Novruz sistemi dörd əsas ünsür – su, od, yel və torpaq üzərində qurulmuşdur. Bu ardıcıllıq təsadüfi deyil. Əvvəl su gəlir, çünki həyat sudan başlanır. Daha sonra od (enerji), yel (hərəkət) və torpaq (bərqərar olmaq) gəlir.
Azərbaycan xalqının qədim təqvim ənənəsində yazın gəlişi yalnız fəsil dəyişikliyi deyil, həm də kosmik nizamın yenilənməsi kimi dərk olunur. Bu yenilənmə mərasimi isə ən parlaq şəkildə Novruz bayramı öncəsi keçirilən dörd çərşənbədə təcəssüm tapır. Həmin çərşənbələrin birincisi – Su Çərşənbəsi – xalqın düşüncəsində varlığın başlanğıcı, həyatın mayası və ruhun təmizlənməsi ideyasını ifadə edir. Su Çərşənbəsi həm mifoloji kökləri, həm etnoqrafik çalarları, həm də çağdaş cəmiyyət üçün daşıdığı mənəvi dəyərlərlə Azərbaycan milli-mədəni kimliyinin mühüm qatlarından birini təşkil edir.
Su Çərşənbəsinin mifoloji əsasları, tarixi-etnoqrafik mahiyyəti, folklor motivləri, ritualları, simvolikası və müasir dövrdəki funksional rolu geniş şəkildə araşdırılmışdır.
***
Su, qədim insanın dünyagörüşündə ilkin başlanğıc kimi qəbul edilirdi: «Nə üzərimizdəki göylərin, nə də aşağıdakı yerin mövcud olmadığı bir zamanda suyla dolu uçurum vardı, bura toxumaların ilkləri, dərinliklərin sahibəsi dünyanın anasıydı. Sular hər yeri örtmüşdü, bəlkə də heç toxum belə səpilmədən yaşaran əlamət yoxdu, xeyir, hələ tanrılar belə ortaya çıxmamışdı...» (Q.Namazov. C.Çorçvodun tarixi kəşfləri. «Təhsil» NPM. Bakı. 2011. s.58).
Türk mifoloji sistemində su yaradılışın əsası, həyatın daşıyıcısı və müqəddəs ünsür kimi təzahür edir. Tədqiqatçılar türk mifik düşüncələrdə dünya sularının başlanğıcının başı qarlı uca dağlarla bağlı olduğunu bildirir və Oğuzun ikinci dəfə evləndiyi qadının su ilə əlaqəli olduğuna toxunur. F.Rəşidəddinin «Oğuznamə»sində Kıl-Baraklarla döyüşdə uduzub tamamilə yox olmaq təhlükəsindən türkləri çayın suları xilas edir» (Ramazan Qafarlı).
Orxon-Yenisey abidələrində, qədim türk dastanlarında və şifahi xalq yaradıcılığında su ilahi qüvvə kimi təqdim olunur. Bu baxımdan Su Çərşənbəsi yalnız təqvim mərasimi deyil, qədim kosmoqonik düşüncənin davamıdır. Türk mifologiyasında üçüncü yerdə müqəddəs Yer-su durduğu bildirilir: «Ruh daşıyan yer və su qüvvələrinə geniş mənada «Yersu»lar (Göy türklər «Yer sub», uyğurlar «Yer suv») deyir və bunları uğurlu sayırdılar. Bunlar yurd yerləri olduqları üçün uğurlu hesab edilirdilər. Göytürk kitabələrində adı çəkilən İduk, yəni müqəddəs yerlər İduk ötükən və Tamir İduk, yəni Tamiq suyunun müqəddəs mənbəyi (qaynağı) sayılır (Ağayar Şükürov).
Türk xalqlarının mifoloji təsəvvürlərində “Yer-Su” anlayışı xüsusi yer tutur. Yer və su birlikdə kainatın maddi əsasını təşkil edir. Su həm də ruhun təmizləyicisi sayılır. Qədim inanca görə, su danışar, su şahid olar, su günahı yuyar. Xalq arasında işlənən “Su haqqı” ifadəsi də suyun müqəddəsliyinə inamdan doğmuşdur.
Zərdüştilik dövründə də su müqəddəs ünsür hesab edilirdi. Avesta mətnlərində suyun qorunması və pak saxlanılması ilahi əmr kimi təqdim olunur. Bu baxımdan Su Çərşənbəsi qədim dini inancların sintezindən doğmuş milli mərasimdir. İnsan ağacı, torpağı, suyu, yeli canlı bilir. Ağac, dağ, qaya, meşə, ay, su, yel canlı varlıqlar kimi götürülür. Türkün kökündə Ağac ana, Dağ anası, Su əyələri, torpaq əyələri, əcdad kultu, Göy Tanrı var. Günəş, Ay gah doğma qardaş bacı, gah sevgililər, gah da Günəş allah kimi əcdadlarımızın mifoloji düşüncələrində kök salıbsa, Novruzun bütün mərasim və ayinləri, nəğmələri bu mifoloji düşüncənin üstündə bərqərardırsa, Zərdüştdə də od, su, torpaq, yel əsasdırsa, bunları bir-birindən ayırıb təhlil və tədqiqini aparmaqdansa, bunlara ümumi bir prizmadan yanaşıb tədqiq etmək, fərqli keyfiyyətlərini, oxşar xüsusiyyətlərini açmaq, artımın, əskikliyin nədən irəli gəldiyini izah etmək, sosial, ictimai-siyasi təqiblərə məruz qalmış bir möhtəşəm bəşər fəlsəfəsinin türk düşüncəsinin dəyərli xəzinəsi kimi araşdırmaq daha məqbul sayılar. Zərdüşt Ahuramazda Xeyir allahı, hər şeyin yaradıcısı ilə söhbət edir, Novruz bayram mərasimlərini icra edir, hamı kimi çaya gedir, yuyunur, təmiz paltarını geyinir... İnsan oğlunun əliylə (sağ, sol fərqi yoxdur) dirilən, cana gələn torpağa dil verilir, onun öz diliylə insan üçün nəyə qadir olduğu deyilir, insan pisliklərdən, yamanlıqlardan od ruhu vasitəsilə təmizlənir. Xalq şənlik etmək, bayram etmək üçün əkməli, becərməli, toplamalıdır. Məhsul əldə etməlidir. Məhsulu isə iki əli, iki ayağı, bir də Tanrının onlara bəxş etdiyi torpağın, odun, istinin sayəsində əldə etmiş olur. İnsan təbiətlə elə çuğlaşıb ki, onsuz bir varlıq kimi mövcud ola bilməz. Yerlə göyün vəhdətində insan özünü, onun yaşamasını təmin edən canlıları, təbiəti görür, gücünü, qüdrətini öyür.
Dünya yarananda hər yer su idi, insan yox idi, ancaq su vardı; suyun çəkilməsi, Günəş sisteminin fəaliyyəti nəticəsində torpaq yarandı, torpağın üzərində canlılar yarandı. Su ilə əhatə olunmuş xaotik aləmdə həyat ola bilmədiyini artıq hələ elmin bir damlasını almayan insan belə dərk edirdi. Dərk edirdi ki, onun yaşadığı aləmi Yaradan dörd ünsürün (Su, Od, Torpaq, Hava) vəhdətində verib. İlkin ulularımız bu aləmə ötəri baxmayıb, müşahidələr aparıb, min illərin müşahidələri əsasında ulu müdriklərin fikirləri olub, söyləyib, söylənclər yaddaşlara hopub, nəsildən-nəslə ötürülüb. Xalq inandığı qüvvələrə dualar edib, sonra özləri mağaralardan çıxıb, evlər tikdiyi kimi əl açdıqları Tanrılarına da məbədlər tikib, onları anmaq üçün zaman-zaman məbədlərə yığışıb, ağıllı, yaddaşı möhkəm gənclərə ulu kahinlər anladığı kimi ilahi elmini öyrədib. Zərdüştün də dini təlim aldığı müdriklər olub. O müdriklər türk-azəri övladıdır. Bizim hər birimizin içində bir şair, bir yazıçı var. Diqqət etsək çox şeylər görərik. Məsələn, ömrü çöllərdə, yaşıl ormanlarda, qışda aran düzlərində, yayda yaylaqlarda keçən çobanlar sinədəftər olur, bir qarğıdan düzəltdiyi tütəyin həzin sədası altında dilsiz-ağılsız heyvanları ətrafına yığa bilir. Sözlə, səslə nələrə qadir olmamışıq. Sayaçıların, holavarların, təkəçilərin nəğmələri, nənələrin, babaların düzüb qoşduğu söylənclər, nəğmələr. Hamısında da insan yaşadığı dünyanı, ətrafında gördüyü, sevdiyi, müqəddəs bildiyi varlığı vəsf edir. Nə qədər bayatılarımız, ağılarımız, laylalarımız, oxşamalarımız, atalar sözlərimiz, deyimlərimiz var. Hamısında da ulularımızın həyatı, sevinci, kədəri, həsrəti, məşğuliyyəti, mehrini saldığı varlıqlara səmimiyyəti var. Zərdüşt daha yüksək ağıl, təfəkkür sahibi olub, müdriklərindən aldığı elmlə, biliklə yüksəklərə qalxıb və xalqının dini dünyagörüşünü əks etdirən «Avesta» kimi bir kitabda əsas olan oğuz-türk, ümumilikdə azəri təfəkkürünün möhtəşəm dini-fəlsəfi təlimini abidələşdirib. Bu kitab məhz Azərbaycanda yaranıb. Odlar ölkəsi adlanan Azərbaycan Zərdüştün yurdudur.
«Avesta» başıbəlalı xalqımızın digər qonşularımız tərəfindən mənimsənilməsinə cəhd edilən qədim milli-mənəvi abidələrindən biridir. Onun tarixini milliyyətçə türk olmayan tədqiqatçılar, sovet dövrü Azərbaycan tarixçiləri saxtalaşdırmışlar, sonralar bu böyük mədəni irsin hansı xalqa məxsus olduğunu araşdırmağa çalışan Avropa, şərq alimlərini, tarixçilərini də çaş-baş salmışlar. «Avesta» bütöv bir xalqın mədəni irsi, mənəviyyat tarixidir, yaşama tərzinin, sosial, iqtisadi, siyasi, mədəni həyatının salnaməsidir. Bədii düşüncə təfəkkürünün məhsuludur, inanclarının bütöv bir salnaməsidir.
Zərdüşt fəlsəfəsində səhər, axşam dua edilən qüvvə Allahdır. Onun Spaoşa kimi xeyirxahlara yardım edəcək qüvvəsi var. Burada sular, bitkilər, mömin qüvvələr də insanın köməyinə çata biləcək qüdrətə sahibdir. İlkin insanın inamlarını Zərdüşt öz «Avesta»sında yaşadır. Burada «Avesta» qələmə alınana qədər insanlar min illərlə yaşamış, duyğu və təfəkkürlərində allahlaşdırdığı gücü, qüdrəti qarşısında aciz qaldığı suyu, torpağı, yeli, küləyi, göylərin qüdrətli Günəşini, Ayı, onu əhatə edən ulduzları, insanların inanc və etiqadları çərçivəsində müqəddəsləşdirmişdir. Zərdüşt bu müqəddəs duyğuların, inamların üstündə «Avesta» dini-fəlsəfi təlimini qurur.
Deməli, su da, bitkilər də müqəddəs qüvvələr kimi insana kömək etmək qüdrətinə malikdir, su, ruh, torpaq kultu burada özünü göstərir.Deməli, insan dünyanı dərk etməyə başladığı vaxtdan Suyun qüdrətini görüb, anlayıb ki, susuz həyat ola bilməz, susuz canlı varlıq ola bilməz, susuz insan ola bilməz. Su həyatdır, su nemətdir, su müqəddəsdir, su ilahi güc sahibidir, su ölünü dirildər. Su mülayimdir, su qəzəblidir, su özünə hörmət, itaət tələb edir. Su yarada da bilər, yaratdığını məhv edə də bilər. İnsan elə kortəbii şəkildə də olsa Suyun qüdrətini duyandan suyla bağlı inanclar sistemini yaradıb, yaşadıb, dərk etdiyi kimi müqəddəsləşdirib, müqəddəs bildiyi qüvvələr kimi ona tapınıb və həyatın, varlığın dörd ünsüründən biri kimi hər ilin bir gününü, ilin axır çərşənbələrindən birini – Su çərşənbəsini sevinclə, süfrəsində bol nemətlərlə, hörmət və itaətlə qarşılayır, müxtəlif rituallarla bu günə qədər də inamını itirmədən yaşadır.
***
Su Çərşənbəsi səhər tezdən, gün doğmamış icra olunan mərasimlərlə başlayır. İnsanlar axar su üstünə gedir, üzlərini yuyur, su üzərindən atlanır, su ilə niyyət tutur. Xalq arasında belə bir inam var: “Su Çərşənbəsində su danışar”. Yəni suyun həmin gün daha canlı və ilahi gücə sahib olduğuna inanılır. Türkəçarələrdən Ramazan Qafarlının nümunə gətirdiyi aşağıdakı nümunələr maraqlıdır:
«Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən övladı olar».
«Su çərşənbəsində çay qırağında, su başında qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su atsan, qorxusu keçər.
Ürəyi keçən adamın üzünə su çiləsən, özünə gələr.
Su çərşənbəsində qorxan adama qorxduğu yerdə cəftə suyu içirdərlər» (R.Qafarlı).
Su Çərşənbəsində ən geniş yayılmış rituallar bunlardır:
Axar su üstündən atlanmaq
Evə su gətirib həyətə səpmək
Qab-qacağı yuyub təmizləmək
Su ilə niyyət tutmaq
Su falına baxmaq
Bu mərasimlərin əsas məqsədi mənəvi və fiziki təmizlənmədir. Su həm də xəstəliklərin və bəd nəzərin aradan qaldırıcısı kimi qəbul edilir.Su çərşənbəsində yerinə yetirilənrituallarçoxdur. Su çərşənbəsində təmizsudayuyunmaq, ağırlığını suylayuyubaparmaq, başından, sağ-sol çiyinlərindən «3 dolçahər-hoş suyutöküb, sonrada 7 qaşıqpaksudaqaynadılmış üzərliksuyunubaşına, boynuna, sağ-sol çiyinlərinə, üz-gözünə, döşünə, kürəyinə çiləməkadəti, bumünasibətlə oxunannəğmə var:
Ağırlığım-uğurluğum,
Dağlara, daşlara,
Göydə uçanquşlara,
Çayda üzənyaşılbaşlara.
Namərdyoldaşlara,
Mənlə çimməyənsirdaşlara,
Barsız-bəhrəsizağaclara,
Sonsuz, dul arvadlara,
Balağı batdaq arvadlara,
Dabanı çatdaq qarılara,
Öz-özünü öyənlərə,
Yalquzağa yaman deyənlərə…
***
Azərbaycan folklorunda su geniş semantik çalarlarla təmsil olunur. Nağıllarda qəhrəman “dirilik suyu” axtarır. Bu motiv “Koroğlu”, “Tahir və Zöhrə” kimi dastanlarda müxtəlif formalarda öz əksini tapır. “Dirilik suyu” əbədilik və yenilənmə rəmzidir.
Bayatılarda su tez-tez ayrılıq və həsrət simvolu kimi işlədilir:
Su axar, bulanmaz,
Dərdim var, danılmaz,
Su kimi keçdi ömrüm,
Bir də geri qayıtmaz.
Burada su zamanın axını ilə eyniləşdirilir. Eyni zamanda su sədaqət, paklıq və saf sevgi rəmzidir.
***
Türk mifologiyasında su çox zaman Ana obrazı ilə bağlanır. “Su ana”, “Su pərisi” kimi mifoloji fiqurlar bu əlaqəni göstərir. Su həyat verən, qoruyan və bəsləyən ünsürdür. “Türkdilli xalqlarda Su anası var. Qazanda, Qərbi Sibir türklərində «Suv anası», karaçaylarda «suu anası», Sibir türklərində «su iyəsi (su yiyəsi), türk miflərində «su babası», «su uşaqları» adlanan ruhlara təsadüf olunduğu, onların müqəddəsliyi, insan cildində çay suları üzərində göründüyü haqqında tədqiqatçılar məlumat verir. Başqırdların inamına görə, «Su iyəsi»nin bütün dünyadakı suların sahibkarı olub, öz böyük ailəsi ilə göllərin dibində yaşadığı, şər qüvvələrdən fərqli olaraq insanlara ziyan vermədiyi, «Yer-SU»yun altayların, xakasların və qırğızların mifik təsəvvüründə yerin, suların yaradıcısına verilən müqəddəs ad olduğu bildirilir: «Qədim türklərdə orta dünyanın Baş Tanrısı da «Iduk–Yer–Sub» (Yer–Su)dur. Altaylarda insanlara qəyyumluq edən əsas ruh – xeyirxah tanrı da belə adlanır. Türk miflərinin birində deyilir ki, Yer–Su ruhları (tanrıları) on yeddidir. Onlar dağ silsiləsinin qarla örtülü ən yüksək zirvəsində və çayların başlanğıcında – mənbəyində məskən salırlar. Yer–Su ruhlarının ən nəhəngi – Yo-qan(xan) dünyanın mərkəzinə - göbəyinə gəlir, orada böyük palıd ağacını (dünya ağacını) yetişdirir ki, başı Ulgenin evinə çatır. Yo-qanın oğlanları Se-qan (Su), Temir-qan (Dəmir), Talay-qan, yaxud Yayik-qan (Yay-ox), Adam-qan, Mordo-qan, yaxud Fb-qan (su mənasındadır), Altay-qan, Qırğız-qan, Edər-qan və b» (R.Qafarlı).
Bu baxımdan Su Çərşənbəsi qadın başlanğıcının, doğuluşun və məhsuldarlığın rəmzidir. Qədim inanclara görə, həmin gün su üstündə niyyət edən qızların arzuları qəbul olunar. Bu inam suyun taleyə təsir edən ilahi qüvvə kimi qəbul edilməsindən qaynaqlanır.
***
Müasir dövrdə Su Çərşənbəsi yalnız folklor hadisəsi deyil, həm də ekoloji şüurun formalaşdırılması üçün simvolik platformadır. Su ehtiyatlarının qorunması, çayların təmiz saxlanılması və suya qənaət mədəniyyətinin formalaşdırılması bu bayramın çağdaş interpretasiyası kimi təqdim edilə bilər.
Azərbaycanın Kür və Araz çayları xalqın yaddaşında müqəddəs axar sular kimi yaşayır. Kür və Araz təkcə coğrafi obyekt deyil, milli yaddaşın axar simvollarıdır.
***
Azərbaycanın müxtəlif bölgələrində Su Çərşənbəsi müxtəlif çalarlarla qeyd edilir. Qarabağ bölgəsində insanlar bulaq başına gedər, orada dua edər və su ilə niyyət tutardılar. Şəki-Zaqatala zonasında isə “su payı” adlanan ənənə mövcud idi: evlərə su səpilər və xeyir-dua verilərdi.
Naxçıvanda səhər tezdən bulaq suyundan gətirib evin künclərinə səpmək adəti geniş yayılmışdır. Bu mərasim evə bərəkət və ruzi gətirmək niyyəti daşıyırdı.
Su Çərşənbəsi xalqın kollektiv yaddaşını birləşdirən ritualdır. Bu mərasim vasitəsilə insanlar öz köklərinə qayıdır, təbiətlə harmoniyaya girir və milli mənsubiyyət hissini yenidən yaşayırlar.
Mədəni antropologiya baxımından bu mərasim “ritual yenilənmə modeli” kimi dəyərləndirilə bilər. İlin başlanğıcında həyata keçirilən təmizlənmə mərasimləri sosial harmoniyanın və mənəvi balansın bərpasına xidmət edir.
Su Çərşənbəsinin poetik-estetik mahiyyəti. Su səsi, suyun şəffaflığı, axının ritmi Azərbaycan poeziyasında estetik kateqoriyaya çevrilmişdir. Su Çərşənbəsi həm də poetik duyumun oyanışıdır. Baharın ilk müjdəsi suyun dilindən gəlir. Bu baxımdan Su Çərşənbəsi estetik zövqün və təbiətə bağlılığın bayramıdır.
Su Çərşənbəsi Azərbaycan xalqının minillik yaddaşının, mifoloji təfəkkürünün və mənəvi dünyasının canlı təzahürüdür. O, sadəcə təqvim mərasimi deyil; o, həyat fəlsəfəsidir. Su həyatın başlanğıcıdır, təmizliyin rəmzidir, zamanın axınıdır və ruhun aynasıdır.
Bu çərşənbə insanı öz daxilinə baxmağa, köhnə küskünlükləri yumağa və yeni başlanğıclara hazır olmağa çağırır. Su Çərşənbəsi bizə xatırladır ki, həyat axardır, dəyişəndir və yenilənəndir. Hər il yenidən doğulan bahar kimi, insan da su ilə öz mənəvi dirçəlişini yaşayır.
Beləliklə, Su Çərşənbəsi Azərbaycan milli mədəniyyətinin həm arxaik qatlarını, həm də müasir mənəvi ehtiyaclarını özündə birləşdirən kompleks fenomen kimi dəyərləndirilə bilər. Bu mərasim xalqın yaddaşında yaşadıqca suyun səsi də milli ruhun səsi kimi eşidilməyə davam edəcəkdir.
***
Azərbaycan xalqı, ümumiyyətlə, türk xalqları zəngin milli mənəvi dəyərlərə malikdir. Xalqımız bu cəhətdən xoşbəxtdir. Onun min illərlə yaranmış, yaddaşlara çökmüş, min illərin zamanında unudulmuş, unudulmuşların izi də olsa qalmış mənəvi irsi dünya xalqlarının daima marağını kəsb etmişdir. Azərbaycan bu gün qüdrətli bir demokratik ölkə kimi tanınmaq üçün uğurla həm iqtisadiyyatını, həm də sosial-mədəni inkişafını davam etdirir. Xalqımızın genokoduna çökmüş milli-mənəvi irsin qorunub saxlanması yolunda dövlətmiz öz müstəqil dövlətçiliyini yenidən bərpa etməklə yanaşı, həm iqtisadi, həm də mədəni irsini qoruyub saxlamaq üçün böyük işlər görür. Xalqımızın milli-mənəvi sərvəti folklorun toplanması, tədqiqi, nəşri sahəsində atılan uğurlu addımların şahidiyik. Azərbaycan Respublikasında Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Heydər Əliyev dövründə Novruzun rəsmi statusu möhkəmləndirilmiş, mərasimlərə dövlət səviyyəsində diqqət artırılmışdır. Bu siyasi iradə milli-mədəni kimliyin qorunmasında mühüm rol oynamışdır. Hələ 1994-cü ildə ümummilli liderimiz H.Əliyevin sərəncamı ilə «Folklor mərkəzi» yaradıldı. Xalqın yaratdığı zəngin milli-mənəvi dəyərləri öyrənmək, milli adət-ənənələri yaşadan böyük təfəkkür incilərini toplamaq, bu xalqın böyük mənəvi dünyasını toplamaq, tədqiq etmək, xalqımıza, gələcək nəsillərə çatdırmaq sahəsində apardığı məqsədyönlü fəaliyyətinə görə Folklor İnstitutunun gördüyü işin dəyəri misilsizdir. Azərbaycan folklor külliyyatını hazırlamaq, nəşr etdirmək, yüz cildlik folklor külliyatının hazırlanmasına başlamaq, folklor antologiyasının nəşr etdirilməsi dediklərimizə sübutdur.
Novruz bayramı türk dünyasında geniş qeyd olunur və 2009-cu ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilmişdir. Bu fakt Novruz ənənələrinin, o cümlədən Su Çərşənbəsinin beynəlxalq səviyyədə tanındığını göstərir. (ardı var)