"Qaraca Qız" haqqında düşüncələr.
Süleyman Sani Axundov:
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Süleyman Sani Axundovun, “Tamahkar”; “Şahsənəm və Gülpəri”; “Qaranlıqdan işıqlığa” kimi pyesləri var. Gənclərin maariflənməsinə həsr etdiyi ömründə o, “Qorxulu nağıllar” adlı kitabı ilə dərc etdirir. “Əhməd və Məleykə”, ”Nurəddin” kimi hekayələrin olduğu ki kitabda, fikrimcə ən dəyərli və yadda qalan əsər, ”Qaraca qız” povestidir. “Qaraca qız” povesti təkcə cəmiyyətdəki təbəqələşməni tənqid edib, gün üzünə çıxaran bir əsər deyil. O, oxucunu bu təbəqələşmənin içərisində səyahət etdirib, müxtəlif fəlsəfi fikirləri düşünməsinə zəmin yaradan dəyərli bir ədəbi mətndir.
“Qaraca qız” povestinin ümumi süjeti:
Qaraca qız, əsərin əvvəlində öz ata və anası ilə xoşbəxt yaşasa da, zəlzələ nəticəsində yetim və kimsəsiz qalır. Onu, qaraçı Yasəmən özü ilə aparır. Lakin bu həyat tərzində qaraçı Yusif Tutunun güzaranını çətinləşdirir. Bu əziyyətdən Tutunu Yasəmən qoruyur. Bir gün, Yasəmən Tutunu daşan çaydan xilas etməyə çalışarkən can verir. Beləcə Tutunu Yusifin zülmündən kimsə qoruya bilmir. Qızın qaraçı həyatı, ayının Yusifi parçalaması ilə başa çatır. Tutu bu dəfə Hüseyinqulu ağanın quluna çevrilir. Onun bu həyatındakı düşməni, sevimli dostu Xədicənin anası Pəricahan xanım, qoruyucusu isə Piri baba olur. İş elə gətirir ki, Tutu Xədicəni ilan zəhərindən xilas edir lakin özü ölür.
“Qaraca qız” povestində təbəqələşmə.
Süleyman Sani Axundov, təbəqələşmənin əleyhinə yazdığı bu əsərdə, Tutunu müxtəlif sosial təbəqələrin çərçivəsində göstərib. Tutu, ilk olaraq, kasıb olsa da, öz ailəsi ilə xoşbəxt bir həyat yaşayır. Bu hissədə o, tipik bir uşaq davranışı nümayiş etdirir. Dəcəllik edir, anasından danlaq yeyir, lakin yenə də, bir uşaqdır. Zəlzələ zamanı, şəhər əhalisi, bir-birinə kömək edir. Yəni, aşağı təbəqədə, səmimiyyət, xoşbəxtlik və yardımsevərlik hissləri öz əksini tapır.
Ata-anasını zəlzələdə itirən Tutu, qaraçı Yasəmənin himayəsinə götürülür. Qaraçılarla münasibətdə o, zəlzələdən xilas olmuş, yetim bir qızdır. Artıq, yaşamaq üçün, işləməlidir. Onun qismən bir “ağası” var. Bu, Yasəmənin əri, Yusifdir. Qaraca qızın qaraçılarla yaşadığı müddət boyunca mənəvi azadlığı qorunur. Qız, tərsliyi ilə, Yusifi belə dizə gətirə bilir. Yəni o, öz ağasına baş qaldırır. Tutunun düşdüyü bu köçəri həyatda, mənəvi azadlıqla yanaşı, yenə də yardımsevərlik var. Onun həyatı, sıra ilə Yasəmən və Yusifin ölümü ilə tamamilə və geri dönülməz bir şəkildə dəyişir.
Qaraca qız Hüseynqulu ağanın əlinə düşdükdə artıq bütün azadlığını itirib qula çevrilir. Qaraca qız, ağalıqda ailəsi ölmüş balaca qız kimi yox, yiyəsi olmayan, rəqsdə məharətli bir qaraçı qız kimi tanınır və qəbul edilir. Qaraca qızın, təbəqələşməni ən kəskin şəkildə duyub, yaşı səbəbilə mənalandıra bilmədiyi anlar, məhz burada yaşanır. O, bəy qızı Ağca ilə dostluq etməsinə icazə verilməməsi üçün tək səbəbi, dəcəllik eləməklə ölçür. Piri babanın, “onlar əslzadədir, biz rəiyyət” sözləri, bu qız üçün olduqca yad qalır. Bu qulluq dövründə Qaraca qız öz ağasına qarşı çıxa bilmə hüququnu da itirir. Əgər qaraçı Yusifə qarşı çıxdıqda döyülürdüsə, sonra Yasəmənin, Yusifi qızın qaçması ilə bağlı qorxutmaları sayəsində öz istəyini etdirirdisə, burada Qaraca qız, Hüseynqulu ağanın hər dediyini etməli olurdu. Ona qarşı çıxma haqqı isə yox idi. Buna ən bariz nümunə Hüseynqulu ağanın istəyi ilə rəqs etməsi üçün qızın xəstə yatağından qaldırılması idi. Yazıçı, burada yüksək təbəqəni, hakim zümrəni, anlayışsız, zövq üçün hər şeyi edə biləcək insanlar kimi göstərir. Bu zövq naminə, Hüseynqulu ağa, Piri babanı və Qaraca qızı öz arvadına qarşı istifadə etmiş, işi bitdikdən sonra isə qovacağını bildirmişdi. S. S. Axundov, ağa və bəyləri, rəiyyəti düşünməyən insanlar kimi göstərir və bunun üzərindən, insanları maarifləndirməyə çalışır.
Tutunun 3 yenidən doğulma anı:
Povestin süjeti ərzində, Tutu, bir neçə fərqli həyat tərzi ilə tanış olur. Bu həyat tərzlərini, şərti olaraq “yeni həyat” deyə adlandırsaq, həyatları arasındakı keçidləri də “yenidən doğulma anı” adlandıra bilərik.
Tutunun həyatı üçün mücadilə edib, Əcələ qalib gəldiyi və yeni həyat haqqı qazandığı ilk an, şəhərdə baş vermiş zəlzələ zamanı baş verir. Uçmuş evin altından tapılan ana-atasının cəsədiylə yanaşı Tutu, balaca bir deşikdən, sağ olaraq tapılır. Beləcə o, yenidən Günəş işıqlarını görə bilir. Beləcə o, qaraçılarla yaşadığı yeni həyatına başlayır.
Tutunun həyatı üçün digər böyük mübarizəsi, çay daşqını zamanı olur. Qaraçı Yasəmən Tutunu daşqından xilas edərkən, yaralanır və xəstələnir. Gecə saatlarında Yasəmən, yüksək hərarət səbəbilə ölür. Lakin Tutu, həmin gecənin sonundakı işıqları görməyi bacarır. Beləcə bu daşqın, Tutunun həyatından ana fiqurunu alır. O, zalım ögey ata obrazı ilə baş-başa olduğu yeni həyatına başlayır.
Tutunun, qaraçılıqdan xilas olub, Hüseynqulu ağanın qulu olduğu həyata keçid, ən sancılı yenidən doğulma anıdır. Tutu, əvvəla ayının Yusifi parçaladığına şahidlik edir. Sonra, aqibətinin Yusif kimi olmaması üçün var gücü ilə qaçır. Ayı, onu tutmağa çalışarkən, Tutu, özünü dar bir mağaraya atır. Mağara qaranlıq və havasızdır. Ayı onu tuta bilmədiyi üçün, mağaranın ağzında uzanıb, qızın çıxmağını gözləyir. Bu epizod Tutunun ev uçqunundan xilas olduğu anla ciddi oxşarlıq təşkil edir. Qız, əgər ovçular tərəfindən xilas edilməsəydi, burada havasızlıqdan və ya ac-susuzluqdan öləcəkdi.
Qız, mağaradan çıxarılanda yenidən Günəş işıqlarını görür. Mağara və zəlzələ hissələrinin digər oxşarlığı da, Tutunun getdiyi yerdə, onu qəbul etməyəcək birinin olmasıdır. Yasəmən, qaraçı Yusifin Tutunu qəbul etməyəcəyini bildiyi üçün, Tutunun qazanc gətirəcəyini deyərək, Yusifə “rüşvət” verir. Lakin Hüseynqulu ağanın arvadı Pəricahan xanıma verdiyi “rüşvət”, qəbul görmür. O, qızları Ağca xanımın bir qaravaşa ehtiyacı olacağını deyərək, Pəricahan xanımı razı salmağa çalışsa da, qadın bu qızı qəbul etmir və Ağca ilə dostluq etməsinə qadağa qoyur. Bu qadağa, sonradan Hüseynqulu ağanın arvadı ilə apardığı güc mübarizəsinin qıvılcımına çevrilir.
Süleyman Sani Axundov, “Qaraca qız” povestində ölüm və Günəşi paralelləşdirib. O, ölüm hadisələrini gecə və ya gün batımında təsvir edir. Usta Zeynal, arvadı Şərəfnisə, qaraçı Yasəmən gecə vaxtı ölür. Tutunun başına gələn bir çox hadisə (zəlzələdən başqa) günorta və ya səhər baş verir. Bununla S.S.Axundov, sanki Tutunun hələlik vədəsinin dolmadığını göstərir. Axundov Tutunun öldüyü gün Günəşin doğduğunu təsvir edir. Bu, oxucuya “Gün çıxıbsa, batacaq” mesajını verir. Tutu, ölərkən, Günəşin batması da təsvir edilir. Beləcə, Günəşin doğulmasının təsvir edilməsinin, incə bir səbəbi olduğu oxucuya məlum olur.
Piri babanın qərarı.
“Qaraca qız” povesti, olduqca məşhurdur. Lakin insanlar hadisələri, əsərin ekran versiyasından bilirlər. Filmdə, Tutunun ölümü, Pəricahan xanımın ona vurması ilə əlaqəlidir. Lakin əsərdə Tutunun ölümü, Piri babanın qərarı səbəbilə baş verir. Qoca kişi, Qaraca qızının sağalmasını yox, ölməsini istəyir. Bu, Con Steynbekin “Adamlar və Siçanlar” povesti ilə böyük bir oxşarlıq təşkil edir. Əsərdə, ferma işçisi olan iki dostun Corc və Lenninin hekayəsindən danışılır. Corc, qısa boylu, olduqca ağıllı bir xarakterdir. Lenni isə, uzun boylu, bədənli biridir. Lakin Lenni, heybətinə yaraşmayacaq dərəcədə uşaq ağıllıdır. Bu, povestin süjet xətti üçün böyük bir dönüm nöqtəsi yaradacaq bir xüsusiyyətdir.
“Adamlar və Siçanlar” povestində əsas mövzulardan biri, ölüm deyil, bunun arxasındakı duyğulardır. Əsərdəki ilk ölüm, fermadakı ən qoca işçi Kendinin artıq yaşlılıqdan qoxuyan itinin ölümüdür. İllərdir Kendi ilə yaşayan itin ölümü, bu qoca kişini mütləq bir yalnızlığa məhkum edir. İtin ölümünü təklif edən, Karlson adlı başqa bir işçi idi. Kendi, itini özü öldürmək istəmədiyi üçün bu işi Karlsonun etməsini istəyir. Karlson bu işi nifrət duyğusu ilə edir. Bu nifrət səbəbli ölüm, Kendiyə böyük əzab verir. O, itinin mərhəmət yerinə nifrət duyğusu ilə öldürülməsinin peşmanlığını yaşayır.
Bu öldürmənin motivi məsələsi povestin finalında yenidən gündəmə gəlir. Lenni, fermanın sahibinin gəlinini öldürür. Bundan xəbər tutan oğul isə, digər işçilər və Corc ilə birlikdə Lennini axtarmağa başlayır. O, Lennini əziyyət verərək öldürəcəyini deyir. Corc, Lenninin harada olduğunu təxmin edir. O, qrupdan ayrılaraq Lenninin yanına gəlir və onu öldürür. Bu hadisə ilkin baxışda dost xəyanəti kimi görünsə də, Corcun mövqeyindən dəyərləndirildikdə başqa məna qazanır. Lenni, Kendinin iti kimi nifrət duyğusu ilə deyil, mərhəmət duyğusu ilə öldürülüb.
Piri babanın, həkimin Tutuya baxmasını rədd etməsinə, “Adamlar və Siçanlar” aspektindən baxıldığında, onun bunu mərhəmət hissi ilə etdiyini anlamaq çətin deyil. O, öz yalnızlığına geri qayıdaraq, Tutunun ölümünü qətiləşdirir.
Povestin davamında və finalında Piri babanın yalnızlığı və sonsuzluğu haqqında danışılır. Hətta Tutu gəlişi ilə, Piri babanın komasına işıq gətirmişdi. Lakin bu işığı, Piri baba, Tutunun daha çox əziyyət çəkməsini istəməməsi və ona mərhəmətlə yanaşması səbəbilə, söndürür. Beləliklə, Piri baba öz yalnızlığına qayıtmaq bahasına, Tutunu əzablı bir həyatdan xilas edir.
Süleyman Sani Axundov, “Qaraca qız” povestini xalqımızı, əsas da gənc və uşaqları maarifləndirmək üçün yazmışdır. Əsərdə təbəqələşmə, ona münasibət və balaca uşaqların taleyinin həlli göstərilir. Bundan başqa, povestdə simvolikadan da (Günəş işıqları) istifadə edilib. Axundov əsərin finalında hərəkətə deyil, onun arxasındakı səbəblərin araşdırılmasının vacibliyini vurğulayır. Nəticə etibarilə povest, təbəqələşmə, yetim uşaqların taleyi və insanların qərarlarının arxasındakı əsas səbəbləri göstərən maarifləndirici bir əsər kimi dəyərləndirilir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
Sabah Qrupları tələbəsi
Mustafayeva Aytac