Allah bir daha bu millətə “İstiklal marşı "yazdırmasın" Mehmet Akif Ersoy" Türkiyə Cümhuriyyəti "İstiklal marşı"nın söz müəllifi
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri 1992-ci il mayın 25-də keçiriləcək ictimai dinləmə tədbirində səslənəcək əsərləri ifa etməyə hazırlaşırdı. Himn üçün təqdim olunmuş dörd əsərin hamısı Üzeyir bəyə məxsus idi. Bəstəkarlar hazırladıqları əsərlərin partiturasını, notlarını Bəstəkarlar İttifaqına təhvil vermişdilər. Bütün təşkilati işlərə Bəstəkarlar İttifaqının birinci katibi Tofiq Quliyev rəhbərlik edirdi. Əsərlərin notlarını da o qəbul edirdi. Yadıma gəlir, Aydın K.Azimlə Bəstəkarlar İttifaqına gəldik, partituranı və notları Aydın müəllim Tofiq Quliyevə təqdim etdi. Tofiq müəllim partituranı səhifə-səhifə açıb maraqla nəzərdən keçirdikdən sonra zarafatla dedi: "Aydın, neçə gündür səni gözləyirəm. Hamı təhvil verib, bircə sən qalmışdın. Düşündüm, bəlkə, fikrini dəyişmisən, iştirak etmək istəmirsən?"
Aydın K.Azim cavabında dedi ki, Tofiq müəllim, artıq məndən asılı deyil, iştirak etsəm də, etməsəm də, indi hər yerdə "Azərbaycan marşı" səslənir.Tofiq Quliyev gülümsəyərək: Amma hər səhər saat 6-da radioda himn səslənir, – dedi.
Daha sonra Tofiq müəllim əlavə etdi ki, iştirakçıların hər birinə 1000 manat qonorar ödəniləcək. Gülümsəyərək daha sonra dedi: "Düzdür, bu boyda iş üçün elə böyük pul deyil. Amma yenə də Allah bərəkət versin".
Beləcə, bəstəkarlar zarafatlaşıb sağollaşdılar.
1989-cu ildə Yusif Səmədoğlu Aydın K.Azimdən iki həftəyə əsəri hazırlayıb lentə alaraq ona çatdırmağı xahiş etmişdi. O dövrdə bu, olduqca çətin məsələ idi. Amma Aydın müəllim bunun öhdəsindən gələcəyini bildirmişdi. Bu yerdə bəzi məqamlara toxunmaq istəyirəm. Yazının əvvəlki hissələrində qeyd etmişəm ki, Azərbaycanda ilk dəfə 1989-cu ildə bəstəkar Sərdar Fərəcov Üzeyir bəy Hacıbəylinin məlum olmayan iki marşını "Ədəbiyyat və incəsənət" qəzetinin 14 iyul sayında çap etdirmişdi. Aydın K.Azim də "Azərbaycan marşı"nı qəzetin həmin sayında görüb üzərində işə başlamışdı. Sərdar Fərəcov isə marşları tanınmış türk musiqişünas Etem Üngörün "Türk marşları" kitabından götürmüşdü. 1965-ci ildə Etem Üngör ilk dəfə Üzeyir bəyin "Milli marş" və "Azərbaycan marşı" əsərlərini çap etdirmişdi. Etem Üngörə qədər "Azərbaycan marşı"nın sözləri dəfələrlə Türkiyədə, Almaniyada müxtəlif dərgilərdə çap olunsa da, notları ilk dəfə 1965-ci ildə "Türk marşları" kitabında işıq üzü görmüşdü. Bu olduqca qiymətli və tarixi fakta yazının sonrakı hissəsində qayıdacağam. Çünki tanınmış musiqişünas Etem Üngör elə bir iş görmüşdü ki, bunun üzərindən bir neçə cümlə ilə keçmək mümkün deyil. Onun göstərdiyi xidməti ətraflı və geniş izah etməyə çalışacağam. Etem Üngör əsərin yalnız melodiyasını, yəni birsəsli variantını çap etdirmişdi. Aydın K.Azim bu birsəsli variantın üzərində işləmiş və əsəri bu gün eşitdiyimiz hala gətirmişdi. Bunları yazmaqla bildirmək istəyirəm ki, əgər bir başqa bəstəkar bu işlə məşğul olsaydı, bəlkə də, səslənmə tamamilə fərqli ola bilərdi. Çünki hər bəstəkarın öz dəst-xətti, orkestrə münasibəti, orkestrləşdirmə üsulu var. Aranjimandan, orkestrləşdirmədən çox şey asılıdır. Aydın K.Azim Üzeyir bəyin ruhunu, nəfəsini qoruyub saxlamaqla mükəmməl bir iş ortaya qoya bilmişdi. Yusif Səmədoğlu əsəri iki həftəyə tam hazır edib lentə yazdırmağı xahiş edəndə Aydın K.Azim "Azərbaycan marşı"nın klaviri üzərində işi yenicə tamamlamışdı. Yəni əsəri fortepiano və səs üçün harmonizə etmişdi. Adətən,əsərin harmonik strukturu qurulur və klavir hazırlanır. Bundan sonra partitura yazılır. Partitura orkestrdə bütün alətlərin səslərini, xoru özündə birləşdirən not yazısıdır. İtalyan dilində partitura "paylaşım", "bölgü" mənasını verir. İki həftəyə Aydın müəllim partituranı hazırlamalı, daha sonra bütün alətlərin və xorun səslərini ayrı-ayrılıqda yazmalı, orkestr bunu məşq edib hazırlamalı və sonda əsər lentə alınmalı idi. Bütün bunları iki həftəyə hazırlamaq heç də inandırıcı görsənmirdi. İş çox, vaxt isə çox az idi. Buna baxmayaraq, Aydın K.Azim yubanmadan işə başladı. Səhv etmirəmsə, bir gecəyə partitura hazırlandı. Səsləri köçürmək üçünsə məndən xahiş etdi ki, kimisə tapıb danışım. Bu, ayrıca bir peşədir. O zaman Azərbaycanda bu işlə 2, ya 3 nəfər məşğul olurdu. Onlara səsköçürənlər ("perepisşik, qolosov") deyirlər. Yəni musiqi mirzələri. Bu, olduqca ağır və çətin bir işdir. Təsəvvür edin ki, orkestrdə hər alətin partiyası ayrıca yazılır. Tutaq ki, orkestrdə 20 birinci violin (skripka) var, 20 ikinci violin. Hər iki nəfərin qarşısında pyupitr var (notları qoymaq üçün qurğu). Deməli, birinci və ikinci violin qruplarının hər biri üçün onların partiyası yazılmış 10 nüsxə köçürülməlidir. Orkestrdə olan bütün alətlər üçün bu şəkildə ayrı-ayrılıqda notlar köçürülüb onlara təqdim olunur. Xor üçün də həmçinin. İndi bu elə də çətin deyil. Bir nüsxə yazıb sonra onu surətçıxaran avadanlıqda istədiyin qədər çoxaldırsan. O dövrdə bütün bunlar əl ilə köçürülürdü. Musiqiçilər bunları yaxşı bilir. Mən oxucuları ətraflı məlumatlandırmaq üçün və hər kəsin əməyini qeyd etmək üçün ən xırda detalları belə yazmağı özümə borc bilirəm.
Dövlət simfonik orkestrində skripkaçı Rauf Əlövsətzadə ilə görüşdüm, partituranı ona göstərdim və soruşdum ki, səsləri neçə günə köçürə bilər? Cavab verdi ki, əlində işi var, bir həftəyə bitirəcək, sonra da azı on günə bu işi görər. Mən dönə-dönə ondan xahiş etdim ki, əlindəki işi təxirə salsın və təcili bu işə başlasın. Xeyli yalvar-yaxardan sonra onu razı sala bildim. Rauf Əlövsətzadə iki gün, iki gecə bütün səsləri köçürüb təhvil verdi. Aydın K.Azim notları orkestrə və xora çatdırdı ki, məşqlərə başlasınlar.
Aydın müəllim notları Tofiq Quliyevə təqdim edəndə bütün bu olub keçənlər bir daha gözümün önünə gəldi...
1992-ci il mayın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında qələbəlikidi. Milli Məclisin (Milli Şuranın adı dəyişdirilərək Miıli Məclis olmuşdu) himn komissiyasının üzvləri, deputatlar, nazirlər, elm və sənət xadimləri, ziyalılar, siyasətçilər himn üçün təqdim olunan əsərlərin ictimai dinləməsinə toplaşmışdılar. Komissiyanın sədri Firudin Cəlilov bundan bir həftə qabaq, 18 may 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdu. Açığını bildirim ki, bu təyinat bizdə "Azərbaycan marşı"nın himn kimi qəbul olunacağına müəyyən ümidlər yaratmışdı. Çünki Firudin Cəlilov hökumətdə humanitar sahəyə rəhbərlik edəcəkdi. Biz də sadəlövhcəsinə düşünürdük ki, məsələnin həlli xeyli asanlaşacaq...
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri səhnədə idi. Komissiya üzvləri, tədbirə gələnlər zala keçib yerlərində oturandan sonra dirijor Əli Cavanşir orkestrin önünə keçdi və "hazır ol" işarəsini verdi. İlk olaraq Azərbaycan SSR-nin himni ifa olundu. Xorsuz, əlbəttə ki, orkestr versiyası. Bu əsər çox möhtəşəmdir. Üzeyir bəy Azərbaycan SSR-nin himnini 1944-cü ildə yazıb. Təntənəli mahnı janrında (üç bənd, üç nəqarat) yazılmış himnin sözləri Səməd Vurğun və Süleyman Rüstəmə məxsusdur. 1978-ci ildə Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilərkən himnin mətnində Hüseyn Arif müəyyən dəyişiklik etmişdi. Həmçinin Stalinin adı mətndən çıxarılmışdı. Bu himnin, həmçinin SSRİ himninin çox maraqlı tarixi var. Bu haqda da yazının növbəti hissələrində geniş məlumat verəcəyəm.
1978-ci ildə yeni Konstitusiyanın qəbulu ilə əlaqədar Niyazi himni yenidən redaktə etmişdi. Niyazinin böyük ustalıqla etdiyi redaktədə əsər çox möhtəşəm və parlaq səslənirdi. Ona qədər himn nəfəs alətləri orkestrinin və xorun ifasında səslənirdi. Niyazi isə onu böyük simfonik orkestr və xor üçün işləmişdi. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan SSR-nin himni təntənəli mahnı formasında yazılsa da, ritm və janr etibarı ilə marşdır. Maraqlıdır ki, bir çoxları "Azərbaycan marşı"nın marş olduğunu iddia edib onun himn kimi qəbul olunmasına etiraz edirdilər. Əslində isə,Azərbaycan SSR-nin himnini marş hesab etmək olar. "Azərbaycan marşı" marş adlansa da, janr, forma və quruluş etibarı ilə marşa aidiyyəti yoxdur. Bu başqa mövzudur və bunun da üzərindəayrıca dayanmağı düşünürəm. Beləliklə,Tofiq Quliyevin təqdim etdiyi variant səsləndi. Orkestr əsəri yüksək peşəkarlıqla ifa etdi. Sözün açığı,əsər, demək olar ki, Niyazinin redaktəsində olduğu kimi səslənirdi. Elə bir ciddi dəyişiklik hiss olunmurdu. Cüzi şəkildə mis nəfəs alətlərinin səslənməsi qabardılmışdı ki, bu da öz növbəsində ifaya əzəmət qatırdı.
Növbəti ifa Vasif Adıgözəlovun təqdim etdiyi Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "And xoru" idi. Hamımıza yaxşı tanış olan "And xoru" da xorsuz, orkestr variantında səsləndi. Vasif Adıgözəlov əsəri peşəkarlıqla işləmişdi. Orkestr əsəri məharətlə ifa etdi. Daha sonra Musa Mirzəyevin himn üçün işlədiyi "Ey Vətən" xoru səsləndi. Əlbəttə ki, xorsuz. Bu əsər də peşəkarlıqla işlənmişdi. "Ey Vətən" xoru fortepiano və xor üçün yazılıb. Ona görə də orkestrin ifasında əsəri eşitmək çox maraqlı idi. Orkestr bu əsəri də gözəl ifa etdi. Nəhayət, növbə sonuncu əsərə, "Azərbaycan marşı"na çatdı. Açığını deyim ki, dirijorun "hazır ol" işarəsindən sonra musiqiçilərin üzlərində qəribə ifadə yaranmışdı. Bəlkə də,bu, mənim subyektiv müşahidəm idi. Hər halda, həmin anda mənə belə gəlmişdi. Orkestr ruh yüksəkliyi ilə, şövqlə "Azərbaycan marşı"nı ifa etməyə başladı. Hamı nəfəsini çəkib diqqətlə dinləyirdi. Əsər tamamlananda qeyri-adi hadisə baş verdi. Orkestrin bütün üzvləri bir nəfər kimi ayağa qalxıb alqışlamağa başladılar. Bu, çox nadir hallarda baş verən hadisə idi. Bununla musiqiçilər ifa etdikləri əsərə öz münasibətini bildirdi. Ümumiyyətlə,musiqi əsəri ilk qiymətini orkestrdən alır. Orkestrin musiqiçiləri əsərin dinləyicilər tərəfindən necə qəbul olunacağını elə ilk ifada büruzə verirlər. "Azərbaycan marşı"nı ifa etdikdən sonra orkestrin bütün üzvlərinin ayağa qalxaraq əsəri alqışlamaları onun göstəricisi idi ki, bu ölməz musiqiyə biganə qalmaq mümkün deyil. Orkestrin bu hərəkətindən sonra zalda əyləşənlərin hamısı onlara qoşularaq alqışlamağa başladılar. Bütün filarmoniyanı alqış sədaları bürüdü.
İctimai dinləməyə təqdim olunmuş əsərlərin ifasından sonra komissiya üzvləri məşvərət üçün direktorun kabinetinə keçdilər. Bu məqamda Tofiq Quliyev Aydın K.Azimə yaxınlaşaraq onu təbrik etdi və əlini sıxaraq ucadan dedi: "Aydın, səni təbrik edirəm. Çox gözəl işləmisən əsəri. Çox xoşuma gəldi. Yüksək peşəkarlıqla otkestrləşdirmisən. Əhsən sənə!"
Ətrafdakılar Tofiq Quliyevin xoş sözlərindən sonra bir-bir Aydın K.Azimə yaxınlaşaraq onu təbrik edirdilər. Maraqlı səhnə idi. Sanki "Azərbaycan marşı" himn kimi qəbul olunmuşdu...
Çox keçmədən komissiya üzvləri məşvərət otağından çıxdılar və sədr Firudin Cəlilov elan etdi ki, sabah komissiya öz işini davam etdirəcək, himn üçün təqdim olunan əsərlərin mətnləri müzakirə olunacaq və sonra komissiya öz qərarını elan edəcək.
Axşam evdə televiziyada "Xəbərlər" proqramını izləyirdim. Proqramın sonunda filarmoniyada keçirilən tədbirlə bağlı geniş reportaj nümayiş olundu. Tanınmış jurnalist Telli Pənahqızı tədbir haqqında ətraflı məlumat verdi və elan etdi ki, komissiya yekdilliklə Tofiq Quliyevin redaktəsində Azərbaycan SSR-nin himninə üstünlük verərək, mayın 27-də məsələni Milli Məclisdə səsverməyə çıxarmaq haqqında qərar qəbul edib. Sözün açığı, mən bu reportajı izləyəndən sonra düşündüm ki, yəqin, hamı dağılaşandan sonra komissiya yenidən yığılıb, belə qərara gəlib. Çünki filarmoniyada özüm öz qulağımla eşitmişdim ki, Firudin Cəlilov sabah mətnləri müzakirə etdikdən sonra qərar veriləcəyini söyləmişdi. Dərhal Aydın K.Azimə zəng etdim. Aydın müəllim də dediklərimə çox təəccübləndi. Özü baxmamışdı xəbərlərə, ona görə də inanmaq istəmirdi dediklərimə. İsrarla deyirdi ki, bəlkə, yanlış anlamışam. Bir müddət keçəndən sonra yenidən Aydın müəllimlə zəngləşdik. Mən bildirdim ki, sabah tezdən işə gedib məsələni aydınlaşdıraram və çalışıb efir vaxtı alaram. Cövdət Hacıyevi efirə gətirə bilsək, çox yaxşı olar. Çox keçmədi ki, Aydın müəllim mənə zəng etdi və Cövdət Hacıyevin efirə gəlməyə razılıq verdiyini bildirdi. Bu xəbər məni bir tərəfdən çox sevindirdi, digər tərəfdən isə çox həyəcanlandırdı. Qorxurdum ki, birdən efir vaxtı verməsələr, necə olacaq?..
Sonra Gülnarə Qurbanovaya (Şıxəli Qurbanovun qızı) zəng etdim. Ona da məlumat verdim. Gülnarə Qurbanova da xəbərlər proqramında bu reportajı görmüşdü. O da çaşqınlıq içərisində idi. Gülnarə Qurbanova komissiyanın bütün təşkilati işləri ilə məşğul olurdu. Komissiyanın iclaslarını təşkil edir, iclasa dəvət olunanları xəbərdar edir, iclasların vaxtını və yerini təyin edirdi. Həm də komissiya ona işçi qrupu yaratmağı həvalə etmişdi və mən də həmin qrupun üzvü idim. Gülnarə Qurbanovaya da məlumat verdim ki, efir vaxtı almağa çalışıram, Cövdət Hacıyevlə Aydın K.Azimi də dəvət edib müzakirə aparacağıq. O da öz növbəsində, Milli Məclisdə məsələ qaldıracağını bildirdi.
Bu qarışıq düşüncələrlə gecəni birtəhər yola verib səhərin açılmasını səbirsizliklə gözləyirdim. Səhər tezdən televiziyaya gəlib Telli Pənahqızını görmək üçün "Xəbərlər" proqramı redaksiyasına yaxınlaşdım. Redaksiyadan bildirdilər ki, Telli Pənahqızı dünən növbətçi olub, ona görə də bu gün işə gəlməyəcək. Belə olan halda Dövlət Teleradio Verilişləri Komitəsinin sədr müavini Nahid Hacızadənin yanına getməyi və məsələni ona bildirməyi qərara aldım. Onsuz da efir üçün rəhbərliyə müraciət etməli idim. Amma Nahid müəllim bir həftə qabaq məni ciddi danlamışdı. Hər zaman sakit, təmkinli olan sədr müavini, bəlkə də, həyatında ilk dəfə belə əsəbiləşmişdi. Ciddi bir səhvə yol vermişdim. Nahid Hacızadə də məni möhkəm tənbeh etmişdi. Səhv etdiyimi və bu ciddi tənbehin əsaslı olduğunu anlayırdım. Bütün bunlar bir həftə bundan qabaq baş vermişdi. "Çırpınırdı Qara dəniz Baxıb türkün bayrağına" ilk dəfə efirə gedəndə ciddi problem yaşandı.
Türkiyədən adını unutduğum bir musiqi qrupu gəlmişdi Bakıya. Mən də onları televiziyaya çəkilişə dəvət etmişdim. Həmin qrup repertuarlarından 5-6 türkü və sonda Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı "Çırpınırdı Qara dəniz Baxıb türkün bayrağına" mahnısını ifa etdi. O zamanlar bu mahnı haqqında eşitsək də, onu dinləmək hər kəsə nəsib olmamışdı. Mən də mahnını lentə aldığıma və Azərbaycanda ilk dəfə efirə verəcəyimə görə çox qürurlu idim. Türkiyədən gələn qrup mahnının sözlərində bəzi dəyişiklik etmişdi.
Kafkaslardan aşacağız, Türklüye şan qatacağız, Türkün şanlı bayrağını Turan elə asacağız.
Bu bəndi Türkiyədın gələn qrup belə oxumuşdu:
Kafkaslardan aşacağız, Türklüye şan qatacağız, Türkün şanlı bayrağını Moskvadan asacağız.
Mahnlnı lentə alanda mən bilərəkdən düzəliş etmədim. Başa düşürdüm ki, bu, yanlışlıqdır, amma özlüyümdə guya bununla 70 illik istilanın hayıfını çıxırdım. Gənclik maksimalizmi şüurumu üstələmişdi. Müstəqilliyimizi yeni qazanmışdıq, eyforiyada idik.
Adətən, bütün verilişlər efirə getməzdən əvvəl Nahid Hacızadə onlara baxırdı və düzəlişlərini edirdi. Hər verilişin raport dəftərçəsi olurdu, bir növ verilişin pasportu, sonda sədr müavini onu imzalayırdı. Onun imzası olmadan verilişlər efirə gedə bilməzdi. Mən də Türkiyədən gələn sənətçilərin çəkildiyi verilişi hazırlayıb gətirmişdim Nahid Hacızadəyə göstərməyə. O məndən veriliş tərkibini soruşdu, mən də məlumat verdim ki, maraqlı türkülər ifa ediblər, sonda da "Çırpınırdı Qara dəniz" mahnısını oxuyublar. Hətta sevinə-sevinə bildirdim ki, ilk dəfə Azərbaycan efirində səslənəcək bu möhtəşəm əsər. Nahid Hacızadə dediklərimdən məmnun oldu və Əhməd Cavadın məşhur şeirini əzbərdən söylədi. Verilişə baxmadan efirə imzaladı. Mən də verilişi proqram şöbəsinə təhvil verdim. Veriliş iki gündən sonra efirə gedəcəkdi. Mən kanalda qürurla hər kəsə məlumat verirdim ki, verilişə baxsınlar, ilk dəfə "Çırpınırdı Qara dəniz" efirdə səslənəcək. Növbəti gün Nahid Hacızadə məni yanına çağırdı. Otağına girən kimi üstümə qışqırdı və çox əsəbi halda məndən izahat tələb etdi. Mən onu heç vaxt belə vəziyyətdə görməmişdim. Qıpqirmızı qızarmışdı. Yumruğunu masaya elə çırpırdı ki, masanın üstündə qalaqlanmış kitablar, vərəqlər dağılaraq yerə düşürdü. Nahid Hacızadə dəfələrlə təkrar edirdi: "Mən sənə etibar elədim, verilişə baxmadım. Səndən soruşdum, dedin, hər şey çox yaxşıdır. Sənə kim ixtiyar verib şeirdə dəyişiklik edəsən? Bu efirə getsəydi, cavabını kim verəcəkdi?.." Həqiqətən də, ciddi səhvə yol vermişdim. Nə qədər üzrxahlıq etsəm də, Nahid Hacızadə sakitləşmirdi. Sonda bildirdi ki, verilişi efirdən çıxartmışam, get izahat yaz.
Mən otağa qalxıb izahat yazdım. İzahatımda bu əsərin ilk dəfə efirə gedəcəyi sevincindən dəyişdirilmiş sözə fikir vermədiyimi qeyd etdim. Daha sonra mahnıdan həmin bəndi kəsib çıxartdım. Bir neçə saatdan sonra yenidən Nahid Hacızadənin qəbuluna gəldim və düzəliş etdiyimi ona bildirdim. Xahiş etdim ki, verilişi efirdən çıxartmasın, mənim səhvim ucbatından tamaşaçını Üzeyir bəylə Əhməd Cavadın məşhur mahnısını eşitməkdən məhrum etməsin. Nahid Hacızadə artıq sakitləşmişdi. Məni qarşısında əyləşdirib xeyli tənbeh etdi, nəsihət verdi. Növbəti gün veriliş efirə getdi. Yarımçıq da olsa, tamaşaçılarımız "Çırpınırdı Qara dəniz" mahnısını ilk dəfə efirdən dinlədilər...
Bu hadisədən bir həftə sonra növbəti problemlə bağlı Nahid Hacızadənin yanına getmək məcburiyyətində idim. Bilirdim ki, yenə məni danlayacaq, bəlkə də, heç dinləməyəcək. Amma getmək zorunda idim, başqa əlac yox idi. Qapını döyüb içəri keçəndə Nahid Hacızadə, həmişəki kimi, nəsə yazırdı. Mən onu hər zaman yazı yazan görmüşəm. Başını qaldırıb məni görən kimi soruşdu: "Yenə nə olub? Nə törətmisən yenə?"
Cavab verdim ki, Nahid müəllim, bu dəfə mən törətməmişəm, ciddi bir yanlışlıq olub, gəldim sizə məlumat verim. Başladım hadisələri olduğu kimi danışmağa. Sonda bildirdim ki, axşam "Xəbərlər" proqramında ciddi səhvə yol verilib, bu da əməlli başlı narazılıq yaradıb. Nahid Hacızadə məni dinlədi və sakit tərzdə bildirdi ki, xəbərlərdə nə deyilməsindən asılı olmayaraq, himn məsələsini Milli Məclis həll edəcək. Mənə də öz işimlə məşğul olmağı tövsiyə etdi. Mən israrla bildirdim ki, biz neçə ildir "Azərbaycan marşı" uğrunda mücadilə aparırıq. Dünənki reportajın ciddi narazılığa səbəb olduğunu qeyd etdim və söylədim ki, sabah Milli Məclisdə himnin müzakirəsi zamanı televiziyanın qarşısında mitinq keçirilməsi planlaşdırılır.
O dövrdə, həqiqətən də, tez-tez mitinqlər keçirilirdi. Bəzən elə olurdu ki, şəhərin müxtəlif yerlərində eyni vaxtda bir neçə mitinq keçirilirdi. Televiziyanın qarşısında da tez-tez mitinqlər olurdu. Məmurlar, idarə rəhbərləri bu mitinqlərdən çəkinirdilər. Nahid Hacızadə mitinq keçiriləcəyini eşidən kimi əsəbiləşdi və səsini qaldıraraq bildirdi ki, televiziyanın himnin qəbulu ilə nə əlaqəsi var? Mən efir vaxtı istəyimi biıdirdim və məlumat verdim ki, Cövdət Hacıyevlə Aydın K.Azimi axşam verilişə dəvət etmişəm. Bunu eşidəndə Nahid Hacızadə lap özündən çıxdı və üstümə qışqıraraq dedi: " Sən niyə özbaşına hərəkətlər edirsən? Niyə rəhbərliyə məlumat vermədən insanları verilişə dəvət edirsən? Get gözlə bayırda, mən sədrə məlumat verməliyəm".
Təxminən 5-6 dəqiqədən sonra sədr Elşad Quliyevin köməkçisi məni çağırdı. İçəri daxil olan kimi Elşad Quliyev üstümə qışdırdı ki, sən nə ixtiyarla televiziyanın qarşısında mitinq keçirmək istəyirsən? Cavab verdim ki, mitinqi mən keçirmirəm, bizim efirdə yanlış məlumata görə insanlar etirazını bildirmək üçün toplaşacaqlar. Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Mən, sadəcə, təklif etdim ki, mitinqin qarşısını almaq üçün bu axşam canlı yayım təşkil etmək lazımdır. Elşad Quliyev soruşdu ki, efir olsa, mitinq olmayacaq? Dedim, əlbəttə, olmayacaq. Çünki onda obyektivliyi təmin etmiş olarıq, mitinqə də ehtiyac qalmayacaq. Elşad Quliyev nə fikirləşdisə, üzünü mənə çevirib dedi: "Get otağında gözlə, səni çağırarlar".
İşlədiyim Musiqi Verilişləri baş redaksiyasına qalxdım və otaqda gözlədim. Bir müddət keçəndən sonra sədrin köməkçisi zəng edib məni çağırdı. Qəbul otağına girəndə köməkçi məndən nə baş verdiyini soruşdu. Mən çiyinlərimi çəkərək suala "nə olub ki?" sualı ilə cavab verdim. Köməkçi isə bildirdi ki, sədr bayaqdan telefonla Mədəniyyət naziri Polad Bülbüloğlu ilə, bir neçə deputatla danışır. Bu zaman daxili telefonla sədr zəng edib məni içəri çağırdı. Kabinetə daxil olanda Elşad Quliyev mənə axşam "Xəbərlər"dən sonra efir vaxtının ayrıldığını bildirdi. Daha sonra diqqətli olmağımı, mövzudan kənara çıxmamağı tapşırdı. Eyni zamanda bütün məsuliyyətin də mənim üzərimdə olduğunu dedi. Elşad Quliyevə təşəkkür edib kabinetdən çıxdım və dərhal iş otağıma gəlib Aydın K.Azim ə və Cövdət Hacıyevə zəng edib verilişin vaxtı haqında məlumat verdim. Daha sonra çəkiliş qrupu ilə hazırlıqlara başladıq. Bir azdan Filarmoniyada himn mətnlərinin müzakirəsi olacaqdı. Hazırlıq işlərini yekunlaşdırıb Filarmoniyaya getdim. "Azərbaycan marşı"nın himn kimi qəbul olunmasının əleyhinə olanlar hər vasitə ilə bunun qarşısını almağa çalışırdılar.
Mən televiziyadan çıxıb gəldim Filarmoniyaya. Filarmoniyanın foyesində müzakirəyə dəvət olunanlar iki-iki, üç-üç dayanıb söhbət edirdilər. Demək, müzakirələr hələ başlamamışdı. Fürsətdən istifadə edib Aydın K.Azimlə axşamkı efir haqqında məsləhətləşmək üçün onu axtarırdım. Direktorun kabinetinin açıq qapısından içəridə Aydın K Azimi gördüm. Bu anda Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli içəri keçdilər. Direktorun kabinetinin qarşısındakı qəbul otağında onlar Aydın K.Azimlə qarşılaşdılar. Salamlaşıb onu kənara çəkdilər. Polad Bülbüloğlu o dövrdə Mədəniyyət naziri idi. Fərhad Bədəlbəyli isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) yenicə rektor təyin olunmuşdu. Fərhad Bədəlbəyli Aydın K.Azimin çiynini qucaqlayaraq dedi: "Aydın, görürsən də, himn üçün təqdim olunan dörd əsərin hamısı Üzeyir bəyindir. Vacib olanı budur. Əsərlərin dördü də çox gözəldir. Hər birisi himn olmağa layiqdir. Ancaq, mənim fikrimcə, elə indiki himnimiz qalsa, daha yaxşı olar. Sözlərinə bir balaca əl gəzdirərlər, vəssalam. Əsas odur ki, musiqisi Üzeyir bəyindir".
Aydın K.Azim üzünü qəbul otağında divardan asılmış Üzeyir bəyin portretinə çevirərək: – "Bilirsiz, bu işdə mənlik bir şey yoxdur. O kişi nə deyibsə, o da olacaq". – dedi və otaqdan çıxdı. Foyedə görüşüb ordan bir neçə addım aralanmışdıq ki, bəstəkar Aqşin Əlizadə arxadan Aydın K.Azimin qoluna girərək onu kənara çəkdi. Hal-əhval tutandan sonra o da öz fikirlərini bildirərək dedi: "Aydın, sən əsəri orkestr üçün çox gözəl işləmisən. Çox bəyəndim. Ancaq mənə elə gəlir ki, bu, himn üçün yaramır. Bu əsər mənə "Təbil döy" ("Bey baraban") filmindəki musiqini xatırladır. Sən oxşarlıq hiss etmirsən?"
Aydın K.Azim çiyinlərini çəkərək üzünün ifadəsi ilə bu müqayisənin nə qədər yersiz olduğuna işarə etdi. Aqşin Əlizadə gülə-gülə bildirdi ki, sən mütləq o filmi tap, bax ona, özün görəcəksən nə qədər oxşar musiqilərdir, deyib aralandı. Mən bu yazını hazırlayanda həmin mənzərəni xatırladım və "Təbil döy" filmini internetdən tapıb baxdım. 1962-ci ildə "Mosfilm"in istehsalı olan "Təbil döy" filmi ilk pioner dəstəsinin yaranmasına həsr olunub. Filmin rejissoru Aleksey Saltıkov, bəstəkarı Nikolay Karetnikovdur. Bu mənasız filmə özümü məcbur edib iki dəfə diqqətlə baxdım. Aqşin Əlizadənin dediyi oxşarlıqdan heç bir əsər-əlamət tapa bilmədim...
Bu məqamda Filarmoniyanın ozamankı direktoru Rafiq Seyidzadə hamını müzakirəyə dəvət etdi. Direktorun otağında komissiyanın sədri Firudin Cəlilovun qısa giriş çıxışından sonra tarixçi alim, akademik Ziya Bünyadov söz aldı. O dedi: "Mənim musiqidən o qədər də başım çıxmır ki, burada bizim bəstəkarların yanında musiqidən danışım. Ancaq onu demək istəyirəm ki, ADR himni kimi təqdim olunan əsərin sözləri çox qəlizdir və insanlar onu çətin başa düşür. Mən ərəbşünasam, başa düşürəm. Amma himn təkcə mənim üçün deyil, hamı üçündür. Sözlər elə olmalıdır ki, ana dilimizə uyğun olsun, sadə insanlar da onu başa düşsün".
Ziya Bünyadovun iradından sonra Aydın K.Azim söz aldı və qarşıda qoyulmuş yazı lövhəsinə yaxınıaşaraq "Azərbaycan marşı"nın sözlərini ərəb əlifbası ilə lövhəyə yazdı. Sonra da üzünü Ziya Bünyadova tutaraq: – Siz hansı sözləri nəzərdə tuturdunuz? – sual etdi.
Ziya Bünyadov cavabında bildirdi: "Aydın, sən bəstəkarsan, ya ərəbşünassan?"
Ziya Bünyadovun bu sualına hamı gülüşdü. Sonra Vaqif Cəbrayılzadə (Bayatlı) çıxış edərək bildirdi: "Əhməd Cavad Azırbaycan dilini mükəmməl bilən şairlərimizdəndir. Bu şeir də təmiz Azərbaycan dilində yazılıb. Əgər siz şeirdə olan "hazırız", "qadiriz" ifadələrini nəzərdə tutursunuzsa, bu bizim ana dilimizdə işlənən ifadələrdir. Azərbaycanın bir çox bölgələrində "rız", "riz" şəkilçilərindən istifadə olunur..."
Vaqif Cəbrayılzadə mətndə olan digər ifadələr və edilmiş bəzi dəyişikliklər haqqında da məlumat verdi.
Bu toplantı himn sözlərinin müzakirəsinə həsr olunduğuna görə, əsasən, ədəbiyyat xadimləri fikir bildirirdilər. Müzakirələr də "Azərbaycan marşı"nın sözlərinin ətrafında gedirdi. Çünki əvvəlcədən elan olunmuşdu ki, Azərbaycan SSR himninin sözləri ilə bağlı komissiya yekun qərar qəbul etməyib. Əvvəlki müzakirələrdən fərqli olaraq, sonuncuda elə ciddi mübahisə də yaranmamışdı. Aydın K.Azim sonda elan etdi ki, ağsaqqal bəstəkar Cövdət Hacıyev onun da fikrini müzakirə iştirakçılarının diqqətinə çatdırmağı xahiş edib. Belə ki, Cövdət Hacıyev "Azərbaycan marşı"nın himn kimi qəbul edilməsinə tərəfdar olduğunu bildirir və xahiş edir ki, bunu nəzərə alasınız.
Bununla da, komissiya işini yekunlaşdırdı. Sonda Firudin Cəlilov hamıya təşəkkür etdi və bildirdi ki, sabah, mayın 27-də komissiya Milli Məclisdə Azərbaycan Respublikasının Dövlət Himni kimi "Azərbaycan marşı"nı müzakirə etmək və səsverməyə çıxarmaq təklifi ilə çıxış edəcək.
Filarmoniyadan çıxıb axşamkı canlı yayıma hazırlaşmaq üçün televiziyaya gəldim. Üç ilə yaxın bir müddətdə himn uğrunda mücadilənin sonuna yaxınlaşırdıq. Bu axşamkı canlı yayımın xüsusi əhəmiyyəti var idi. Aydın K.Azim ustalıqla, yüksək peşəkarlıqla öz işini görmüşdü. Ancaq musiqi ictimaiyyətinin böyük əksəriyyəti, bəstəkarlar, musiqişünaslar bu işə nəinki dəstək verir, əksinə, ciddi-cəhdlə mane olurdular. Belə mövqeyi anlamaq çox çətin idi. Təsəvvür edin ki, bəstəkarlardan Cövdət Hacıyev, Adil Bəbirov, Ramiz Mustafayev, musiqişünaslardan isə Tahirə Kərimova, konservatoriyanın gənc müəllimlərindən Fərəh Əliyeva, Zümrüd Dadaşzadə "Azərbaycan marşı"na açıq dəstək verirdilər. Digərləri ya fikirlərini açıq bildirməkdən çəkinirdilər, ya da əleyhinə təbliğat aparırdılar. Biz konservatoriyada dəfələrlə bu mövzuda açıq müzakirələr təşkil etmişdik. Bu müzakirələrdə Tahirə Kərimova, Fərəh Əliyeva və Zümrüd Dadaşzadə həmişə aktiv iştirak edirdilər və "Azərbaycan marşı"nı müdafiə edirdilər. Tahirə Kərimova himnlə bağlı komissiyanın bir çox iclaslarında da iştirak edirdi, imkan düşdükcə fikrini bildirirdi. Eyni zamanda konservatoriyada dərs dediyi auditoriyada da tələbələrə himn haqqında geniş məlumat verirdi. Adlarını çəkdiyim bu üç musiqişünas xanımdan başqa kimsə fikrini açıq bildirmirdi. Ona görə də Cövdət Hacıyev kimi qüdrətli bəstəkarın, musiqi aləmində söz sahibi olan bir ustadın fikri, dəstəyi çox vacib idi...
Bir hadisəni də mütləq qeyd etməyi özümə borc bilirəm. 1990-cı il may ayının əvvəllərində qərara aldıq ki, 28 May gününü Üzeyir bəy Hacıbəylinin yaratdığı və adını daşıdığı konservatoriyada xüsusi olaraq qeyd edək. Hələ müstəqilliyimizi qazanmamışdıq. SSRİ kimi nəhəng bir dövlət hələ mövcud idi. Lakin buna baxmayaraq, biz qərarımızda qəti idik. Həmin bayram tədbirində "Azərbaycan marşı"nı canlı səsləndirmək üçün Aydın K.Azimə müraciət etdik. Aydın K.Azim o zaman konservatoriyada işləmirdi. Tapşırdı ki, xorla danışın, mən gəlib əsəri hazırlayaram. Biz konservatoriyanın xor dirijorluğu kafedrasının aparıcı müəllimi, tanınmış xormeyster Zərifə İsmayılova ilə danışdıq və istəyimizi ona bildirdik. Zərifə xanım təklifimizə maraqla yanaşdı və Aydın K.Azimlə hazırlıqlara başladılar. Baxmayaraq ki, bu əsər artıq ölkəmizin hər yerində, hər tədbirdə qürurla səslənirdi, biz istəyirdik ki, Üzeyir bəyin ocağında, Azərbaycan Dövlət Konservatoriyasında "Azərbaycan marşı"nın canlı ifasını təşkil edək. Konservatoriyanın ovaxtkı rəhbərliyi nə qədər çalışsa da, bizi inadımızdan döndərə bilmədi. Nəhayət, 1990-cı il may ayının 26-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının böyük zalında 28 May ADR-in 72-ci ildönümünə həsr olunmuş möhtəşəm tədbirimiz baş tutdu. Böyük zalda anşlaq idi. Oturacaqların hamısı tutulduğundan xeyli sayda insan tədbiri ayaq üstə izləyirdi. Professor-müəllim heyətinin, demək olar ki, hamısı (rektor Elmira Abbasovadan başqa) tədbirdə iştirak edirdi. Ölkənin tanınmış ziyalıları dəvət olunmuşdu. Beləliklə, Üzeyir bəyin ocağında onun 70 il vətəndən uzaq düşmüş "Azərbaycan marşı" istedadlı mütəxəssis Zərifə İsmayılovanın rəhbərliyi və idarəsi ilə konservatoriyanın birləşmiş xoru tərəfindən yüksək peşəkarlıqla ifa olundu. Bu, tarixi bir hadisə idi. Eyni zamanda Üzeyir bəyin ruhu qarşısında ehtiram idi. Əsərin necə ruh yüksəkliyi ilə qarşılandığını sözlə ifadə etməyə çətinlik çəkirəm. Bir daha aydın oldu ki, "Azərbaycan marşı" Azərbaycanın tale yükünü özündə daşıyan müqəddəs bir əsərdir.
1992-ci il mayın 26-da axşam Cövdət Hacıyev və Aydın K.Azim televiziyaya gəldilər. "Xəbərlər" proqramından sonra bizim verilişimiz canlı yayımlandı. Olduqca maraqlı veriliş alındı. Canlı klassik Cövdət Hacıyevin verilişimdə iştirak etməsindən fərəh, qürur hissi keçirirdim. Cövdət Hacıyev efirlərə tez-tez çıxan adam deyildi. Sonuncu dəfə nə vaxt televiziyada çıxış etməsi heç xatirimdə deyildi. Ustad bəstəkar Cövdət Hacıyev və dərin zəkaya, ensiklopedik biliyə malik Aydın K.Azimlə bir saata yaxın maraqlı söhbətimiz oldu. "Azərbaycan marşı" peşəkarlar tərəfindən incələndi, yazılma tarixindən, forma və emosional təsirlərindən danışıldı. Çox heyifslənirəm ki, həmin tarixi verilişin lent yazısı qalmayıb. Əslində, Azərbaycan Televiziyasının zəngin arxivi var və efirə gedən bütün vacib verilişlərin lent yazısı qorunur. Hələ də ümid edirəm ki, bəlkə, hardansa çıxacaq bu verilişin yazısı. Mənim 30 illik televiziya təcrübəmdə ən maraqlı verilişlərdən biri idi bu. Verilişin sonunda elan etdim ki, sabah Milli Məclisdə "Azərbaycan marşı" Dövlət Himni kimi təsdiq olunacaq və bundan sonra hər gün radio və televiziyamız bu möhtəşəm əsərlə efiri açacaq və bağlayacaq. Milli Məclisdə Dövlət Himni ilə bağlı məsələ müzakirəyə çıxarılmaya bilərdi. Milli Məclisin 27 may 1992-ci il iclası professor Asif Rüstəmlinin "Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı" kitabında geniş işıqlandırılıb. Rəsmi sənədlərə, Milli Məclis Fondunun materiallarına istinad edilərək həmin iclas zamanı deputatların çıxışları, müzakirələr, mübahisələr tam dəqiqliklə verilib. Maraqlananlar 2024-cü ildə Bakıda Asif Rüstəmlinin "Elm və təhsil" nəşriyyatı tərəfindən çap olunmuş "Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı" kitabını əldə edib oxuya bilərlər. Professor Asif Rüstəmli ilə bəzi məsələlərdə aramızda fikir ayrılığı olsa da, kitab qiymətli məlumatlarla zəngindir. Geniş tədqiqat işi aparılmış və bir çox tarixi həqiqətlər ilk dəfə işıq üzü görmüşdür. "Azərbaycan marşı"nın yazılma tarixi, günümüzə qədər keçdiyi yol, mühacir həyatı yaşamağa məcbur edilən görkəmli fikir adamlarımızın bu əsərin qorunmasında göstərdikləri xidmət və başqa dəyərli məlumatlar kitabda öz əksini tapıb. Milli Məclisin 1992-ci il 27 may tarixində himnlə bağlı aparılan müzakirələr də rəsmi faktlara əsaslanaraq geniş və dəqiq işıqlandırılıb.
Milli Məclisin bu tarixi iclasından Asif Rüstəmlinin kitabında yer almış kiçik bir hissəni diqqətinizə çatdırmaq istəyirəm:
"A.Cəlilov: Mən də xahiş eləyirəm, qeydiyyatdan keçək, sonra adbaad səsə qoyaq. Qeydiyyat, üç nəfərin də kartoçkası yoxdur. Demək, 32 nəfər, bəli, buradadır. Məlumat vermək istəyirəm sizə. Qarayev Tamerlan İsa bəyin (İsa Qəmbər-K. Ş.) tapşırığı var, onu yerinə yetirir. Əzizov Tofiq yoxdur, Ələkbərov Sülhəddin olub, indi iştirak etmir, Əhmədov Vahid olub, indi iştirak etmir, dedilər xəstələnib. Arif Hacıyev olub, iştirak etmir. Hacıyev Rəhim olmayıb. Qasımov Tofiq olmayıb, bu gün Zeynalov Fərrux buradadır. Məmmədov Xanlar yoxdur. Nəcəfov Nəcəf olmayıb, Rəhimzadə Arif xəstədir. Rüstəmov Tofiq olmayıb. Səmədzadə Ziyad olub, indi yoxdur. Tamerlan bəy burada yoxdur, ona görə Sülhəddin getdi. Vaqif buradadır. İxtiyar bəy, Arif bəy yoxdur? 1-32- yə zəng elə, bir də! Ziyad bəyə zəng elə beş dəqiqəlik gəlsin, getsin. Zəhmət olmasa, bir də qeydiyyatdan keçin. Gəlin, bir dəqiqə, demək, yetərsay var?" (Asif Rüstəmov. "Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı". "Elm və təhsil". Bakı-2024. səh.179.)
Bax belə!.. Yəqin ki, hörmətli oxucular bu mənzərənin nə qədər acınacaqlı olduğunu təsəvvür edə bilərlər. Milli Məclidin kommunist deputatlardan ibarət bloku (komblok) öz mövqeyini gizlətmədən, açıq-açığına "Azərbaycan marşı"nın himn kimi qəbul olunmasının əleyhinə mübarizə aparır. Demokratik qüvvələri təmsil edən (demblok) bəzi deputatların mövqeyi suallar doğurur. Firudin Cəlilovun, Sabir Rüstəmxanlının, Fazil Muradəliyevin və bir neçə başqa deputatın fədakarlığı, prinsipiallığı, ən başlıcası isə iclasın sədri Afiyəddin Cəlilovun müdrikliyi, tarix qarşısında məsuliyyəti son nəticədə "Azərbaycan marşı"nın Milli Məclisdə Dövlət Himni kimi qəbul olunmasına yol açdı.
Milli Məclisin sədr müavini Afiyəddin Cəlilovun təklifi ilə Firudin Cəlilov qərar layihəsini oxudu.
Qərar səsə qoyuldu və qəbul olundu.
"Azərbaycan Respublikasının Dövlət Himni haqqında Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilsin. Bakı şəhəri, 27 may, 1992-ci il.
Daha sonra himn səsləndi və deputatlar ayaq üstə, qürurla dövlət himnini dinlədilər. 70 il ərzində sovetlərin bütün səylərinə baxmayaraq, xalqın ən dərin, ən ülvi hisslərinə köklənmiş "Azərbaycan marşı"nı unutdura bilmədilər. Vətəndə bu əsərin nəinki ifası, hətta adının çəkilməsi belə yasaqlansa da, mühacir həyatı yaşamağa məhkum olmuş vətən oğulları "Azərbaycan marşı"nı yaşatdılar. Ana laylası qədər əziz, doğma, halal olan bu müqəddəs əsəri qorudular, onunla təskinlik tapdılar. 70 ildən sonra vətənə qovuşan "Azərbaycan marşı" ana südü kimi xalqın, millətin qanına, canına, ruhuna hopsa da, ona ciddi etiraz edənlər, olmazın maneələr törədənlər də oldu. Bütün çətinliklərə baxmayaraq, xalqın, millətin iradəsi ilə "Azərbaycan marşı" Milli Məclisə daşındı və haqq etdiyi məqama yetişdi. 1920-ci ildə rus-bolşevik işğalı nəticəsində dövlətin himni statusunu ala bilməsə də, 1992-ci ildə buna nail oldu. Hər sözündə, hər sətrində, hər notunda, hər səsində millətin qəhrəmanlıq tarixini yaşadan, qəhrəman oğulları vəsf edən, analar balasını əzizlədiyi kimi Vətəni əzizləyən, Alqışlayan, onunla qürur duyan "Azərbaycan marşı" millətə, xalqa qovuşdu...
Apardığımız mücadilə qələbə ilə sonuclandı. Mübarizəmiz nə qədər çətin, ağır olsa da, şərəfli idi. Biz bu mübarizəni ləyaqətlə apardıq...
Təsəvvürümüzə gətirə bilməzdik ki, "Azərbaycan marşı" dövlət himni kimi təsdiq olunandan sonra da ona zaman-zaman hücumlar olacaq, həmlələr ediləcək. 33 il ərzində davamlı olaraq edilən, bu gün də səngiməyən bu hücumlara, gətirilən arqumentlərə cavab verməyin, nəhayət ki, zamanı yetişib. Növbəti yazıda "Azərbaycan marşı"na olan hücumların hardan və nədən qaynaqlandığı, 70 il ərzində vətəndən uzaqda necə və kimlər tərəfindən qorunduğu haqqında bilgiləri diqqətinizə çatdırmağı düşünürəm.
http://www.azyb.az/admin/media/files/1770107183-Yanvar_Fevral_sayt%20uchun.pdf