər maraqlı davam elədi ki, məktəbin həyətinə necə çatdığımızı bilmədim. Bacımı məktəbin həyətindən götürdüm. Maşına yaxınlaşıb sağ ol demək istəsəm də Elxan müəllim bizi evə aparıb düşürməyi təklif elədi. Mən razılaşdım. Bacım maşında o qədər danışdı ki, Elxan müəllimin gülüşü ilə bacımın səsi aləmi götürmüşdü. Deyəsən, bacım onun ürəyini açırdı. Nuray albomu çıxardıb mənim çəkdiyim şəkilləri Elxan müəllimə göstərdi. Elxan müəllim mənə baxaraq dedi:
- Niyə rəsm bacarığın olduğunu demədin?
- Düşündüm ki, sizdən istifadə etmək istədiyimi düşünərsiniz.
Biz evimizə çatdıq. Maşından düşəndə Elxan müəllim mənə şirkətə gəlməyimi tapşırdı. Mən heyrət içində idim. Hansısa dostuma desəydim ki, “Khan Gold”un sahibi bu gün mənimlə yol yoldaşı olub, heç biri inanmazdı. Yoldaş demişkən, yadıma Səxavət düşdü. Bacımı evə ötürüb Səxavətgilə getdim. Hər şeyi ona danışdım, Səxavət sevindi. Dedi ki, bəlkə də bu bir şansdır. Səxavət doğrudan da yaxşı dost idi...
Mən işə gedib işlədim. Sonra yorğun-arğın evə gəlib yatdım. Səhər bibimlə birgə atamı xəstəxanaya apardım. Kimyaterapiyadan sonra atamı halsız halda taksi ilə evə gətirib Elxan müəllimin şirkətinə getdim. Bu dəfə qapıdan birbaşa girdim içəri. Elxan müəllimlə söhbət elədim. O mənə bildirdi ki, onun türklərlə olan layihəsində eskizləri çəkmək üçün bir köməkçiyə ehtiyacı var. Mən özümü saxlaya bilməyib sual verdim:
- Elxan müəllim, axı mən peşəkar deyiləm. Həvəskar rəssamam. Həm də siz elə böyük bir layihədə məni niyə özünüzə köməkçi götürürsünüz? Sizin şirkətinizdə işləmək istəyən olduqca istedadlı rəssamlar var.
O güldü və mənə baxaraq dedi:
- Mən indi tam əmin oldum ki, seçimimi düz etmişəm. Sənin bu sualını bir cümlə ilə cavablayacam. Mən sənə baxanda öz gəncliyimi görürəm. Hə, bu da sualının cavabı... Razısansa, elə bu gündən başla işə.
Mən razılaşdım. Elə həmin gündən işə başladım. İki aya yaxın eskizləri çəkdim. Amma zərgərlik mənə çox maraqlı gəldiyi üçün Elxan müəllimin yanında oturub onun əlinə baxırdım. Şirkətdə onun xüsusi şəxsi bir otağı var idi. Orada ancaq özünün hazırladığı əl işləri var idi. Mən ondan xahiş etmişdim ki, otaqda oturub ona tamaşa etməyimə icazə versin. Bu istəyim onun xoşuna gəlmişdi. Həmişə mənə deyirdi ki, sənin gözlərində bir işıq var. O işıqla sən və ətrafındakılar parlayacaq. Elxan müəllimin belə deməyi xoşuma gəlirdi.
Bu bir il ərzində mən universitetdən məzun oldum. Atam da kimyaterapiyalarını vaxtında elətdirirdi. Evdəkilər sözün yaxşı mənasında yağ-bal içində yaşayırdılar. Təbii ki, mən Elxan müəllimdən borc istəmirdim. Sadəcə maaşım o qədər yaxşı idi ki... Hətta Səxavət də Elxan müəllimlə tanış olmuşdu. Universitetdən məzun olanda sonra Səxavətə təklif gəldi ki, universitetdə qalıb dərs desin. Mən isə bir il ərzində artıq zərgərliyi də öyrənmişdim. Elxan müəllimlə sanki çox yaxın dost idik. O mənimlə dost kimi rəftar edirdi. Mənə və Səxavətə həmişə deyirdi ki, mən sizinlə bir yerdə olanda özümü gənc hiss edirəm. Elxan müəllim ailəsi haqqında çox az söz deyərdi. Bir onu bilirdim ki, övladı yoxdur. Həmişə ailəsi haqqında sual vermək istəsəm də çəkinirdim. Elə bilirdim ki, bu sualımı cavabsız qoyacaq və mən pərt olacaqdım.
Oktyabr ayının on altısı idi. İlk əl işimi hazırlayıb bitirib təqdim elədim. Elxan müəllim bəyəndi və satışa çıxardı. Səhəri gün Elxan müəllim mənə zəng edib onlara gəlməyimi istədi. Mən getdim. Evindəki köməkçilər ləzzətli səhər süfrəsi hazırlamışdılar. Yemək yeyəndə öyrəndim ki, bu gün Elxan müəllimin doğum günüdür. Mən Elxan müəllimə dedim:
- Kaş öncədən deyəydiniz... Hədiyyə alardım sizə.
- Mən doğum günlərimi keçirməyi sevmirəm.
- Səbəbi nədir?
- Bir azdan səninlə bir yerə gedəcəyik, orada hamısını biləcəksən.
Biz səhər yeməyimizi bitirdikdən sonra maşına minib şəhərdən uzaq dağlıq bir yerə gəldik. Sözün düzü, buranı ilk dəfə idi ki, görürdüm. Sürücü maşını iki mərtəbəli geniş eyvanı olan bir villanın qarşısına sürdü. Elxan müəllimlə maşından düşdük. Onun üzündə bu bir il ərzində görmədiyim qəribə bir təbəssüm var idi. Maşından düşən kimi başını qaldırıb eyvana baxdı və cəld içəri qaçdı. Elxan müəllimi ilk dəfə idi ki, qaçan görürdüm. Mən də ardınca içəri girdim. Evin bütün divarlarında rəsm əsərləri var idi. Sanki muzey idi. Elxan müəllimin ardınca ikinci mərtəbəyə qalxdım. Elxan müəllim təlaşlı halda tibb bacısından soruşdu:
- Niyə eyvana çıxarmamısan? Yoxsa?
- Narahat olmayın, Elxan müəllim. Sadəcə bu gün hava soyuq idi.
Mən otağa boylandım. Elxan müəllim içəri girməyimi istədi. Əlil arabasında boynu yanına düşmüş ağsaçlı bir qadın mənə baxıb gülümsədi. Mənim təəccübləndiyimi görən Elxan müəllim dedi:
- O səni tanıyır. Get görüş onunla.
Mən heç nə demədən qadınla görüşdüm. Ağlımda qadının kimliyilə bağlı heç bir fikir yox idi. Mən qadının yanına gedəndə boya olmuş əllərilə üzümə sığal çəkdi. Niyəsə qadının bu hərəkəti məni kövrəltdi. Gözümdən yanağıma yaş süzüldü. Yəqin ki, ən son on yaşım olanda belə sığal çəkilmişdi üzümə...
Elxan müəllim pəncərənin yanında oturaraq dedi:
- Həyat yoldaşımdır.
Qadın bu sözü eşidib gülümsədi.
- Yenə gülür. Düz deyirəm də... Sən mənim yoldaşımsan. Nə olsun ki, dəbdəbəli toyumuz olmayıb?!
Mən südəmər uşaq əmzik axtaran kimi onlara baxırdım. Elxan müəllim mənə baxaraq əlindəki təsbehi çevirə-çevirə danışmağa başladı:
- Mənim əmimgillə Zərifin atası qonşu idilər. Mən həmişə əmimgilə gələndə Zəriflə oynamaq istəyirdim. Amma o həmişə otların üzərində oturub kitab oxuyardı. Mən həmişə söhbət etmək üçün ona yaxınlaşmaq istəyirdim. Amma qorxurdum, elə bilirdim ki, mənə çox ağır söz deyib uşaqların içində biabır edəcək. Yay tətilində gəlib əmimgildə qalardım. Əmimdən tez-tez onun barəsində soruşardım. Əmim də gülüb deyərdi ki, o qız səndən böyükdür. Mən isə deyirdim ki, nə olsun, mən də böyüyüb onun yaşında olacam. Onda dərk eləmirdim ki, mən böyüdükcə Zərif də böyüyür. Üç ay yay tətilini əmimgilin bağında keçirdim. Əmim dediyim adam atamın əmisi idi. Yaşlı kişi idi. Özü kimi yaşlı bir arvadı da var idi. Atamın əmisindən başqa heç kimi yox idi. Yay tətili bitəndən sonra atam məni Bakıya aparanda getməmək üçün o qədər ağlayırdım ki... Bir gün elə həmişəlik o bağda yaşayası oldum. Mənim yeddi yaşım var idi. Evimizdə yanğın oldu. Anam içəridə qalmışdı. Atam onu xilas etməyə girəndə ikisi də yanıb öldülər. Anamın heç bir qohumu mənə baxmaq istəmədi. Yetimlər evinə vermək istəyirdilər. Atamın əmisi gəlib məni götürüb bura gətirdi. Əmimlə kəndə gəldiyim üçün xoşbəxt idim, lakin atamla anam üçün də darıxırdım. Uşaq ağlıdır da... Körpə yaşda valideyn itirəndə dərk etmirsən. Sevinirdim ki, Zəriflə bir yerdə olacağam. Danışa bilməsəm də o kitab oxuyanda oturub onu izləyəcəm. Mart ayı idi. Mən kənd məktəbində oxumağa başlamışdım. Bir gün yolda gedəndə it üstümə cumanda Zərif itləri qovdu və əlimdən tutub məni məktəbə apardı. Mənim yeddi, onun isə on beş yaşı var idi. O vaxtdan Zəriflə dost olduq. Həmişə dərsə bir gedib gəlirdik. Bir dəfə oğlanlardan biri ona sataşanda mən daşı oğlanın ayağının üzərinə atmışdım. Şəhərdə doğulub yeddi il orada yaşayan biri olaraq kəndə o qədər alışmışdım ki, sanki burada doğulmuşdum. Zərif məni öz evlərinə aparardı, anasının dadlı yeməklərindən yeyərdik. Ən yaxın dostum Zərif idi. Zərifi heç bir zaman kədərli görməmişdim. Ta ki, o günə qədər... Zərif anası ilə birgə toydan qayıdanda olduqları maşın qəzaya düşür, anası vəfat edir, Zərif isə gördüyün kimi...
Elxan müəllim cibindən dəsmal çıxarıb gözünü sildi və təbəssümlə sözünə davam elədi:
- Zərifin də atası zərgər idi. Zərif qəzaya düşəndən sonra atası kənddə olan zərgər sexini öz həyətlərinə köçürtdü. Darvazalarının yanında kiçik bir yerdə zərgər sexi açdı. Mən dərsdən gələn kimi dəftər kitabımı götürüb Zərifgilə gəlirdim, dərslərimi onlarda edirdim. Zərif tək qalmasın deyə günümü onunla keçirirdim. Əmimgil də icazə verirdi. Zərif yatıb dincələndə isə mən onun atası Xanlar əminin yanına gəlib onun əlinə baxırdım. Beləcə illərimi başa vururdum. Zərif də yavaş-yavaş anasının ölümünü qəbul edirdi. On birinci sinifə gedirdim. Kənddə imkanımız olmadığı üçün dərslərimi yaxşı oxuya bilmirdim. Hansı universitetə girəcəyimi də bilmirdim. Qəbul imtahanı yaxınlaşmışdı. Zərif təklif elədi ki, Mədəni-Maarif texnikumuna sənədlərimi verim. Mən də rəsm çəkə bilmirdim. Zərif dedi ki, mən sənə öyrədərəm, amma vaxt az idi. Zərif mənə öyrətməyə çalışsa da qəbul imtahanına cəmi bir həftə qalmışdı. Zərif mənim yerimə şəkil çəkdi, mən qəbul imtahanına apardım. Qabiliyyət imtahanını götürən müəllim də Zərifin atası ilə tanış idi. Xanlar əmi məni tapşırdı. Mən texnikuma qəbul oldum. Rəssamlıqda oxumaq Zərifin arzusu idi, amma səhhətinə görə qəbul ola bilmədi. Mənim texnikumdakı bütün şəkillərimi Zərif çəkib göndərirdi. Mən də kirayə pulumu ödəmək üçün Bakıda işləyirdim. Texnikumu bitirəndən sonra kəndə qayıtdım. Xanlar əmimin yanında köməkçi işlədim. Kənddə ad qazanmışdım. Başqa rayondan imkanlı adamlar gəlib bizim mağazada qızıllarını sifariş verirdilər. Hər şey yaxşı gedirdi. Amma Xanlar əmi fikir çəkib ürək xəstəliyi tapdı. Mağazanı mən işlədirdim. Qazandığım pulun yarısını Xanlar əminin müalicəsinə verirdim. Amma xeyri olmadı, Xanlar əmini xəstaxanaya yerləşdirdik. O, iki gün orada yatdı və can verəndə məni çağırıb Zərifi mənə əmanət elədi. Mən bu neçə illər ərzində Xanlar əmiyə bir kəlmə də deməmişdim ki, Zərifdən xoşum gəlir. Xanlar əminin vəfatından iki il sonra mən Zərifi də, əmimi də, onun yoldaşını da götürüb Bakıya köçdüm. Kirayə ev tutdum. Əlimdəki pulla Bakıda indiki baş ofisin yerində balaca bir yer açdım. Orada qızılları düzəltdim. Yavaş-yavaş mağazanı böyütdüm, sonra Zərif eskizləri çəkdi, mən hazırladım, beləcə mən kiçik sahibkar oldum. Sonra əmimlə yoldaşı da vəfat elədilər. Evdə Zərifə baxmaq üçün dayə də tutdum. Zərif mənim evlənməyimi, oğul-uşaq sahibi olmağımı istəyirdi, həmişə onun üstündə mənimlə dalaşırdı. Amma mən ondan başqa heç bir qıza baxa bilmirdim.
Elxan müəllim bu cümləni bitirəndə Zərifin gözlərindən yaş axırdı. Elxan müəllim əlindəki dəsmalla onun gözünün yaşını silmək üçün əyildi. Elxan müəllim Zərifin gözünün yaşını siləndə mən dayana bilməyib eyvana çıxdım və hıçqırtı ilə ağlamağa başladım. Mən hava alıb içəri qayıtdım. Elxan müəllim qaldığı yerdən davam elədi.
- Zəriflə biz evləndik. Amma həkimlər demişdi ki, Zərif heç bir zaman ana ola bilməyəcək. Qəzaya düşəndə onun uşaqlıq borusunu çıxarmışdılar. Bir neçə il evli qaldıq, sonra Zərif məndən ayrılmaq istədi. O deyirdi ki, evlənim, başqa qadından uşağım olsun. Mən bunu heç bir zaman qəbul etmədim... Edə də bilməzdim axı, - deyə Elxan müəllim əlindəki təsbehi mənə göstərdi. - Görürsən bu təsbehi? Bunu texnikuma girəndə Xanlar əmi mənə hədiyyə edib demişdi ki, bu təsbehlə qızım Zərifi sənə əmanət edirəm...
Mən boğazımı təmizləyib yavaşca sual verdim:
- “Khan Gold” adındakı Xan sözü...
Elxan müəllim sualımı yarımçıq kəsərək dedi:
- O Xanlar əminin şərəfinədir. Kənddə onu hamı Xan deyə çağırardı...
Elxan müəllim əlindəki təsbehi çevirərək başını qaldırıb üzümə baxaraq dedi:
- “Khan Gold”un əsl yaradıcısı bax sənin gözlərinin önündəki bu qadındır. Zərif olmasaydı, nə mən vardım, nə də “Khan Gold”...
Sonra Elxan müəllim, Zərif xanım və mən birgə eyvana çıxdıq. Elxan müəllimin ad günü tortunu ikisi bir yerdə kəsdilər. Mən isə onların videosunu çəkdim. Yağış yağmağa başladı, biz yenidən içəri girdik. Elxan müəllim əlindəki təsbehi mənə uzadıb dedi:
- Götür bunu, zərgər əmanətidir... İki gözün kimi qoru. Gör mən neçə illərdir qorumuşam...