Bu, unudulmaz Azərbaycan yazıçısı Yusif Səmədoğlunun vəfatından sonra ilk dəfə “Azərbaycan” jurnalında işıq üzü görən sonuncu romanının adıdır. Və çoxları etiraf edər ki, hər deyəndə yada düşməyən bu ad – bu ifadə folklorumuzun dərin qatlarından gəlir: “Haşa, sevdiciyim, haşa, deyilənlər gəldi başa...” Bir qədər uzaq olduğu qədər də doğma olan bu ifadənin alt qatına varmaq üçün gərəkdir ki, “Deyilənlər gəldi başa...” romanını oxuyasan və anlayasan ki, “deyilənlər” nələr imiş... Mərhum həmkarımız Nadir Ağasıyev də bu romanı oxumuşdu, bəyənmişdi və həvəslə rus dilinə tərcümə eləyirdi ki, rusdilli oxuculara təqdim eləsin. Həm də bu tərcümə “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru Solmaz xanım İbrahimovanın sifarişi idi. Yadımdadır, təxminən iki ay çəkən tərcümə prosesində Nadir bir neçə dəfə (xeyli suallarla) mənə müraciət elədi ki, birbaşa folklordan qaynaqlanan və rusdilli Nadir üçün bir qədər qaranlıq qlan məqamları ona izah eləyim... Sevinirəm ki, bu işdə, cüzi də olsa, mən də varam. Əvvəla, ona görə ki, Nadir Ağasıyev mənim “Köçürülmə” romanımın və onlarca hekayəmin rus dilinə tərcüməçisidir. İkincisi də, Yüsif müəllimə, mən özümü, bir qələm əhli kimi borclu sayıram. Bədii yaradıcılığa yeni başladığım illər idi. “Ulduz” jurnalına, baş redaktor müavini Sabir Azəriyə “Qırmızı bantlı qoç” adında bir hekayə təqdim eləmişdim. Biz həm də ovçu yoldaşı idik. Təxminən, bir aydan sonra Sabir Azəri zəng vurub dedi ki, Yusif müəllim də “Qırmızı bantlı qoç”u bəyənib və üstəlik də, səninlə görüşmək istəyir. Yaradıcılığa təzə başlamış bir yazıçı üçün də bundan xoş xəbər ola bilərdimi?
Söhbətə başlayan kimi “Sənə “Uğurlu yol” da yaza bilərdim, – dedi, – amma “Qırmızı bantlı qoç” göstərir ki, sən çoxdan uğurlu yoldasan”. Baş redaktorun ka bi - ne tində baş tutan o gö - rüş dən yaddaşımda bir ne çə məqam qalıb. Dedi ki, bu hekayəni sətri tər - cü mə elətdir, göndər Mosk va jurnallarından bi - ri nə, mütləq çap edə cək - lər. Mən Yusif müəllimin tövsiyəsinə əməl elədim və o hekayə Moskva dər - gi lərində üç dəfə çap olun du; iki dəfə mənim “Molodaya qvardiya” nəşriyyatında çap olunan ki tab la rım - da, sonra da “Sovetski pisatel” nəşriyyatının çap etdiyi “Svidaniye na perevale” al - ma naxında. O görüşün sonunda Yusif müəllim mənim harada işlədiyimi də soruşdu, de dim ki, radioda. Gülümsündü və dedi ki, bu yaxınlarda məndən də bir müsahibə al san, tarixə düşər. Ağlıma da gəlməzdi ki, yaradıcılığına pərəstiş etdiyim bir yazıçı ilk görüşümüzdəcə mənə belə ərklə zarafat eləyər. Bəli, o zaman mən Yusif müəl li - min “İncə dərəsində yaz çağı” hekayəsinə ədəbiyyatın şedevrlərindən biri kimi ba - xır dım. S.Vurğunun “Komsomol poeması” əsasında qələmə aldığı və “Qobustan” dər gisində çap etdirdiyi “Yeddi oğul istərəm” kino-ssenarisini isə ona görə bir neçə də fə oxumuşdum ki, o, məşhur poemaya yeni istiqamət, yeni nəfəs vermişdi.
Yəqin ki, hələ çoxlarının yadında olar, səksəninci illərin ortalarında “Ədəbiyyat qəzeti” də “Litqazeta”nın “Dvenadtsat stulyev” səhifəsinə bənzər bir yumor güşəsi ilə çıxırdı və mən də bu guşənin daimi müəlliflərindən idim. Baş redaktor növbəti yazılarımdan birini – “Boz pişiyin sərgüzəşti”ni səhifədən çıxardanda gəldim Yazıçılar İttifaqına şikayətə. Elçin müəllim (o zaman Yaradıcılıq məsələləri üzrə katib idi) yazı ilə tanış olandan sonra Yusif müəllimə zəng vurub bu yazını “Ulduz” jurnalında verməsini xahiş etdi və elə həmin günün ertəsi Yusif müəllim “Boz pişiyin sərgüzəşti”ni göndərdi jurnalın növbəti nömrəsi üçün çapa... Amma burda da o hekayənin yolunu “Qlavlit” kəsdi.
O zaman Yusif müəllimin “Qlavlit”in sədri ilə əsəbi telefon mükaliməsi də yadımdadır, sonra mənə dediyi bir kəlmə söz də: “Məmməd, bu hekayət mütləq çap olunacaq”. 1991-ci ildə (o zaman biz artıq neçə illər idi ki, Yusif müəllimlə “Azərbaycan” jurnalında həm də iş yoldaşı idik) o hekayəni o, özü yada saldı və elə o günlərdə də çap üçün imzaladı.
Bəli, biz artıq çoxdan iş yoldaşı idik və o, hərdən mənə də ərklə tapşırıqlar verirdi. Və o ərkyanə tapşırıqlardan biri də M.F.Axundov adına Rus dili İnstitutunun dosenti, professor Murtuz Sadıqovun rus dilində yazılmış, Naxçıvandan Qazaxıstana bir ailənin sürgünündən bəhs edən xatirə-povesti ilə bağlı idi. Daha doğrusu, yazını rus dilindən mən çevirməli idim. O zaman, təbii ki, bu işin öhdəsindən tez bir zamanda gəldim. Amma onu da etiraf edim ki, uzun illərdən bəri içimdə dolaşan “Köçürülmə” romanını başlamağa da məni bu povest həvəsləndirdi. Murtuz müəllimlə ünsiyyətimiz isə dostluğa çevrildi və bir ildən sonra da orta məktəbi bitirən böyük qızım M.F.Axundov adına Rus dili İnstitutunda onun tələbəsi oldu.
1992-ci ilin əvvəllərində mən qəti qərara gəlmişdim ki, “Azərbaycan” jurnalından çıxım və gedib Beyləqanda fermer təsərrüfatı yaradım. Məsələni Yusif müəllimə bildirəndə soruşdu: “Mən nə kömək edə bilərəm?” Və mən Beyləqan rayon partiya komitəsinin birinci katibinə Yusif müəllimin adından, “Azərbaycan” jurnalının blankında yazdığım məktubu üzə çıxartdım. Naməni dərhal imzaladı və özünə məxsus təbəssümlə “Yazıçılar İttifaqına da hərdənbir qarpız göndərərsən” dedi. Bu, əslində onun “Uğurlu yol”u idi. Neçə illər öncə isə o, bir yazıçı kimi mənə uğurlu yol arzulamışdı. Amma yenə də yumorla, zarafatla... Mənə elə gəlir o, bu dünyaya da özünün yumor aynasından baxmağı bacarırdı. Gəlmisən, əylən, get. Haşa, sevdiciyim, haşa... Dünya bir pəncərədir...
"AZƏRBAYCAN" JURNALI №12, 2025 http://www.azyb.az/admin/media/files/1768993199-jurnal12_Layout%201.pdf