Aprelin 23-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Sona Çərkəzin “Sənsiz ötən 30 il və ya sən dözməzdin mənim dözdüklərimə”... adlı kitabın təqdimat mərasimi oldu. Kitabda Sona Çərkəzin ömür-gün yoldaşı tanınmış folklorşünas alim, BDU-nun dosenti Çərkəz Quliyevin keçdiyi həyat yolu, onun haqqında yaxınlarının xatirələri yer alıb.
Təqdimat mərasimini giriş sözü ilə açan AYB-nin sədr müavini Rəşad Məcid Sona Çərkəzin yaradıcılığından bəhs etdi, BDU-nun müəllimi Çərkəz Quliyev haqqında xatirələrini məclis iştirakçıları ilə bölüşüb tədbiri aparmaq üçün sözü tənqidçi, şair, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangirə verdi.
Əsəd Cahangir öz çıxışında tələbəlik illərini, ona dərs deyən müəllimləri – Sona Çərkəzin özünəməxsus yaradıcılıq yolundan danışdı, keşməkeşli həyat yolundan və gözəl insani keyfiyyətlərindən söz açdı, Çərkəz Quliyevi xatırladı, tələbəlik illərindən bəzi məqamları yada saldı, tədbir boyunca Bəxtiyar Vahabzadənin, Tofiq Hacıyevin, Hidayət Orucovun, Esmira Çərkəzqızının, Aynur Bəşirlinin unudulmaz alim, pedaqoq Çərkəz Quliyev haqqında xatirələrini yada saldı.
Akademik Nizami Cəfərov Çərkəz Quliyevin bir alim kimi Azərbaycan folklorşünaslığının inkişafındakı xidmətlərindən danışdı, nəcib insani keyfiyyətlərindən söz açdı: “Çərkəz müəllimin vaxtsız faciəli ölümü onu tanıyanların hamısını sarsıtdı. Nə edəsən ki, dünya bizim həmişə təsəvvür etdiyimizdən daha mürəkkəbdir, daha az anlaşılan, daha az təhliləgələndir. Sona xanım gördüyümüz, tanıdığımız Çərkəzi günümüzün mükəmməl obrazlarından, mənəvi qəhrəmanlarından birinə çevirdi, onu yüksəltdi, əlçatmaz elədi. Və bu etibarına görə Sona xanımın özü də yüksəldi!”
Xalq yazıçısı Elmira Axundova öz kitablarında ömür-gün yoldaşını daima yada salan, onu yaşadan Sona xanımın yaradıcılığının, şəxsiyyətinin vurğunu olduğunu söyləyərək ona öz təşəkkürünü bildirdi.
Filologiya elmləri doktoru, professor Maarifə Hacıyeva Sona Çərkəz və Çərkəz Quliyev haqqında öz xatirələrini dilə gətirdi, eşqi yetim qalan Sona xanımın təqdim olunan kitabının gənc qızların təlim-tərbiyəsində, gələcək ailə həyatlarında bir örnək olduğunu, bu kitabın qızlara cehiz kimi verilməsinin vacibliyini vurğuladı.
Yazıçı-publisist Şəfəq Nasir Sona xanımın həyat və yaradıcılığı haqqında öz ürək sözlərini məclis iştirakçıları ilə bölüşdü: “Sona xanımın taleyi ilə barışması özünün özü ilə mübarizəsindən yarandı. Bu fədakar xanım bir daha dərk etdi ki, həyatda hər şey hərəkətdə olduğundan fəaliyyətə, qaynar işlərə ara vermək adamı ətalətə sürükləyir. İnsan daim işləməyə, çalışmağa, yaşamağa və yaşatmağa borcludur. Həyatın mənası da məhz onun sirli, əsrarlı olmasındadır. Sevdasının gözündə közərən Sona Çərkəzin həyatı belə bir əsrarəngizliyin təcəssümüdür”...
Tibb elmləri doktoru, professor, şair Paşa Qəlbinur Sona xanımın böyüyüb boya-başa çatdığı ailədən bəhs etdi, valideynləri, bacı-qardaşları haqqında danışdı. Ömür-gün yoldaşına sədaqətin məhz böyüdüyü ailədən qaynaqlandığını, Sona xanımın qələmə sarılaraq öz yazıları, poeziyası ilə Çərkəz müəllimi tanıyanların və eləcə də tanımayanların qəlbində daima yaşatdığını söylədi.
“Sona Çərkəz qələmə aldığı bütün kitablarında çox gərəkli mövzulara toxunur. Etibarlılara, dəyərlilərə üstünlük verir, dar günün dostlarından söz açır. Doğrudan da yaxşı gündə insanların hamısı adamın yanında olur, amma dara düşəndə... Sona xanım bu kitabı yazanda, bu həyatı yaşayanda tək özü və ürəyi olub şahid, indi isə bizlər, dostları və oxucuları, onun həyat yoluna bələdçilik edən kitabları və Çərkəz müəllimin ruhu ilə üz-üzəyik. Eşq olsun bu ürəyə!...” – Əczaçılıq elmləri namizədi Aida Bəndəliyeva təqdim olunan kitab haqqında öz fikirlərini söylədi.
Tədbirdə çıxış edən müxtəlif peşə sahibləri – hüquqşünaslar Adil Minbaşıyev və Alış Qasımov, AzTV-nin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Elnar Məmmədli, BDU-nun Rus dili kafedrasının müdüri Tahir Cəfərli, şairlərdən Xalidə Nuray, Nəzakət Məmmədli, Pakizə Məmmədzadə, araşdırmaçı alim Araz Şəhrili çıxış edərək Çərkəz müəllimdən sonra qələmə sarılaraq qəmi, qüssə-kədəri misralara hopduran, ömür-gün yoldaşına sadiqliyinin abidəsini ucaldan, onu unudulmağa qoymayan Sona xanıma uca Tanrıdan uzun ömür, cansağlığı, Çərkəz müəllimə rəhmət dilədilər.
Məclisin sonuna yaxın söz nəvə Çərkəzə verildi. Öz təsirli çıxışı ilə hamını kövrəldən nəvə üzünü görmədiyi, lakin Sona xanımın yazılarından tanıdığı baba Çərkəzi nənəsinin öz ömründə yaşatdığı, unudulmağa qoymadığı üçün yazar Sona Çərkəzə öz təşəkkürünü bildirdi.
Tədbirin sonunda çıxış edən Sona Çərkəz “Sənsiz ötən 30 il və ya sən dözməzdin mənim dözdüklərimə...” kitabının təqdimatının keçirilməsində xidməti olanlara, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara öz təşəkkürünü bildirdi, görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Məlahət Qənbərova