Azərbaycan ədəbiyyatına yeni metodoloji və elmi-nəzəri düşüncə müstəvisində
baxışlar -TƏYYAR SALAMOĞLU
Azərbaycan ədəbiyyatşünası, tənqidçi, pedaqoq, fololoqiya elmləri doktoru, professor Təyyar Salamoğlu tanınmış, nüfuzlu alimlərimizdəndir. Onun geniş və coxşaxəli elmi-nəzəri fikirləri Azərbaycan ədəbiyyatşünaslığının bütün sahələrinin inkişafında dəyərli elmi məxəzlərdir.
Təyyar Salamoğlu "Müasir Azərbaycan romanının poetikası (XX-əsrin 80-ci illəri)" (2005), "Müasir Azərbaycan romanı: janr təkamülü: XX əsrin 80-ci illəri" (2007) monoqrafiyalarının, "Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri" (2008), "Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar" (2009), "Azərbaycan ədəbiyyatının müasir problemləri" (2014) adlı elmi-nəzəri və ədəbi-tənqidi məqalələrdən ibarət kitabların müəllifidir.
Sovet dövrü Azərbaycan ədəbiyyatının yeni metodoloji və elmi-nəzəri düşüncə müstəvisində təhlil və tədqiqatını aparan alim "Müasir Azərbaycan ədəbiyyatı" (2012), "İsmayıl Şıxlının bədii nəsri" (2014), "Qarlı aşırım"dan keçən yollar" (2016), "Mir Cəlal nəsri və müasirlik" (2018) kitablarında Mir Cəlal, Mehdi Hüseyn, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Fərman Kərimzadənin yaradıcılıq yolunu müstəqillik dövrünün ədəbiyyatşünaslıq düşüncəsi ilə təhlilini vermişdir. Son illərdə qələmə aldığı “Azərbaycan tənqidi realizminin estetikası” (2018), “Ədəbiyyat və siyasət” (2023) kitablarının da elmi-nəzəri dəyərləri böyükdür.
Ədəbiyyatşünas alimin yaradıcılıq istiqamətlərindən biri də Azərbaycan ədəbi tənqid tarixidir. Onun "Ədəbi tənqidin tarixinə dair portret-oçerklər" (2011; 2013; 2014) adlı dərs vəsaitində M.F.Axundzadə, F.Köçərli, Ə.Hüseynzadə, Ə.Nazim, H.Zeynallı, B.Çobanzadə, M.Arif, M.C.Cəfərov, C.Xəndan, Ə.Hüseynov, B.Nəbiyev, N.Cəfərov və başqalarının tənqidçi portreti yaradılmış, tənqid tarixinin bəzi mərhələlərinə dair icmal məqalələr verilmişdir.
***
Mühacir ömrü yaşan azərbaycanlı sənətkarlarımızın ziaylılarımızın taleyi həmişə alimlərimizi düşündürüb. Müstəqilliyimizin ilk illərindən onların həyat və yaradıcılığının ən fəal araşdırıcılarından biri Təyyar Salamoğludur. 1990-cı illərdə çap olunan məqalələrini mətbuatda oxuyurduq. T. Salamoğlu bu məqalələri toplayıb "Faciəli talelər" (1998) adlı kitabı çap etdirib. Azərbaycanda keçən əsrin əvvəllərində çap olunan mətbu orqanlardan “Zənbur”, “Tuti”, “Həyat”, “Molla Nəsrəddin” “Maarif və mədəniyyət” və s. jurnallarda bədii və publisist yazıları ilə tanınan Səməd Mənsur, mühacir ömrü yaşayan, şair Almas İldırım, repressiya qurbanları istiqlal şairi Əhməd Cavad, Umgülsüm Sadıqzadənin acı taleyindən bəhs edən portret-oçerklərdə təəssübkeş alim kimi çıxış edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, sovet rejiminin cirkin siayətinin qurbanı olan xalqını, millətini, torpağını sevən dəyərli şəxsiyyətlərin mühacir, sürgün həyatı yaşamasının araşdırılıb üzə çıxarılmasında ədəbiyyatşünalarımızdan Asif Rüstəmlinin, Abid Tahirlinin, Bədirxan Əhmədov və başqalarının apardığı tədqiqatlar da son illərdə bu sahədə araşdırmaların miqyasını genişləndirib.
***
Ədəbiyyatşünaslıq tariximizdə bu sahədə sanballı elmi-nəzəri fikirləri ilə tanınan tənqidçilər, ədəbiyyat nəzəriyyəçiləri və ədəbiyyat tarixçilərimiz vardır. Sovet dövrü ədəbiyyatşünaslığı özünəməxsus ideoloji planlarla köklənirdi, “həm də danılmaz həqiqətdir ki, sovet dövrü ədəbiyyatşünaslığında “sovet ideologiyası”, “kommunizm stixiyası”, “bolşevik arşını”, “sosialist baxışı” deyilən bir meyar, bir şablon, siyasi bir tələb də var idi. Tədqiqatların, təhlillərin, fikirlərin əksəriyyəti də siyasi rejimin ideoloji tələblərinə, diktəsinə, şablonlarına uyğunlaşdırılırdı. Araşdırma və təhlildə hər şeyə həqiqətin gözü ilə yox, ideologiyanın gözü ilə baxmaq tələb olunurdu. Əlbəttə, nəticə ciddi fəsadlara, yanılmalara, səhvlərə, təhriflərə, məntiqsiz qənaətlərə gətirib çıxarırdı. Təbii ki, bədii mətnin, sənətkar idealının və qayəsinin, müəllif amalının və ideyasının məntiqi ilə siyasi ideologiyanın məntiqi bir çox hallarda uyuşmur, hətta biri digərini inkar edirdi. Beləliklə, obyektiv düşüncə, təhlil və meyarlardan uzaq ədəbiyyat tarixçiliyi və ədəbi tənqid meydana gəlirdi. Bu isə görülən böyük işlərə kölgə salır, həqiqəti həqiqət kimi ortalığa qoymağa imkan vermirdi” (prof.Yaqub Babayev).
Bütün bu yanlışlıqların, qüsur və nöqsanların, hətta ədəbiyyatımızın inkişafına əngəl olması, böyük əsərlərin yazılmasına imkan verməməsi, yazılanların da senzura tərəfindən qayçılanaraq çap olunması yazıçının, şairin ruhunu parçalamaq kimi çirkin siyasət idi. Eynilə bu əsərlərin təhlil və tədqiqatını aparan ədəbiyyatşünaslar da o reallıqlarla yaşayırdı, rejimin senzurasından kənara çıxa bilmirdi.
Müstəqilliyimizi əldə etdikdən sonra bu dövrün ədəbiyyatına və ədəbiyyatşünaslığına dair apardığı tədqiqat işlərində Təyyar Salamoğlu bir ədəbiyyatşünas kimi bu qüsurları, nöqsanları doğuran rejimin qəddar siyasətinə “aydınlıq” gətirməyi, ədəbiyyat tariximizin keçdiyi yola yeni baxışlarla baxmağı, reallıqları üzə çıxarmağı qarşısına məqsəd qoyan və buna nail olan ədəbiyyatşünas kimi ugurlu fəaliyyəti ilə tanınır.
Sirr deyildir ki, sövet dövrünün tarixçiləri kimi, ədəbi-tənqidçiləri də ədəbi-bədii hadisələrə münasibətdə kommunist ideologiyasının, sösializm rejiminin senzurasına uygun elmi-nəzəri, publisistik təhlil və tədqiqatlar aparmağa məcbur idilər. Əks təqdirdə yaşayacaqları acı talelərə imza atmalı olurdular. Bu mənada “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqi ilə məşğul olan alim və yazıçılarımızın başları çəkən müsibətləri söyləmək kifayət edir. Bununla belə, o dövrün fədakar tədqiqatçı alimlərindən Salman Mümtazların, Həmid Araslıların prinsipiallığı, fikirlərindən dönməzliyi, milli mənəvi dəyərlərimizə sədaqəti sovet rejiminin dağılması ilə üzə çıxdı və bir çox reallıqlar müstəqillik dövrümüzdə açıldıqca onların necə bir mühitdə fəaliyyət göstərdiklərinin də şahidi oluruq.
XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış, yaratmış böyük sənətkarlarımızın da həyat və yaradıcılığı sosializm realizm prinsiplərinə uygun təhlil və tədqiqatını tapmışdır.
“Milli şüurun formalaşması, milli birliyimizin möhkəmlənməsi”nə mane olan sovet rejiminin “milləti parçalayaraq idarə etməyə” üstünlük verdiyini, ümumiyyətlə, sovet rejiminin “bu siyasətlə” hakimiyyətə gəldiyini, “bu rejimin hakimiyyətə gəlməsində sinfilik amili”nin həlledici rol oynadığını vurğulayır. “Onun siyasətində ancaq aşağı təbəqənin nümayəndələri xalqın, millətin təmsilçisi kimi qəbul olunması, yuxarı təbəqənin isə bir sinif (təbəqə) kimi ölümə məhkumluğu məsələsinin qaldırılması”nı yolverilməz bilir, Millətin formalaşması üçün Azərbaycan burjua millətinin tərkibində olan burjuaziya və proletariat, bəylər və kəndlilər, tacirlər və sənətkarlar və başqa” bu kimi təbəqələr arasında harmonik münasibətlərin olmasının vacib şərt olduğunu vurğulayır: “Milli birlik yalnız bu harmonik münasibətlərin qorunduğu şəraitdə formalaşa bilərdi. Sovet rejiminin ideoloqları da bunu yaxşı bilirdilər. Lakin rejimin ideoloqları onu da yaxşı bilirdilər ki, sosial təbəqələr arasındakı harmonik münasibət, başqa sözlə, milli birlik müstəmləkə rejiminə qarşı potensial gücdür, milli dövlət yaratmaq uğrunda mübarizənin potensial şərtidir. Potensial gücü, əslində ictimai qanunauyğunluğu mümkün qədər pozmaq, zəiflətmək üçün sosializmin ideoloqları aşağı və yuxarı təbəqələr arasında barışmaz, antaqonist ziddiyyətlərin olması ideyasını dövriyyəyə buraxır, iki tərəfi düşmən təbəqələr kimi üz-üzə qoyur, birinciləri haqqı tapdalananlar, istismar olunanlar, ikinciləri isə haqqı tapdayanlar, istismarçılar kimi qələmə verir, beləliklə, milli birliyin formalaşmasına, möhkəmlənməsinə sağalmaz yara vururdular. Sovet rejimi bu baxış sistemini humanitar düşüncəyə ötürür, dialektik materializm, tarixi materializm adı altında onun fəlsəfəsini hazırlayır, xalqın tarixini, o cümlədən ədəbiyyat tarixini ancaq bu istiqamətdə yazmağa və şərhə icazə verirdi”.
Bunu “klassik irsimizin ədəbiyyatşünaslıq şərhlərində açıq-aşkar görünən bir cəhət” olması, onu narahat edən məsələlərdəndir. “Halbuki milli ədəbiyyatımız tarixilik mərhələsinə qədəm qoyandan sonra, yəni prinsip etibarı ilə M.F.Axundzadədən başlayaraq milli varlığın inkişafı, onun sosial bütövləşməsi, milli şüurun inkişafı, milli özünüdərk uğrunda ardıcıl mübarizə aparıb. Başqa sözlə, Azərbaycan ziyalıları öz üzərinə milli ideoloq funksiyası götürərək xalqın millət kimi formalaşması üçün böyük bir hərəkat başlamışdı. M.F.Axundzadədən "Əkinçi"yə, "Ziya"ya, "Kəşkül"dən "Şərqi-rus"a, "Molla Nəsrəddin"ə, "Füyuzat"a qədər görülən işlər bu məqsədin həyata keçirilməsinin əlamətdar cəhətləri idi. Hərəkat milli birlik, bütövlük zəminində davam edirdi. Bu, milli tərəqqi uğrunda milli birlik hərəkatı idi. Əgər İkinci Qarabağ savaşındakı qələbəmizdən sonra Azərbaycan xalqının nümayiş etdirdiyi "milli ruh, ləyaqət, Vətənə sevgi"dən danışırıqsa, bütün bunların tarixi köklərini Azərbaycan xalqının millət kimi formalaşmağa başladığı ilk mərhələdə (XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində) görülən işlərdə, humanitar düşüncənin sağlam istiqamətdəki fəaliyyətində axtarmaq lazımdır”- deyir.
Müstəqillik dövr ədəbiyyatşünaslarından olan Təyyar Salamoğlu öz araşdırmalarını demokratik prinsiplərə, azad söz və demokratiya prinsiplərinə uygun, heç bir senzura və basqı altında olmadan aparır, bu dövrün sənətkarlarından C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, İ.Musabəyov, S.M.Qənizadə, A.Şaiq, C.Cabbarlı, Ə.Cavad, U. Sadıqzadə kimi maarifçi, realizm, romantizm cərəyanının nümayəndələrinin yaradıcılığını, ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində ilk dəyərli tədqiqatlar aparan F.Köçərli, S.Hüseyn, Ə.Hüseynzadənin irsini yeni metoloji konsepsiya əsasında araşdırmışdır. “XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının aktual problemləri (Bakı, “Elm və təhsil”, 2021, 664 səh. ) adlı kitabında “milli tənqidi və maarifçi realizmlərin, romantizmin yeni estetik prinsiplərinin müəyyənləşdirilməsi istiqamətində” dəyərli, əsaslı fikirlər irəli sürür.
Həssas alim kimi onu narahat edən məsələnin başqa bir tərəfi olduğunu yazır. “Sözü gedən dövrdə humanitar düşüncənin tərkib hissəsi olan estetik düşüncənin qazandığı uğurlar, həyat həqiqətinin gerçək bədii ifadəsi ədəbiyyatşünaslığımızda hələ də obyektiv və milli mənafedən, ümumən götürəndə” həllini tapa bilmədiyini, “Müstəqillik dövrünün "Azərbaycan tarixi" kitablarında milli burjuaziya nümayəndələri milli mənafenin təəssübkeşi, onun inkişafı uğrunda çalışan qüvvələr kimi” təqdim olunduğunu yazır. Milli burjuaziyanın ən nəhəng nümayəndələrindən və daha çox məşhur olanlarından biri kimi H.Z.Tağıyev adının çəkildiyini, Azərbaycan milli burjuaziyasının neft sənayesində Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov, Manafov, yeyinti sənayesində Ağabala Quliyev, Zülfüqarovlar, Səttar Kərimov, ipək emalı sənayesində Hacı Kərim Vahaboğlu, Hacı Əbdül Rəhimov, balıqçılıqda Əhməd Mustafaoğlu və b., gəmiçilikdə Hüseynovlar, Dadaşovlar və onlarla b. təmsil etdikləri" haqqında söhbət açdığnı, onların istismarçılığı haqqında “heç bir fakt” təqdim etmədiyini yazır və qeyd edir ki, “biz bu təqdimatın arxasınca düşüb gedəndə, milli burjuaziyanın adı tariximizə düşmüş bu nümayəndələrinin fəaliyyəti haqqında daha təfərrüatlı məlumatlar alanda, onların hamısının gördükləri işlərin, ilk növbədə, milli mənafeyimizə uyğun olduğunu, milli tərəqqiyə təkan verdiyini müşahidə edirik. Tarixin hansı səhifəsini çevirsək, hansı mənbəsinə diqqət yetirsək, milli burjuaziyanın, başqa sözlə, yuxarı təbəqəyə mənsubların millət naminə gördükləri işlərin sonsuz izlərinə rast gələrik”.
“Yeddi cildlik "Azərbaycan tarixi"nin 1900-1920-ci illərdən bəhs edən beşinci cildinin sonunda Milli Demokratik Respublikanın ideoloqlarının, dövrün görkəmli şəxsiyyətlərinin, Cümhuriyyət Hökumətində təmsil olunan millət xadimlərinin şəkilləri, ad və soyadları”nın (General Səməd bəy Mehmandarov, Rəşid bəy Əfəndiyev, Behbud xan Cavanşir, Xosrov bəy Sultanov, Xudadat bəy Məlik-Aslanov, Aslan bəy Səfikürdski, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Əkbər ağa Şeyxulislamov, Qara bəy Qarabəyov, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev, Nəriman bəy Nərimanbəyov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ceyhun bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov, Cavad bəy Məlik-Yeqanov, Həmid bəy Şaxtaxtinski və b.) verildiyini qeyd edən Təyyar Salamoğlu “ağa, bəy, xan titulu daşıyan, ağa, bəy, xan nəslindən və təbəqəsindən olan bu insanlar”ın Azərbaycan xalqının milli ideoloqları olduqlarını, onun tərəqqisi, müstəqil dövlət qurması uğrunda gecə-gündüz çalışdıqların qeyd edir, onların yuxarı təbəqəyə mənsub olsalar da Azərbaycan ziyalısı kimi millətin taleyini düşündüyünü yazır: “Müstəqillik dövrünün tarix kitabları "Azərbaycanın qabaqcıl ziyalı nümayəndələrini millətin taleyi düşündürürdü" cümləsini yaza bilirdisə, bu həmin yuxarıda adlarını çəkdiyimiz insanların fəaliyyəti ilə birbaşa bağlı idi”-deyir. 70 illik sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edilməsinə qoyulan yasaqlar, sovet rejiminin “cəmiyyətin yuxarı təbəqəsinə düşmən münasibət bəslədiyi üçün yuxarı təbəqə nümayəndələrinin milli inkişaf, milli dövlətçilik, milli birlik uğrunda mübarizəsini” gözdən saldığını, bəy, xan, ağa titulu daşıyanlar istismarçı sinfə mənsublar kimi ya arxa plana keçirildiyini, ya da onların fəaliyyətlərinin üstündən “sükutla” keçildiyini, bunun acı nəticəsini (cəmiyyətin müxtəlif sosial təbəqələri arasında normal əlaqələri pozur, milli birliyin formalaşmasına əsaslı zərbələr endirirdi-T.S) diqqətə çəkir. Müstəqillik dövrünün tarix kitablarında yuxarı təbəqə nümayəndələrinin fəaliyyəti, sovet dövrünün tarix kitablarından fərqli olaraq, “obyektiv” dəyərləndirildiyi, “tarixçinin tarixi faktlarla yanaşmaları ilə müqayisədə ədəbiyyatşünaslığın ədəbi faktlara, materiallara yanaşmalarında ciddi fərqlər” müşahidə edildiyini bildirən T.Salamoğlu bu fikirdədir ki, “Müstəqillik dövrünün ədəbiyyatşünaslığının sovet ədəbiyyatşünaslıq inersiyasından bütövlükdə çıxdığını söyləyə bilmərik. Ədəbi faktların, bədii materialların sinfi-zümrəvi mövqedən qiymətləndirilməsi kimi milli mənafeyə zidd olan ədəbiyyatşünaslıq konsepsiyası indi də qalmaqdadır. Ədəbiyyatşünaslığımız ictimai yuxarıların obrazlarına hələ ki, mətn həqiqətlərindən çıxış edərək, onları fərdi xarakter səviyyəsində qiymətləndirməyə hazır görünmür”.
Bu cəhətdən Akademik İsa Həbibbəylinin tədqiqatlarını dəyərləndirir: “Görkəmli alim Cəlil Məmmədquluzadənin müasirləri və böyük ədibin başında durduğu maarifçilik hərəkatının fəal üzvləri olan bu insanların hər birinin vətəndaşlıq missiyası nöqteyi-nəzərindən və soydaşlarının maariflənməsi, sosial hüquqlarının dərki istiqamətində gördükləri saysız-hesabsız işlərdən danışır, onların maarifçi-müəllim, maarifçi-hüquqşünas, ən ümdəsi isə maarifçi vətəndaş obrazlarını yaradır, əgər belə demək mümkünsə, tarixi haqlarını özlərinə qaytarır. İ.Həbibbəyli sübut edir ki, vətən və millət naminə aramsız fəaliyyətlərində bu insanları yalnız bəylik, ağalıq, xanlıq titulları birləşdirmir. Əksinə, bəylər, ağalar, xanlar millət və vətən yolunda mübarizə amalı ilə birləşir, bu amalla sona qədər fəaliyyət göstərirlər. Tədqiqatda önə çəkilən bu fəaliyyət tarixin sözü və səsi kimi, tarixi gerçəklik kimi bizim düşüncəmizə daxil olur və oradan bəyin, xanın, ağanın birmənalı istismarçı, zalım, tüfeyli obrazını silib atmağa istiqamətlənir”.
Onun fikirlərinə ("Keçmiş sovet hakimiyyəti illərində yazılmış ədəbiyyatşünaslıq əsərlərində istər-istəməz həmin cəmiyyətin hakim ideologiyasının az və ya çox dərəcədə təsiri qalmışdır. Bir qayda olaraq, yazıçı və şairlərin tərcümeyi-halından bəhs edilərkən onların şəcərə etibarı ilə bəy və xan nəsillərinə aid olmaları gizlədilmiş, ən yaxşı halda adlı-sanlı qələm sahiblərinin "müflisləşmiş bəy ailəsində" dünyaya gəlməsindən söz açılmışdır. Sovet ideologiyası ədəbiyyatşünaslıqda klassik ədəbi irsdən bəhs edərkən yuxarıları- ədəbiyyatdakı bəy və xan obrazlarını istismarçı sinif, aşağıları - xüsusən də kəndliləri avam və cahil kimi göstərmək formatını ön mövqeyə çəkmişdir" (İ.Həbibbəyli. Yeni ədəbiyyat tarixçiliyi konsepsiyası və ilk elmi addımlar. / Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı. Bakı. Elm və təhsil. 2018. s.7) diqqəti çəkir. Bu həqiqətin “artıq heç bir şübhə” doğura bilməsə də, “müstəqillik dövrünün ədəbiyyatşünaslığında da yuxarı təbəqə obrazlarını bu müstəvidə dəyərləndirmək ənənəsi”nin qaldığını yazır. “Sovet ədəbiyyatşünaslığında olduğu kimi, müstəqillik dövrünün ədəbiyyatşünaslığı da sənətkarların, xüsusən tənqidi realistlərin bəy, xan, kapitalist, mülkədar obrazlarına ünvanlanmış gülüşünü bütövlükdə satirik gülüş hesab edir. Satirik gülüşə isə öldürücülük, məhvedicilik xarakteri verərək yuxarı təbəqənin bir sinif kimi yaşamaq haqqının olmadığını elmi (və həm də ictimai) dövriyyəyə buraxır. Sovet ədəbiyyatşünaslıq düşüncəsinin inersial olaraq müstəqillik dövrünün ədəbiyyatşünaslıq düşüncəsinə nüfuzu ona imkan vermir başa düşsün ki, məsələn, Sabirin açdığı dava bəyliyə, ağalığa, mülkədarlığa, kapitalistliyə, şahlığa, sultanlığa qarşı deyildi. Sabir hər bir təbəqə nümayəndəsinə konkret situasiyadakı konkret hərəkət və əməlinə görə qiymət verirdi. Sabir ictimai və milli şüur yoxsulluğuna qarşı mübarizə aparırdı. Sabirin fəhləyə, kəndliyə qarşı yönələn tənqidi də tərbiyəedici xarakter daşıyırdı. Məqsəd burjua cəmiyyətinin müxtəlif sosial təbəqələri arasında birlik, harmoniya yaratmaq idi. Məqsəd kapitalistə, mülkədara izah etmək idi ki, fəhlə də, kəndli də onun millətinin nümayəndələridir. Sabir və sabirlər milli birlik, harmoniya yaratmaq uğrunda mübarizə aparır, milli tərəqqinin yolunu bunda görürdülər. Bu mənada "Dəmir yumruq" konsepsiyasının tarixi kökləri sabirlərin apardığı milli mücadilə hərəkatı ilə bağlanır. Buna görə də klassik irsimizin "Dəmir yumruq" siyasətinə birbaşa töhfələr verməsi üçün ədəbiyyatşünaslığımızın yuxarı təbəqə obrazlarına total və eyni zamanda "qəti rədd və inkar məzmunu" daşıyan münasibətini dəyişmək lazımdır”.
Müstəqillik dövrünün ədəbiyyatşünaslığında bu istiqamətdə gedən işləri, yuxarı təbəqə nümayəndələrinə baxış sistemindəki "yumşalma"nın hiss edildiyini, “bunun sənətkarların tərcümeyi-halının öyrənilməsinə konseptual tətbiqi faktları da” meydana çıxdığını, bu mənada akademik İsa Həbibbəylinin "Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri" monoqrafiyasını (2009) bu istiqamətdə ilk ciddi addım hesab edildiyini yazır:
***
Təyyar Salamoğlu ədəbiyyat tariximizə münasibətində də mükəmməl ədəbiyyat tarixçisi kimi çıxış edir. Onu ədəbiyyat tariximiz yazılarkən XIX-XX əsr sənətkarlarının şəxsiyyəti, fəaliyyəti, əsərləri haqqqında söylənilən fikirləri, yarımçıq, səthi aparılan tədqiqatların, rejimin diktəsinə uygun aparılan təhlilləri və tədqiqatların qüsurlarını görən, bu nöqsanların aradan qaldırılması üçün tutarlı, real faktlara istinad edərək daha doğru və dürüst şəkildə onların tarixini gündəmə gətirən tədqiqatçı kimi də tanıyırıq. Bu dövr ədbi-tənqidi, tarixi səpgidə yazılan yazılarında Təyyar Salamoğlu sırf ədəbiyyat tariximizin düzgün yaılmasına çalışan fədakar ədəbiyyat tarixçisi kimi də diqqəti çəkir.
Təyyar Salamoğlu ədəbiyyatımızın böyük bir dövrünü - XIX əsr və XX əsrin əvvəllərində inkişaf edən ədəbi prosesin, sovet dövründə, eləcə də müstəqillik dövrün ilk illərindən üzü bəri inkişafındakı özünəməxsus xüsusiyyətlərinin təhlil və tədqiqatını aparır. Əldə etdiyi ugurları həmkarları yüksək dəyərləndirir. “Hər ədəbi-tarixi mərhələnin dinamikasını, inkişaf tendensiyasını və təmayülünü, ictimai-siyasi, ədəbi-mədəni mühitin ədəbi prosesə təsirini duymaq, bütün həqiqətləri ilə dərk etmək tədqiqatçıdan xüsusi hazırlıq, fəhm, bilik, idraki qabiliyyət, filoloq duyğusu tələb edir. Təyyar müəllimin əksər araşdırmalarında biz bu deyilənlərin şahidi oluruq. Uşaq nəsrindən yazanda da, Azərbaycan ədəbi tənqidinin tarixini araşdıranda da, Azərbaycan romanlarını şərh edəndə də, ayrı-ayrı ədəbi şəxsiyyətlərimzin yaradıcılıq məhsullarını təhlilə cəlb edəndə də, çağdaş ədəbi prosesə nüfuzunda da biz onu səriştəli, duyumlu və təmkinli bir ədəbiyyatşünas ampulasında görürük. Çünki həm auditoriya, həm də axtarış həvəsi, cəfakeşliyi və nəhayət, təcrübəsi T.Salamoğlunu bir müəllim-müdərris və alim kimi “bişirmişdir”, yetkinləşdirmişdir (Y.Babayev).
***
Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslığı tarix boyu xaqlın, millətin mənafeyini müdafiə edən ədəbiyyat olub. Müstəqilliyimizin ilk illərindən bu proses daha geniş miqyas alıb. Azərbaycan dövlətinin apardığı siyasət xalqın və dövlətin birliyinin təntənəsidir. 90-cı illərdə Müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsindən, qüdrətli bir dövlətə çevrilməsindən qorxan bəzi bədxah qonşularımızın xəyanəti ucbatından torpaqlarımızın bir hissəsi rus imperiyasının dəstəyi ilə ermənilər tərəfindən işğal edildi. Xalq böyük sarsıntı keçirsə də dəyanəti, iradəsi ilə bu çətinlikləri faciələri dəf edə bildi. Məhz xalq və dövlətin birliyi düşmənə “Dəmir yumrug”umuzun zərbəsini göstərdi. 5 illik zəfər tariximizin sevincini yaşadığımızı indiki günlərdə ədəbiyyatımız dövlətimizin siyasəti ilə birlikdə bu yolda birgə addımlayır. Təyyar Salamoğlunun “Siyasətin fəlsəfəsi və ədəbiyyatımız” məqaləsi bu siyasi ədəbi fəallığın, milli birlyin, milli ruhun qazandığı müvəffəqiyyətləri əks etdirən ən yaxşı yazılardan biridir. "Dəmir yumruğ"un fəlsəfəsində milli birliyin yeri və ədəbiyyatımız”a diqqəti yönəldən Təyyar Salamoğlu “bu birliyin, ruhun formalaşmasında zaman-zaman ədəbiyyat xadimlərinin üzərinə mühüm vəzifələr” düşdüyünü yazır. “Əgər nəzərə alsaq ki, İkinci Qarabağ savaşında "bizi qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi", Heydər Əliyevin hələ 1997-ci ildə üzünü sənətkarlara tutaraq tövsiyə etdiklərini də nəzərə alsaq və meydana çıxan ədəbi-bədii nümunələri göz önünə gətirsək, müstəqilliyimizdən keçən 30 ildən artıq müddətdə ədəbiyyatımızın üzərinə düşən funksiyanı lazımi qədər yerinə yetirməsini söyləmək olar. Eyni zamanda, dövlət siyasətimizdə yaddaş probleminin prioritetə çevrilməsinin, gənclərin Qarabağ sevgisi, Vətən sevgisi ilə tərbiyə edilməsinin, ədəbi prosesin bütövlükdə bu ruha köklənməsinin əhəmiyyətini tam təsəvvür etmək olar. Qarabağ mövzusunda yüzlərlə bədii əsərin yazılması, onların orta və ali məktəblərdəki tədris prosesinə aktiv nüfuzu da bunun göstəricisidir”.
***
Azərbaycanın ümummilli lideri Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik dövründə daima xalqının böyük ziyalılarının, bu xalqın ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, elminin... təəssübkeşi olub. Xüsusilə senzuradan qaçan, rejimin əleyhinə olan, hətta hər cür senzura iplərini qırıb keçən, öz taleyini düşünməyən, bu mənada başı müsibətlər çəkən 37 il repressiya qurbanlarının taleyindən “dərs almayan” zaman-zaman azadlıq buxovlarından qurtulmağa şalışan öz sözünü deyən ədəbiyyat - məslək adamlarının “müdafiəçisi” olub. «Kitabi-Dədə Qorqud»u «gənc nəslə ünvanlanan bir kitab» kimi dəyərləndirərkən narahat olduğu məqamları dilə gətirirdi. Ona tarixi reallıqlarla yanaşırdı: «Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin. Bunun üçün isə o, azərbaycançılığın, mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Bu çox mühüm məsələdir. Məhz bu baxımdan «Kitabi-Dədə Qorqud ensiklopediyası» ilk növbədə gənc nəslə ünvanlanan kitabdır» - deyirdi.
Təyyar Salamoğlu “Ümummilli lider Heydər Əliyevin ədəbiyyat strategiyasında sovet dövrü Azərbaycan ədəbiyyatının yeri” yeri məqaləsində bu məsələlərə toxunur. Məqalədə Ümummilli lider Heydər Əliyevin ədəbiyyat strategiyasının bəzi mühüm cəhətlərinə aydınlıq gətirilir. Eyni zamanda bu gün daha çox mübahisə obyektinə çevrilən sovet dövrü Azərbaycan ədəbiyyatına baxış sistemi açıqlanır. “Ulu Öndərin bu dövrün ədəbiyyatına tarixilik prinsipi ilə yanaşılma zərurəti ilə bağlı mülahizələri metodoloji başlanğıc kimi qəbul edilir. Heydər Əliyevin Azərbaycan xalqının milli istiqlal düşüncəsinin formalaşmasında oynadığı və oynaya biləcəyi rola verdiyi qiymətlər sovet dövrü ədəbiyyatının ümumən götürəndə müasirliyini şərtləndirən amil kimi şərh edilir”.
Biz bu mövzuyala bağlı yazılarımızda qeyd etmişdik ki, “Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan böyük şəxsiyyət, bu gün xalqımızın Ümummilli Lider kimi yüksək ada layiq gördüyü tarixi şəxsiyyət, Azərbaycan dövlətinin mahir sərkərdəsi, dövlət başçısı, mənəvi sirdaşı, qardaşı Heydər Əliyev 1969-cu ildən üzübəri müəyyən fasilələrlə Azərbaycan dövlətinə rəhbərlik etmiş, hər sahədə olduğu kimi Azərbaycan ədəbiyyatına, onun şair və yazıçılarına, alim, tənqidçi və dramaturqlarına, ümumən ədəbiyyatına və mədəniyyətinə arxa, dayaq olmuşdur. Ümummilli Liderimizin sayəsində Bakı həmişə ədəbiyyat və mədəniyyət günlərinin keçirildiyi mərkəzə çevrilmişdi. Hələ sovet Sovet dövründə «Yazıçıların Ümumittifaq konfransı»ndakı nitqində deyir: «Azərbaycan poeziyası, bədii ədəbiyyatı uzaq keçmişə dərin köklərlə bağlıdır. Onun tarixi xalqın bədii şüurunun yaranması və inkişafı tarixidir. Öz dahi yaradıcılarının şəxsində ədəbiyyat xalqın istək və arzularının ən mühüm ifadə forması, azadlıq və istiqlaliyyət uğrunda açıq və «üstüörtülü» mübarizənin başlıca vasitələrindən biri idi. Xalqın həyatının bədii salnaməsi olan, öz dövrünün mütərəqqi və humanist ideyalarından qidalanan Azərbaycan klassikası həmişə nəcib və pak mənəvi ideyalar, ideya-fəlsəfi axtarışlar ədəbiyyatı olmuşdur» (bax. HEYDƏR ƏLİYEV-100. 100 illik ömrün təntənəsi. Bakı, 2023.)
Təyyar Salamoğlu müstəqilliyimiz əldə etdikdən sonra bir sıra hallarda sovet dövrü mədəniyyətinə, ədəbiyyatına, o dövrün Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm kimi böyük sənətkarlarının yaradıcılığına, şəxsiyyətinə qarşı mənfi rəy yaradan və mətbuatda çap olunan yazılardan xəbərdar idi. Belə yazıları oxuyurduq. Həmin dövrdə dövlətin başçısı olan Heydər Əliyevin bir dövlət adamı kimi bu yazılara münasibətini görürdük. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza kimi böyük sənətkarların, o dövrdə repressiyaya məruz qalmış nəslin nümayəndələri kimi ədəbiyyatımızı, mədəniyyətimizi inkişaf etdirmələrini təqdirəlayiq bilən prezident «əgər 30-cu illərdə o itirdiklərimizlə yanaşı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və bizim o nəsildən olan görkəmli başqa şairlərimiz olmasaydı, onlar yazıb-yaratmasaydılar, o əsərlərimiz olmasaydı, indi bizim o dövr tariximizin, ədəbiyyatı, mənəviyyatı, mədəniyyəti nədən ibarət olardı? Mən bizim ədəbiyyatımızı Səməd Vurğunsuz da, Rəsul Rzasız da, Süleyman Rüstəmsiz də təsəvvür edə bilmirəm» - deyir və fikrini belə yekunlaşdırır: «Əgər kimsə 80-ci illərin axırları, 90-cı illərin əvvəllərində tariximizin böyük bir hissəsini cırıb atmaq istəyirdisə və bəzən onlar buna nail olurdusa, özləri heç bir xidmət etməmiş adamlar xalqa sədaqətlə xidmət etmiş insanları aradan çıxarmağa çalışırdılarsa, bunlar keçici bir şeydir. Gördünüz ki, onlar keçdilər, getdilər. Bu gün onu deyə bilərəm ki, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların yaradıcılığında bugünkü uyğun olmayan hansısa nüansları tapıb irad tutmaq, hesab edirəm ki, mənəviyyatsızlıqdır. Belə adamların özləri xalq, millət, ölkə üçün heç nə etməyiblər, əgər bizim xalq dili ilə desək, onlar nə Səməd Vurğunun, nə Rəsul Rzanın, nə Süleyman Rüstəmin dırnağı belə ola bilməzlər».
Təyyar Salamoğlu haqlıdır ki, “Ulu öndərin geniş dünyagörüşü, milli ədəbi prosesin təkamül yoluna dərindən bələdliyi onun milli ədəbiyyatın inkişaf yolunu tarixilik prinsipi əsasında qiymətləndirməsini şərtləndirirdi. Məhz tarixilik prinsipi ilə ədəbi prosesin hərəkətində yanaşmaları ona sovet dövründəki ədəbiyyatımıza nihilist baxışları təkzib etməyə və doğru qənaətlərə gəlməyə imkan verirdi. O, ədəbiyyat tariximizdə Süleyman Rüstəmin, Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rəhimovun, Mir Cəlalın və b. yerini, xidmətlərini dəqiq təsvir edir, milli ictimai düşüncənin keçən əsrin əvvəllərindəki sağlam ənənələrinin onların yaradıcılığında özünəməxsus şəkildə, təbii ki, tarixi şəraitin imkanları çərçivəsində yaşadıldığını yüksək dəyərləndirirdi”.
Təyyar Salamoğlu yazır: “Ulu Öndər bizim ədəbiyyatımızı nə üçün S.Vurğunsuz təsəvvür edə bilmirdi? Heydər Əliyevin S.Vurğun səxsiyyətini və poeziyasını idrakında və dəyərləndirməsində bu sualın son dərəcə aydın və məntiqli cavabını tapırıq. Onun dəyərləndirmələrinin əsas tezisləri aşağıdakılardır: “Səməd Vurğunun bütün əsərləri Vətənə məhəbbətlə, Azərbaycana, xalqımızın dilinə, milli ənənələrinə məhəbbətlə doludur. Səməd Vurğunun şəxsiyyətini ifadə edən əsərlərinin əsas mənası və məzmunu bax, budur. ...Səməd Vurğun bütün yaradıcılığı boyu öz xalqını azad görmək istəyibdir... Səməd Vurğun o vaxt bizim hamımız üçün nümunə - xalqına, millətinə, ölkəsinə, vətəninə sədaqətlikdə nümunə idi” (H.Əliyev). Ulu öndər bizim ədəbiyyatımızı nə üçün S.Rüstəmsiz təsəvvür edə bilmirdi? Məsələni mahiyyət müstəvisinə çıxaranda tam aydın olur ki, o, milli ictimai düşüncənin irəliyə doğru hərəkəti, milli vətəndaşlıq düşüncəsinin formalaşdırılması baxımından S.Rüstəm şeirindəki tam sağlam nüvəni görür və böyük sənətkarın yaradıcılığına məhz bu prizmadan dəyər verməyin vacibliyini önə çəkirdi: “Süleyman Rüstəmin şeirlərini, başqa əsərlərini oxuyarkən, dinləyərkən insan hər dəfə heyran olur ki, bu insanda nə qədər yüksək şeir sənəti, dil zənginliyi vardır. Bunu hər adam edə bilməz və bu, hər adama məxsus deyildir. Süleyman Rüstəmin əsərlərinin ana xətti vətənpərvərlik, vətənə, millətimizə, xalqımıza sədaqətdir”.
Təyyar Salamoğlu qeyd edir ki, Heydər Əliyevin ədəbiyyat konsepsiyasında ədəbiyyatın tarixə münasibətinə müstəqillik dövrünün siyasi-elmi düşüncəsi ilə baxışı öndədir. Ümummilli lider milli ictimai düşüncənin inkişafında “sənətin tarixi mövzuya müraciətinin perspektivlərini dəqiqliklə” şərh etdiyini və bu məsələyə xüsusi diqqət ayırdığını (bu diqqət, ilk növbədə, siyasi amillərlə şərtlənirdi və Azərbaycan xalqının tarixinə bədxah, inkarçı, təhrifçi mövqedən yanaşanları yerində oturtmaq məqsədi daşıyırdı-T.S) yazır. Ümummilli liderin sözlərini (“Biz tariximizi, keçmişimizi unutmamalıyıq. Onsuz da bizim tariximizi təhrif edənlər, düşmənlər çox olubdur. Biz içimizdən buna imkan verməməliyik... Biz tariximizi, millətimizi belə adamlardan qorumalıyıq”-H.Ə) xatırladır. Ölkə başçısının “tariximizin, keçmişimizin qorunmasında ədəbiyyatın, ədəbiyyat və sənət adamlarının üzərinə düşən vəzifələrdən”, “ədəbiyyatımızın tariximizə münasibətinin milli məzmunundan” bəhs etdiyini və bu istiqamətdə “ədəbiyyatın gerçəkləşməsi lazım gələn funksiyalarını” dilə gətirdiyini bildirir və T.Salamoğlunun fikrincə, “ədəbiyyat məhz bu funksiyası ilə antimilli rejimlərə müqavimət hərəkatının iştirakçısına çevrilir, xalqın tarixi varlığının, yaşarı ənənələrinin qorunmasında, gələcək nəsillərə ötürülməsində ən mühüm amil olur”. N.Cəfərovun bu fikirlərini də dəstəkləyir ki, “ədəbiyyatda ehtiva olunmuş tarix ən səmimi, ən humanist tarixdir” deməli, ən düzgün, ən etibarlı tarixdir.
Bu cəhətdən Ulu öndərin xalqımızın tarixinin obyektiv şəkildə öyrənilməsində rol oynaya biləcək əsərlərə xüsusi maraq göstərdiyini, onların müəlliflərinə xüsusi həssaslıqla yanaşdığını bildirən T.Salamoğlu onun ədəbiyyatı “öz kütləviliyi ilə və ictimai şüura təsir imkanları ilə müstəsna əhəmiyyət” kəsb etdiyini və tariximizin öyrənilməsində bu kütləviliyi “mühüm şərt” hesab etdiyini bildirir. “H.Əliyev düşünürdü ki, tariximizin vaxtı ilə təhrif olunan və müstəqillik dövrünün tarixşünaslığında düzgün elmi həllini tapan çox mühüm məsələlərinin tarix səhifələrindən ədəbiyyat səhifələrinə keçidi milli varlığımız haqqında həqiqətlərin xalqımıza daha asan, daha kütləvi və daha aydın şəkildə çatdırılmasına ciddi vəsilə ola bilər. Bu mənada o, ədəbiyyatın gücündən səmərəli şəkildə istifadəni tövsiyə edirdi”.
Heydər Əliyev üzünü söz-sənət xadimlərinə tutaraq deyirdi: “Tarixçilər, bizim salnaməçilər bunları düzgün yazmağa başlayıblar. Ancaq bilirsiniz, indi hər bir adamın o tarix kitablarını oxumağa nə imkanı var, nə vaxtı. Bir də ki, biri oxuyur, o birisi oxuya bilmir. Bu baxımdan teatr, kino çox təsirli bir vasitədir. Tariximizin bu dövrü keçmişdə təhrif olunubdur.” (bax.Heydər Əliyev və mədəniyyət. 3 cilddə, II cild. – Bakı: Nurlar, 2008.s.147)
T.Salamoğlu qeyd edir ki, “Hökmdar və qızı” taleyüklü bir zamanın hadisələrindən – XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarının taleyindən, Rusiya və İranla münasibətlərindən, Azərbaycan xanlıqlarının birləşib işğalçı qüvvələrə qarşı birlikdə çıxmaq zərurətinin ortaya çıxdığı zamandan, lakin heç cürə birləşə bilməmələrindən, buna görə də Rus və İran imperiyaları tərəfindən asanlıqla udulmalarından bəhs edən tarixi bir əsərdir. İ.Əfəndiyev bu əsərində milli bütövlük uğrunda mübarizədən, xanlıqların birləşməsi ideyasının gerçəkləşə bilməməsindən danışır, onun psixoloji, ictimai-siyasi səbəblərini ortaya qoyur. Dramaturq sovet rejimindən qurtulmaq, müstəqilliyə qovuşmaq ərəfəsi və günlərində yazılmış bu əsərlə bizi düşünməyə, əldə etdiyimiz müstəqilliyi qorumaq üçün tarixən yol verdiyimiz səhvlərə yol verməməyə, milli ictimai şüur nümayiş etdirməyə səsləyir”.
Ulu Öndərin “Hökmdar və qızı”nın əsas dəyərini sənətkarın yüksək sənət dili, maraqlı süjet və fabula əsasında gerçəkləşdirdiyi müəllif mövqeyində, sənətkarın estetik idealında axtardığını və axtardıqlarını çox dürüst (“Ancaq bu əsərin ikinci tərəfi də var. Bir var ki, bizim tariximizi aydınlaşdırır, amma ikinci tərəfi bundan da əhəmiyyətlidir. Xalqımızda vətənpərvərlik yaradır, müstəqillik, milli azadlıq hissiyyatlarını beyinlərə həkk etdirir, xalqımızı bu istiqamətdə tərbiyələndirir və əsasən, gəncləri tərbiyələndirir. Bu baxımdan əsərin aktuallığı çox böyükdür. İndi hər bir adam bilsin ki, müstəqillik nədir və öz xalqının müstəqilliyini qorumayan adamların aqibəti necə olur” - H.Əliyev) ifadə etdiyini yazır.
Heydər Əliyevin “müstəqilliyin əldə edilməsinin, “onun əbədiliyi və dönməzliyi”nin ictimai əsasını” milli birlikdə gördüyünü, onun “milli birliyin təminatçısı kimi, milli ictimai şüurun formalaşmasından, milli vətəndaşlıq düşüncəsinin tərbiyə edilməsinin zərurətindən” danışdığını, “XVIII əsrin sonlarında Azərbaycan xanlarının böyük əksəriyyətinin odu öz tərəfinə çəkməsinin, bütün gücü ilə yalnız öz hakimiyyətinin qayğısına qalmasının, bu düşüncə ilə də birləşməyin gerçəkləşə bilməməsinin, bütöv bir toplum olaraq işğalçı qüvvələrə qarşı çıxa bilməməyin səbəbini milli şüurun, vətəndaşlıq düşüncəsinin formalaşmamasında” gördüyünü qeyd edir.: “Ulu öndər “Hökmdar və qızı”nda gerçəkləşən müəllif ideyasına aşağıdakı kimi təfsir verirdi: “Əsərin bir mənası da bundan ibarətdir ki, xalqımızı elə o vaxt, keçmiş tarixi dövrlərdə də bədbəxt edən içindəki çəkişmələr olub. Bu, həqiqətdir ki, xanlar o vaxtlar bir-biri ilə çəkişməsəydilər, ədavət aparmasaydılar, bəli, iddiada olmasaydılar, biri o birisinə hörmət edib hamısı birləşsəydilər, buna nail ola bilərdilər... Ancaq bunlar bir yerdə olsaydılar, yığışıb hamısı desəydilər ki, gəlin bir nəfəri seçək və ona da itaət edək, əlbəttə ki, bu faciələrdən bəlkə də xilas olmaq mümkün olardı... Ona görə də bizim xalqımızı, millətimizi birləşdirmək üçün, bu çəkişmələrə son qoymaq üçün də bu əsər çox ibrətamizdir” (H.Əliyev).
Ulu Öndərin tamaşa ilə bağlı təəssüratlarının həyəcanını ifadə edən fikirlərini (“Elə sonrakı illəri – 1990, 1991 və 1992-ci illəri, 1993-cü ilin iyun ayını xatırlayın. Dörd il bundan öncə Azərbaycanda vətəndaş müharibəsi qalxdı. Nə üçün? Çünki hakimiyyət uğrunda mübarizə gedirdi. Necə ki, o vaxtlar xanlar birləşə bilmirdilər ki, kim şah olacaqdır, burada da o dedi ki, Azərbaycanda mən hakim olmalıyam, o birisi dedi ki, mən olmalıyam, bir başqası dedi ki, yox, mən olmalıyam. Hərənin əlində bir silahlı dəstə, biri Gəncədən, biri Lənkərandan, biri ordan, biri burdan qalxdı, Azərbaycanı vurdular, dağıtdılar, vətəndaş müharibəsi getdi. İndi dörd ildir ki, addım-addım, necə deyərlər, qarış-qarış yol gedirik ki, xalqımızı həmin vəziyyətdən çıxaraq. Bax, bunlara görə də mən hesab edirəm ki, bu əsər çox aktualdır” -H.Ə) yada salır.
Təyyar Salmoğlu Heydər Əliyevin bu mülahizələrini “çox dərin ümumiləşdirici” mahiyyət daşıdığını, milli birliyin formalaşmasında, dövlətçilik uğrunda mübarizənin sağlam yola düşməsində “Hökmdar və qızı”nın gücünə inam ifadə etməklə, əslində, “böyük ədəbiyyatın cəmiyyət və millət həyatında oynaya biləcəyi taleyüklü rolu” vurğuladığını bildirir.
***
Təyyar Salamoğlu həm də Azərbaycan uşaq ədəbiyyatının tədqiqatçılarından biridr. O təhsil və tədris sahəsində mükəmməl elmi-pedaqoji təcrübəyə malik pedaqoqdur. 30 ildən çoxdur ADPU “Ən yeni Azərbaycan ədəbiyyatı”, “Ədəbi tənqid tarixi”, “Müasir ədəbi proses”, “Ədəbiyyat nəzəriyyəsi” və s. fənlərini tədris edir.
Həm alim, həm pedaqoq kimi tanıdığımız Təyyar Salamoğluyla bağlı bu fikirlərdə böyük bir həqiqət vardır ki, “onun alimliyi müəllimliyinə, pedaqoji fəaliyyətinə stimul verdiyi kimi, müəllimliyi də alimliyinə qida verir. Mubaliğəsiz deyə bilərik ki, alimin bir çox elmi əsərləri, axtarış və tədqiqatları bilavasitə auditoriyanın ehtiyaclarından doğmuşdur. Yəni nəyi ( və nələri) və necə tədqiq edib aydınlaşdırmağı bir çox hallarda ona auditoriya və onun tələbləri diktə etmişdir. Auditoriyada peşəkar, ayıq və həssas müəllimin qarşısına çıxan ən vacib məsələlərdən biri də budur: Tələbəyə - bu günün gəncinə, gələcəyin mütəxəssisinə nəyi və necə öyrətmək! Və ən başlıcası hansı həqiqəti, həm də necə izah etmək!”
65 illik ömrünün böyük hissəsini ədəbiyyatımızın, təhsilimizin inkişafına həsr edən Təyyar Salamoğlunun elmi-nəzəri araşdırmaları bir məqalənin, yaxud bir neçə məqalənin mövzusu ola bilməz. Onun geniş, şoxşaxəli həyat və fəaliyyəti ilə bağlı xeyli sayda dəyərli fikirlər söylənib, məqalələr çap olunub və çap olunmaqdadır. Əli Rza Xələflinin “Tənqidçinin azərbaycançılıq idealı” (Bakı. 2016, 336 s.) monoqrafik tədqiqatı bu mənada çox dəyərlidir.
Gülxani Pənah
Filologiya elmləri doktoru, dosent