Azərbaycan ədəbiyyatında ana dili mövzusu hər zaman milli varlığın, tarixi yaddaşın və mənəvi kimliyin ən həssas ifadə vasitələrindən biri olmuşdur. Bu mövzu müxtəlif dövrlərdə müxtəlif sənətkarların yaradıcılığında fərqli poetik çalarlarla təqdim edilsə də, onun mahiyyəti dəyişməmişdir: ana dili xalqın ruhudur, keçmişini gələcəyə bağlayan mənəvi körpüdür.
İlqar Fəhminin “Ana dilim” şeiri də məhz bu böyük ədəbi ənənənin müasir dövrdə uğurlu davamı kimi diqqəti cəlb edir. Şair şeirdə ana dilini yalnız ünsiyyət vasitəsi kimi təqdim etmir. O, dili xalqın taleyini, tarixini, mənəviyyatını və milli yaddaşını yaşadan müqəddəs bir varlıq səviyyəsinə yüksəldir. Bu baxımdan şeir klassik və müasir milli düşüncənin vəhdətini özündə birləşdirən fəlsəfi-poetik manifest təsiri bağışlayır.
Gəlin şeiri bir qədər geniş təhlil edək;
Əsərin ilk misraları oxucunu dərhal tarixlə üz-üzə qoyur:
“Nələrdən keçdi yüz illər,
basqı gördü, şiddət gördü...”
Bu misralar təkcə poetik giriş deyil. Burada müəllif Azərbaycan dilinin əsrlər boyu qarşılaşdığı təzyiqləri ümumiləşdirilmiş bədii lövhəyə çevirir. Dil burada ayrı-ayrı tarixi hadisələrin deyil, bütöv bir xalqın taleyinin daşıyıcısıdır. Şair göstərir ki, tarix boyu xalqı məhv etməyin ən təhlükəli yollarından biri onun dilini unutdurmaq olmuşdur. Məhz buna görə müəllif kitabların yandırılmasını, budaqların qırılmasını və çiçəklərin yolunmasını sadəcə fiziki dağıntı kimi yox, milli yaddaşa qarşı yönəlmiş mənəvi terror kimi təqdim edir. Şeirdə diqqət çəkən mühüm məqamlardan biri odur ki, müəllif faciəni təsvir etməklə kifayətlənmir. O, ümidsizliyə deyil, mənəvi qələbəyə aparan yolu göstərir. Bütün təzyiqlərə baxmayaraq, Aşağıdakı misralarda biz bu qələbə hissini aydınca duya bilirik:
“Yenə də təslim olmadı,
Əskilmədi, alçalmadı...”
Məhz bu misralar əsərin ideya yükünü daşıyan əsas poetik dayaqlardan biridir. Burada dil insan iradəsinə malik canlı obraz kimi təqdim olunur. O, sınaqlardan keçən, lakin sınmayan mənəvi qəhrəmandır. Beləliklə, müəllif ana dilini xalqın dözümlülüyünün və milli müqavimət ruhunun simvoluna çevirir.
Şeirin ideya-fəlsəfi sistemində diqqəti cəlb edən başqa bir cəhət isə odur ki, İlqar Fəhmi ana dilinin taleyini xalqın taleyindən ayırmır. Burada "dil" anlayışı artıq linqvistik termin olmaqdan çıxaraq milli kimliyin əsas göstəricisinə çevrilir. Şair demək istəyir ki, torpaq işğal oluna bilər, sərhədlər dəyişə bilər, dövlətlər süqut edə bilər, lakin ana dili yaşadığı müddətdə xalqın mənəvi varlığı da yaşayacaq. Məhz buna görə əsərdə dil fiziki yox, metafizik məna qazanır.
Müəllif ana dilini "canlı varlıq" adlandırarkən əslində Azərbaycan ədəbiyyatında qədimdən mövcud olan poetik ənənəni yeni bədii formada davam etdirir. İ.Fəhmi yazır:
“Ana dilim canlı varlıq,
Ruhu vardır, ürəyi var...”
Burada əsərin bədii yükü xeyli artır. Çünki poetik yanaşmadır. Dil artıq sözlərin məcmusu deyil; o, sevən, qoruyan, inciyən, qürur duyan və lazım gəldikdə qəzəblənən mənəvi varlıqdır. Burada müəllif personifikasiya vasitəsilə (insan olmayan bir varlığı insan kimi təsvir edərək) ana dilinə insan xarakteri verir və onu milli vicdanın təcəssümünə çevirir. Şairin ən uğurlu poetik tapıntılarından biri də ana obrazı ilə dil obrazını eyniləşdirməsidir. Ana necə övladını sonsuz məhəbbətlə sevirsə, eyni zamanda onu qorumaq üçün sərt ola bilirsə, ana dili də xalqını yaşadır, lakin ona xəyanəti bağışlamır. Bu məqam şeirdə belə ifadə olunur:
“Amma aciz sanma onu,
Həm də ana qəzəbi var...”
Bu misralar ana dilinə münasibətdə məsuliyyət hissini daha da gücləndirir. Şair göstərir ki, dili qorumaq yalnız hüquq deyil, həm də mənəvi borcdur. Ana dilinə biganəlik insanın öz kökünə, tarixinə və kimliyinə biganə qalması deməkdir.
Şair əsərdə təkrar və paralelizm üsullarından da məharətlə istifadə edir. Məsələn:
“Kitab-kitab yandırdılar,
Çiçək-çiçək yoldurdular,
Budaq-budaq sındırdılar...”
Buradakı sintaktik paralellik sadəcə ritm yaratmır. Hər bir təkrar söz milli-mədəni irsə qarşı törədilən zorakılığın miqyasını böyüdür. Kitab – yaddaşı, çiçək – mədəniyyəti, budaq isə xalqın inkişafını simvolizə edir. Müəllif bu üç obraz vasitəsilə göstərir ki, dili məhv etmək cəhdi yalnız sözləri deyil, bütöv milli varlığı hədəfə alır. Şeirdə diqqət çəkən başqa bir poetik xüsusiyyət simvolizmdir. İlqar Fəhmi konkret tarixi hadisələri sadalamaqdan daha çox, onları simvolik obrazlarla ümumiləşdirir. Şəhid anasının ağısı, dar ağacı, qopuz sədası, qılınc şaqqıltısı, muğamın ahəngi – bütün bunlar Azərbaycan xalqının müxtəlif dövrlərdə yaşadığı mənəvi və tarixi təcrübənin rəmzlərinə çevrilir. Xüsusilə aşağıdakı misralar çoxqatlı simvolik məna daşıyır:
“Çahargahın təntənəsi,
Humayunun yanğısıdır...”
Burada müəllif iki muğamın adını sadəcə musiqi nümunəsi kimi işlətmir. Çahargah milli iradəni, qəhrəmanlığı və ruh yüksəkliyini təcəssüm etdirirsə, Humayun kədəri, nisgili və daxili yanğını ifadə edir. Şair demək istəyir ki, ana dili həm qələbənin sevinci, həm də faciənin ağrısını özündə daşıyan ümummilli yaddaşa çevrilir. Şairin poetik məharəti ondadır ki, şeirdə emosional pafos heç vaxt süni təsir bağışlamır. Bunun əsas səbəbi müəllifin böyük fikirləri yüksək ritorika ilə deyil, konkret milli obrazlar vasitəsilə ifadə etməsidir. Oxucu bu şeiri oxuyarkən abstrakt anlayışlarla deyil, tarixdən gələn canlı mənzərələrlə qarşılaşır.
Əsərdə diqqət çəkən digər bir məqam metaforaların mühüm yer tutmasıdır. "Üzü ağ çıxmaq", "hikmətin şöləsi", "ürəyinin güzgüsü", "ruhumuzun xilası" kimi ifadələr şeirin bədii-estetik yükünü artırır. Məhz bu metaforalar dilin sadəcə ünsiyyət vasitəsi olmadığını, xalqın mənəvi taleyini daşıyan müqəddəs dəyər olduğunu nümayiş etdirir.
Şeirdə ilk müraciət Dədə Qorqud obrazınadır:
“Dədə Qorqud qopuzunun
sədasıdır ana dilim...”
Bu misralar Azərbaycan milli yaddaşının başlanğıc nöqtəsinə işarə edir. Dədə Qorqud təkcə bir dastan qəhrəmanı deyil, xalqın müdrikliyini, mənəviyyatını və dilini gələcək nəsillərə daşıyan simvolik şəxsiyyətdir. "Kitabi-Dədə Qorqud" Azərbaycan türkcəsinin ən qədim və ən möhtəşəm yazılı abidələrindən biri olmaqla yanaşı, dilimizin təbii axarını, obrazlı ifadə imkanlarını, atalar sözlərini, deyimlərini və milli dünyagörüşünü bu günümüzə qədər yaşadan mənəvi xəzinədir. Əgər Dədə Qorqud olmasaydı, Oğuz türklərinin dili, düşüncə sistemi və mənəvi dünyası haqqında bu qədər zəngin təsəvvür formalaşdırmaq mümkün olmazdı. Buna görə də İlqar Fəhmi ana dilinin ilk böyük səsini məhz qopuzun ahəngində eşidir. Şair daha sonra üzünü Azərbaycan poeziyasının ilk böyük üsyankar ruhlarından biri olan İmadəddin Nəsimiyə tutur:
“Edam vaxtı Nəsiminin
dar ağacının altında
duasıdır ana dilim...”
Şeirin ən təsirli poetik məqamları bu misralardır. Nəsimi dövründə elm və ədəbiyyat əsasən ərəb və fars dillərində yazıldığı halda, Azərbaycan türkcəsində yüksək fəlsəfi poeziya yaradaraq ana dilimizin ifadə imkanlarının sonsuz olduğunu sübut etdi. Onun yaradıcılığı göstərdi ki, Azərbaycan türkcəsi yalnız xalq danışıq dili deyil, dərin fəlsəfi düşüncənin, irfani təfəkkürün və bəşəri ideyaların daşıyıcısı ola bilər. Şairin "dar ağacının altında duasıdır" ifadəsi xüsusi məna daşıyır. Burada dua yalnız dini anlayış deyil. Bu, ölüm qarşısında belə öz sözündən və öz dilindən dönməyən sənətkarın mənəvi əbədiyyətidir. Müəllif burada Nəsimini bədəni məhv edilən, lakin sözü məğlub olmayan şair kimi təqdim edir. Ardınca Nizami Gəncəvi və Məhəmməd Füzulinin eyni poetik müstəvidə təqdim olunması müəllifin növbəti uğurudur.
“Nizaminin, Füzulinin hikmətinin
şöləsidir ana dilim...”
Bu iki böyük sənətkarın adlarının yanaşı çəkilməsi təsadüfi deyil. Nizami insanı, ədaləti, mərhəməti və kamilliyi tərənnüm edən ümumbəşəri ideyaları ilə Azərbaycan ədəbi təfəkkürünün mənəvi təməlini yaratdı. Onun əsərlərində formalaşan estetik düşüncə sonrakı əsrlərdə Azərbaycan dilində yaranan ədəbiyyatın ideya istiqamətini müəyyənləşdirdi. Füzuli isə həmin mənəvi xəzinəni artıq Azərbaycan türkcəsinin poetik qüdrəti ilə yeni zirvəyə qaldırdı. O, sübut etdi ki, ana dili ən incə sevgi hisslərini, ən mürəkkəb fəlsəfi fikirləri və ən yüksək bədii gözəlliyi ifadə etməyə qadirdir. Füzulinin yaradıcılığı Azərbaycan dilinin poetik imkanlarını misilsiz dərəcədə zənginləşdirdi. Şair buna görə ana dilini onların "hikmətinin şöləsi" adlandırır; çünki bu işıq bu gün də milli düşüncəmizi işıqlandırmaqda davam edir.
İlqar Fəhminin xüsusi vurğuladığı şəxsiyyətlərdən biri də Şah İsmayıl Xətaidir:
“Şeyx oğlu şah Xətainin
qəzəvatı, davasıdır ana dilim...”
Burada "dava" və "qəzəvat" sözləri yalnız hərbi yürüş anlamında işlənmir. Xətainin ən böyük mübarizələrindən biri Azərbaycan türkcəsinin dövlət idarəçiliyində, saray mühitində və ictimai həyatda nüfuz qazanması idi. O, təkcə qüdrətli hökmdar deyil, həm də ana dilində yazan böyük şair idi. Onun siyasi iradəsi ilə Azərbaycan türkcəsi dövlətçilik müstəvisində yeni mərhələyə yüksəldi. Əgər Nəsimi ana dilinin poetik qüdrətini nümayiş etdirmişdisə, Xətai ona siyasi nüfuz qazandırmışdır. Müəllif daha sonra ana dilini dini-mənəvi mühitlə bağlayaraq yazır:
“Ağzı dualı pirlərin,
müridlərin, mürşidlərin
təqvasıdır ana dilim.”
Bu misralar göstərir ki, ana dili yalnız dünyəvi həyatın deyil, xalqın dini-mənəvi dünyasının da ayrılmaz hissəsidir. Dualar, nəsihətlər, zikrlər, hikmətlər və mənəvi tərbiyə əsrlər boyu ana dilində yaşadılmış, dil xalqın ruhunu qoruyan müqəddəs dəyərə çevrilmişdir.
Şair İlqar Fəhminin Hüseyn Cavidə müraciəti də diqqətçəkən məqamlardandır:
“Uzaq Sibir çöllərində
Cavidimin buz bağlayan
son sözüdür ana dilim...”
Bu misralar təkcə bir şairin faciəli taleyini deyil, bütöv bir xalqın repressiya illərində yaşadığı mənəvi sarsıntını ifadə edir. Hüseyn Cavid bütün yaradıcılığı boyu türk dünyasının birliyini, milli-mənəvi dəyərləri və insan azadlığını tərənnüm etmişdir. O, dili yalnız bədii ifadə vasitəsi deyil, milli ruhun yaşadığı müqəddəs məkan hesab edirdi. Sibir sürgünündə cismani ömrü sona çatsa da, onun ana dilində yazdığı əsərlər bu gün də Azərbaycan düşüncəsinin ayrılmaz hissəsidir. İlqar Fəhmi Cavidi xatırlatmaqla göstərir ki, dil bəzən müəllifindən daha uzunömürlü olur; insan gedir, söz isə yaşayır. Şeirdə Mikayıl Müşfiq obrazının təqdimatı xüsusi poetik həssaslıqla verilir:
“Soyuq məhbəsdə Müşfiqin
ürəyinin güzgüsüdür ana dilim.”
Müşfiq yaradıcılığı Azərbaycan dilinin təbii gözəlliyinin, musiqililiyinin və lirizminin ən saf nümunələrindəndir. Onun poeziyasında ana dili sanki xalqın nəfəsi kimi səslənir. Repressiya Müşfiqin həyatını yarımçıq qoysa da, onun sözünü susdura bilməmişdir. Müəllif "ürəyinin güzgüsü" ifadəsi ilə göstərir ki, Müşfiqin bütün daxili aləmi, sevgisi, ağrısı və ümidləri ana dilində əks olunmuşdur.
Şeirin kulminasiya nöqtəsi son bəndlərdə özünü göstərir:
“Ana dilim elə mənəm...
SÖZüm mənəm,
MƏN sözüməm...”
Bu yerdə müəllif artıq poetik təsvirdən fəlsəfi ümumiləşdirməyə keçir. Burada "Söz" adi leksik vahid kimi deyil, insanın mənəvi mövcudluğunu müəyyən edən ontoloji kateqoriyaya çevrilir. Şair göstərir ki, insan öz dili və sözü ilə mövcuddur; sözünü itirən insan, əslində, öz mənəvi varlığını da itirir. Sonrakı bənddə:
“Mən Vaqifəm, mən Sabirəm, Şəhriyaram,
Mən Səmədəm, mən Rəsulam, Bəxtiyaram...”
Müəllif milli poeziyamızın müxtəlif dövrlərini təmsil etmiş böyük sənətkarlarımızın adlarını ard-arda çəkir. Bu sadalama təsadüfi deyil. Burada İ.Fəhmi mühüm bir fikir irəli sürür: Azərbaycan ədəbiyyatı müxtəlif dövrlərdə fərqli üslublar yaratmış olsa da, onların hamısını birləşdirən ortaq dəyər ana dilinə sonsuz sədaqətdir;
Molla Pənah Vaqif klassik poeziyanı xalq danışıq dili ilə yaxınlaşdıraraq Azərbaycan ədəbi dilinin inkişafında yeni mərhələ yaratmışdır. Mirzə Ələkbər Sabir ana dilini ictimai oyanışın silahına çevirmişdir. Onun satirik dili xalqın dərdini xalqın öz dili ilə ifadə edirdi. Məhəmmədhüseyn Şəhriyar Cənubi Azərbaycanda Azərbaycan türkcəsinin yaşadılmasının mənəvi rəmzinə çevrilmişdir. "Heydərbabaya salam" əsəri milyonlarla azərbaycanlının ana dilinə bağlılığını yenidən oyatmışdır. Qeyd edim ki, İlqar Fəhminin şeirində Şəhriyarı xatırlatması Azərbaycan dilinin bütövlüyü ideyasına işarədir. Səməd Vurğun Azərbaycan dilinin dövlətçilik ruhunu, milli qürurunu və bədii imkanlarını zənginləşdirən sənətkarlardandır. Onun poeziyasında ana dili Vətən anlayışı ilə vəhdətdə təqdim olunur. Rəsul Rza Azərbaycan poeziyasında yeni poetik təfəkkürün əsas yaradıcılarından biri kimi dilimizin ifadə imkanlarını genişləndirmişdir. O, göstərirdi ki, ana dili yalnız klassik poetik qəliblərlə deyil, müasir bədii düşüncə ilə də zənginləşə bilər.
Şeirin ideya xəttində xüsusi yer tutan sənətkarlardan biri də Bəxtiyar Vahabzadədir. Onun yaradıcılığında ana dili milli kimliyin əsas rəmzi kimi təqdim olunur. Bəxtiyar Vahabzadə dəfələrlə vurğulamışdır ki, dilini itirən xalq öz tarixini, yaddaşını və gələcəyini də itirir. Bu baxımdan İlqar Fəhminin onu şeirin finalında xatırlatması təsadüfi deyil. Çünki Bəxtiyar Vahabzadənin poeziyası ilə "Ana dilim" şeiri arasında ideya yaxınlığı aydın hiss olunur. Hər iki sənətkar – B.Vahabzadə və İ.Fəhmi ana dilini xalqın varlığını qoruyan müqəddəs mənəvi sərvət kimi dəyərləndirir. Şeirin sonunda müəllifin:
“Dilim yoxsa, mən də yoxam,
Dilim varsa, mən də varam.”
fikri əslində sadalanan bütün şəxsiyyətlərin həyat və yaradıcılığının ümumi fəlsəfi nəticəsidir.
Son olaraq qeyd edim ki, Əsərin ideya xəttini gücləndirən başlıca amillərdən biri tarixi yaddaşla bədii düşüncənin üzvi vəhdətidir. Dədə Qorquddan Bəxtiyar Vahabzadəyədək uzanan bu böyük mənəvi yol göstərir ki, Azərbaycan dili əsrlər boyu yalnız danışılmayıb, uğrunda mübarizə aparılıb, qorunub, zənginləşdirilib və gələcək nəsillərə əmanət edilib. Müasir qloballaşma dövründə dillərin assimilyasiya təhlükəsi ilə üzləşdiyi, yad sözlərin gündəlik nitqə sürətlə nüfuz etdiyi, rəqəmsal ünsiyyətin dil mədəniyyətinə təsir göstərdiyi bir zamanda İlqar Fəhminin bu şeiri xüsusi aktuallıq qazanır. Müəllif oxucuya açıq şəkildə xatırladır ki, ana dilini qorumaq yalnız dilçilərin, müəllimlərin və yazıçıların vəzifəsi deyil. Bu, hər bir vətəndaşın, hər bir ailənin və bütövlükdə cəmiyyətin mənəvi məsuliyyətidir. Çünki dil yalnız sözlərdən ibarət deyil; o, xalqın yaddaşı, mənəviyyatı, tarixidir.
PS: İlqar Fəhminin "Ana dilim" şeirinin Əməkdar artist Nicat Kazımov tərəfindən poetik və yüksək emosional çalarda səsləndirilməsi təqdimatın bədii-estetik dəyərini daha da yüksəldən təsirli final akkordu kimi yadda qalır. Qiraət zamanı sözün daxili ritmi, intonasiyanın ahəngi və mənəvi yükü vəhdət təşkil edərək ana dilinin təkcə ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın, mənəvi kimliyin və tarixi varlığın daşıyıcısı olduğunu tamaşaçıya dərin emosional təsirlə çatdırır. Beləliklə, bu poetik qiraət “Ana dilim” şeirinə yazdığım resenziyanın ideya məntiqini tamamlayaraq oxucuda bir həqiqəti bir daha möhkəmləndirir: ana dilinə sevgi yalnız hiss deyil, milli-mənəvi məsuliyyət, tarixi yaddaşa sədaqət və gələcək nəsillər qarşısında müqəddəs bir borcdur. Sözün qüdrətini sənətin gücü ilə birləşdirən bu bədii təqdimat uzun müddət yaddaşlarda yaşayan mənəvi-estetik təsir yaradaraq, ana dilinin əbədiliyinə inam hissini daha da gücləndirəcəkdir.
Racu Şıxlı
Teatr rejissoru, yazıçı-ssenarist